Əsas Səhifə > Siyasət > “Bu, Rusiya dövlətinin erməni separatçılarına dəstəyidir“

“Bu, Rusiya dövlətinin erməni separatçılarına dəstəyidir“


22-02-2021, 13:30

“Bu, Rusiya dövlətinin erməni separatçılarına dəstəyidir“ - Deputat

1988-ci il fevralın 20-də “Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-ə verilməsi haqqında” qərar qəbul edildikdən sonra erməni separatçıları hər il bu günü qeyd edərək yürüş keçirirlər. Onlar “ənənə”lərinə sadiq qalaraq bu il də Xankəndində yürüş təşkil ediblər. Maraqlı məqam isə ondan ibarətdir ki, rus qüvvələrinin sülhməramlı kimi Qarabağda fəaliyyət göstərdiyi bir dövrdə rus keşişi də mitinq iştirakçılarından olub.

Məsələyə münasibət bildirən Milli Məclisin Xocalıdan seçilən deputatı Elman Məmmədov Yenisabah.az-a açıqlamasında bildirib ki, bu, təkcə rus sülhməramlılarının yox, bütövlükdə Rusiya dövlətinin erməni separatçılarına açıq dəstəyidir:

“Çünki keşiş oraya özbaşına gəlmir, onu göndərənlər var. Tarixdə belə bir həqiqət var ki, xristian dünyasında bünövrədən dövləti yaradan və idarə edənlər kilsələr olub. Bu gün də o proses davam edir, erməni keşişləri bütün dünya kilsələrinə şüvən qaldırıb hay-haray salırlar, “Qeyri-xristianlar bizi qırırlar, məhv edirlər, yaşamağa qoymurlar, bizə kömək edin”,-deyirlər. 1992-ci il fevralın 25-i gecəsi ermənilər özlərinin havadarları - o vaxt Xankəndidə dislokasiya olunmuş Rusiyaya məxus 366-cı alayın köməkliyi ilə Xocalıda soyqırım törətdilər və bildirim ki, ondan bir neçə gün qabaq Avropanın ən məşhur kilsələrindən birinin baş keşişi ermənilərə xaç yürüşündə uğurlar arzuladığını deyərək xeyir-dua vermişdi. Bunlar məyusedici faktlardır. İndi əgər Rusiya dövləti sülhməramlılıqla məşğuldursa və səmimidirsə, onun keşişi burada nə gəzir? Təbii ki, o dövlətin rəhbərliyinə bu sualı verəndə bir cümlə deyəcəklər: “Bizdə din dövlətdən ayrıdır, biz onlara nəzarət etmirik, onlar sərbəstdir və özləri gediblər”.

Millət vəkili hesab edir ki, səmimi, sağlam düşüncəli din xadimi gəlib terrorçuya, cinayətkara dəstək verməz. Bu proseslərin gərginləşməsinə səbəb ola bilər:

“İt qaya kölgəsində yatır, elə bilir öz kölgəsidir. Yəni ermənilər tarix boyu yatdıqları qayanın kölgəsinə ümid edib həmişə belə terrorçuluq, quldurluqla məşğul olublar. Onu bu gün də davam etdirirlər. Düşünürəm ki, din xadimi sülhə çağırış etməli və millətlər, dinlər, insanlar arasında sülhün bərqərar olmasına çalışmalıdır. 1988-ci il fevralın 20-i Dağlıq Qarabağda bir sessiya çağırıldı və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı qərar qəbul edildi. Fevralın 22-i isə dinc insanlar Ağdam istiqamətindən Əsgəran tərəfə sülh yürüşü keçirərək bu məsələlərə münasibət bildirdilər. Biz də elə ilk iki şəhidimizi orada verdik-Əli ilə Bəxtiyarı itirdik. 20  fevralın şərəfinə ermənilər o vaxtkı vilayət partiya komitəsinin qabağında mitinq keçirdikləri meydanın adını “20 fevral adına Qarabağın dirşəliş günü meydanı” qoymuşdular. Amma istəkləri gözlərində qaldı. 44 günlük müharibə onların dərsini yaxşı verdi və hələ verəcək!”.


Geri qayıt