Əsas Səhifə > Siyasət > Qalib Paşinyan da hələ “sülh partiyası” sayılmaz

Qalib Paşinyan da hələ “sülh partiyası” sayılmaz


22-06-2021, 10:19

Qalib Paşinyan da hələ “sülh partiyası” sayılmaz

Ermənistanda bölgə ölkələrinin də diqqətlə izlədiyi 20 iyun növbədənkənar parlament seçkiləri bitdi. Möcüzə baş vermədi. Ölkənin Mərkəzi Seçki Komissiyasının (MSK) dünən təsdiqlədiyi məlumata əsasən Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” Partiyası səslərin 53,92%-ni, Robert Köçəryanın “Ermənistan” bloku 21,04%, Serj Sərkisyanın “Şərəf duyuram” bloku 5,23%, “Çiçəklənən Ermənistan” Partiyası 3,96%, Respublika Partiyası 3,04%, Erməni Milli Konqresi 1,54%, “İşıqlı Ermənistan” Partiyası isə 1,22% səs qazanıb (Seçici fəallığı 49.4% olub)).

Bu, o deməkdir ki, fors-major vəziyyətlər yaşanmazsa, Paşinyan 71 deputatla təkbaşına yeni hökuməti xüsusi bir çətinlik çəkmədən formalaşdıra biləcək. Təzə parlamentə hakim partiyadan savayı Köçəryanın bloku (29 mandat) və Sərkisyanın bloku (7 yer) düşəcək...

*****

Gözlənildiyi kimi, Robert Köçəryan seçkilərin nəticələri ilə barışmağa hazırlaşmır. Bu isə öz növbəsində ölkədə yeni qarşıdurmaların anonsu hesab oluna bilər. Həm də o səbəbə ki, son seçkilər qərbyönlülərlə Rusiya yanlıların amansız və bəlkə də son rəqabəti idi. Bu rəqabətdə “sorosçu” Paşinyanın kursu böyük üstünlüklə qalib gələ bildi.

Hərçənd ilkin nəticələr bəlli olandan sonra Nikol Paşinyan “xala xətrinə” Rusiya prezidenti V.Putinə də minnətdarlıq bildirib və ölkənin Avrasiya İqtisadi Birliyi formatında Rusiya ilə strateji əməkdaşlıq kursunu davam etdirəcəyini söyləyib (yazı hazırlanarkən seçkilərin nəticələri ilə bağlı Rusiyadan pozitiv reaksiyalar gəlməyə başlamışdı ki, bu da Moskvanın Paşinyanın qələbəsini tanıyacağı anlamına gəlir).

Daxildə isə Nikol Paşinyan Köçəryan başda olmaqla radikal-revanşsit qüvvələri yəqin ki, daha inamla sıxışdırmağa davam edəcək. Öz xalqından ikinci dəfə mandat alan Paşinyan bu dəfə siyasi opponentlərə qarşı böyük ehtimalla, ehtiyatlı davranmayacaq. Heç təsadüfi deyil ki, o, son seçkiləri legitimlik (etimad) seçkiləri adlandırmışdı. Nəticələr açıqlanan kimi isə o, hakim partiyanın qərargahına gələrək, “Ermənistanda son 3 ildə inqilab ikinci dəfə qalib gəldi, ancaq bu dəfə məxməri yox, polad inqilab” deyib.

*****

Diqqətçəkicidir ki, paytaxt İrəvanda Paşinyanın partiyası yox, Köçəryanın bloku qalib gəlib. Bu da əslində ölkədə əsas “şeytan yuvası”nın hara olduğunu göstərir. Çünki Xocalı canisi, hələ də türklərə qarşı faşist, ksenofobik mövqeyini saxlayan - bunu təbliğat kampaniyası zamanı qabarıq şəkildə gördük - Robert Köçəryandan öz xalqına heç bir fayda gələ bilməz. 44 günlük müharibədəki acınacaqlı məğlubiyyətə, ölkənin düşdüyü hazırkı böhranlı duruma cavabdeh olanlardan biri və birincisi elə onun özüdür. Qarabağ klanının, “müharibə partiyası”nın apardığı 20 illik avantürist Qarabağ siyasətidir. Yaxşı ki, Köçəryan-Sərkisyan cütlüyü ermənilərin əksəriyyətinin “saqqızını” oğurlaya bilmədi.

“Ermənistanda keçirilən seçkilərin ətraflı təhlili yəqin ki, sonra veriləcək. Ancaq indidən aydındır ki, erməni xalqı ”sabiqlərin" şirin vədlərinə inanmadı və öz onurğa sütunu ilə hiss elədi ki, Robik və Serjik onların oğullarını yenidən qırğına sürükləyəcək. İnsanların əksəriyyəti rasional şəkildə qərar verdi ki, populist, demaqoq və diletant Paşik ölkəni 20 il qarət edən, ona təcavüz edən oğru və qatillərin şəxsində Qarabağ klanındən daha yaxşıdır".

“Yeni Müsavat”ın məlumatına görə, bunu politoloq Rasim Musabəyov özünün facebook səhifəsində yazıb. Razılaşmamaq çətindir.

