Əsas Səhifə > Siyasət > “Rusiya Qarabağı münaqişəli zona kimi saxlamaq istəyir“ - İqbal Ağazadə

“Rusiya Qarabağı münaqişəli zona kimi saxlamaq istəyir“ - İqbal Ağazadə


20-01-2021, 20:45

“Rusiya Qarabağı münaqişəli zona kimi saxlamaq istəyir“ - İqbal Ağazadə

Rusiya mənbələri vaxtilə Qarabağda 90 min erməninin yaşadığını iddia edir. Prezident İlham Əliyev isə musahibələrindən birində Qarabağda maksimum 60 min erməninin yaşadığını bildirib. Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, noyabrın 10-dan bu günədək 50 mindən çox erməni Xankəndi və digər Azərbaycan ərazilərinə köçürülüb.

Onlar Rusiya sülhməramlılarının müşaiyəti ilə Laçın dəhlizi ilə Dağlıq Qarabağa yerləşdirilir. Lakin müstəqil analitiklər bu məlumatı təkzib edir. Onlar Dağlıq Qarabağa cəmi 27 min erməninin müxtəlif yollarla qaytarıldığını və onların da 11 mininin real vəziyyətlə tanış olduqdan sonra Ermənistan döndüyünü iddia edirlər.

"AzerTaym.az" bildirir ki,məsələ ilə bağlı Yenisabah.az-a danışan Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib ki, Rusiya Qarabağı münaqişəli zona kimi saxlayıb regionda qalmaq istəyir:

“Çünki erməni olmasa, rusun orada qalmasının mənası yoxdur. Axı rusa sual verməzlər ki, nə məqsədlə orada qalırsan? Rusiya istəyir ki, daha çox adam ona bağlı olsun, bütün layihələr onun nəzarəti altında həyata keçirilsin. Ona görə də erməni əhalini Dağlıq Qarabağa köçürmək üçün maksimum səy göstərir. Çünki  44 günlük müharibə zamanı demək olar ki, əhalinin 80 faizi oradan köç edib getdi. Əslində, elə çox əhali də yox idi. Ermənilər üçün dinc dövr hesab edilən bu 27 il ərzində Xankəndinin təxminən 56 min əhalisi vardı. Hazırda onun böyük hissəsi köçüb. Rusiya onları nə qədər qaytarmağa çalışsa da, o əhalinin ən çox 60 faizini qaytara bilər, 40 faiz qəti şəkildə qayıtmayacaq. Xocavənd istiqamətində yaşayan əhalinin sayı isə təxminən 7-8 min idi, ərazinin böyük bir qismi işğaldan azad olunduğu üçün indi orada da yaşamırlar. Həmçinin Ağdərədə də çox əhali yaşamır. Əhali az yaşadığı üçün isə kommunikasiya və digər imkanlar yavaş-yavaş tükənir. Rusiya başa düşür ki, buraya ermənilər gəlməsə, yaxın 3-5 ildə çox ciddi problem yaranacaq, faktiki boş məsafələr olacaq. Ona görə də erməni əhalisini oraya köçürmək və regionda qalmaq üçün baza hazırlamaq istəyir”.

Sülhməramlılar tərəfindən Qarabağa köçürülən ermənilərin bir qisminin Ermənistana geri qayıtmasına gəldikdə isə siyasətçi vurğulayıb ki, onlar artıq məsələnin mahiyyətini dərk edir:

“Bu təhlükəsizlik məsələsi deyil. Qarabağa geri qayıdanların böyük əksəriyyəti əmlakını inventarlaşdırmaq üçün qayıdıb. Mənim onlara bir müddət əvvəl müraciətim də olmuşdu ki, əmlakınızı satıb gedin. Həmin müraciətim erməni saytlarında da verilmişdi. Ondan sonra əmlakı satışa çıxarmaqla bağlı bizim mətbuatda da informasiya getdi. Bu proses hazırda da gedir. Onlar əmlaklarını inventarlaşıdırmağa çalışırlar ki, onu satıb daha təhlükəsiz yerlərə, xüsusilə Rusiyaya və ona yaxın olan postsovet ölkələrinə köçə bilsinlər. Yəni erməni əhalisi Qarabağda qalmayacaq. Sadəcə biz biraz intensiv iş aparmalıyıq və sülhməramlıları da öz missiyalarını yerinə yetirməyə dəvət etməliyik. Bu iş üzərində bizim mətbuatın da, siyasi elitanın da ciddi basqısı olmalıdır”.

Həmsöhbətimiz diqqətə çatdırıb ki, ermənilər sülhməramlıların onların təhlükəsizliyini tam təmin etdiyinə inanmır:

“Ermənilər bir həqiqəti qəbul ediblər. Bu torpaqlarda onların hüquqi mənsubiyyəti yoxdur. Bunu artıq dərk edirlər. Əvvəllər özlərini inandırırdılar ki, bu torpaqlar onlarındır və azərbaycanlılar onlarla müharibə etməyəcək. Zaman keçdi, bunun əksini gördülər. İndi artıq torpaqların hüquqi cəhətdən onların olduğuna inanmırlar. Buna görə də heç kim o şəraitdə yaşamaq istəmir”.


Geri qayıt