“Ermənistan Rusiyanın iştirakı ilə Azərbaycanla sülhü seçir. Seçkilərdə 54%-lik əksəriyyət məhz Paşinyanın bu siyasətini dəstəklədi. Müharibə partiyası isə tam iflas oldu”.

Bu sözləri isə Kremlə yaxın politoloq Sergey Markov öz facebook hesabında yazıb.

“Köçəryanın bloku cəmi 21%, onun müttəfiqi Serj Sarkisyan isə 5% səs aldı. Erməni cəmiyyəti Paşinyana ikinci Qarabağ müharibəsindəki ağır məğlubiyyəti belə bağışladı. Çünki cəmiyyət daha müharibə istəmir. O, Köçəryanın müharibə çağırışlarından qorxdu. Erməni xalqı sülh proqramlarının həyata keçməsini, bütün kommunikasiyaların açılmasını istəyir, iqtisadi inkişaf istəyir. Paşinyanın qələbəsi Cənubi Qafqaz üçün yeni sülh üfüqləri açır və Azərbaycan və Ermənistan xalqlarının tarixi barışığı üçün imkanlar yaradır. Erməni cəmiyyəti faktiki surətdə Rusiyanın təşəbbüsü ilə 10 noyabr 2020-ci ildə Azərbaycanla imzalanmış müqaviləyə səs verdi. Rusiya ilə dostluqda və müharibəyə qarşı Azərbaycanla sülhə səs verdi”, - deyə Markov qeyd edib.

“İrəvandan gələn məlumatları çox yaxından izləyirik. Ermənistan MSK-sının seçkilərin baş tutması barədə məlumatını alqışlayırıq. Əlbəttə ki, Nikol Paşinyanın partiyasının inandırıcı qələbə qazandığını görürük. Kreml erməni xalqının qərarının ölkənin davamlı inkişaf yoluna çıxmasına kömək etməsini arzulayır”.

Bu da Putinin mətbuat katibi Dmitri Peskovun seçkilərin ilkin nəticələrinə verdiyi reaksiyadır. Buradaca əlavə edək ki, Rusiya nümayəndələrinin də daxil olduğu MDB Müşahidə Missiyası dünən parlament seçkilərinin azad və ədalətli keçdiyini bəyan edib. Bu, Rusiyanın da Paşinyanın qələbəsini qəbul eləməsi anlamına gəlir...

*****

Beləliklə, “müharibə partiyası” seçkilərdə məğlub oldu. 7 ay öncə müharibədə məğlub olan Paşinyanın partiyası isə qələbə qazandı. Hərgah Paşinyan komandası da “süddən çıxmış qaşıq”, yaxud “sülh partiyası”, “sülh göyərçini” sayılmaz. Bunu o, dünyaya, Qərbə hələ sübut eləməlidir. Öz qurucu və konstruktiv fəaliyyəti ilə.

Məsələ ondadır ki, seçki kampaniyası gedə-gedə də Ermənistan XİN-i bəyanatlar yayaraq, həyasızcasına Azərbaycana qarşı ərazi iddiasını dönə-dönə ortaya qoyub, “artsax ərazilərinin, Şuşanın işğal altında olduğunu” iddia edib. Bu da elə müharibə ritorikası deməkdir.

Odur ki, Paşinyanın başçılıq elədiyi qalib qüvvə rahatca “sülh partiyası” adlana bilməz. Bundan ötrü ən əvvəl Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamalı, ölkəmizin ərazi bütövlüyünü qeyd-şərtsiz tanımalıdır. Bu, həm də onun dövlət olaraq xilası üçün lazımdır. Bundan ötrü də erməni xalqına yalnız məhrumiyyətlər bəxş edən “dənizdən-dənizə Ermənistan”, “miatsum” sərsəm ideyalarından həmişəlik imtina edilməlidir.

Onsuz da bu ideyalar 44 günlük müharibə ilə dəfn edilib. Qalır sərt gerçəyi erməni xalqının da qəbullanması. Bunun üçün Nikol Paşinyan öz xalqının ona ikinci dəfə verdiyi mandatı düzgün istifadə eləməyi bacarmalıdır. Hər halda ona səs verənlər revanşzimin, müharibənin əleyhdarlarıdır. 20 iyun seçkiləri bu yöndə Azərbaycanla böyük sülh anlaşması yönündə Paşinyana yeni və unikal fürsətlər açır...

*****

Bu arada öncədən vəd elədiyi kimi, baş nazir əvəzi Nikol Paşinyan öz tərəfdarlarını paytaxt İrəvanın mərkəzi meydanına - Respublika meydanına mitinqə çağırıb. Paşinyan bildirib ki, xalq onun partiyasına “polad mandat” verib. Sitat: “2018-ci ildə ”məxməri inqilab" etdik və indi xalq bizə “məxməri” yox, “polad mandat” verdi, bu isə bizim “polad inqilab” etdiyimizi göstərir. Buna görə bütün tərəfdarlarımızı Respublika meydanına toplaşmağa çağırıram".

Qəzet çapa gedərkən Köçəryan tərəfdarları da mitinqə hazırlıq içində idi. Seçkilərdən sonra İrəvanda siyasi hərarət təzədən yüksələ bilər...
“Yeni Müsavat”


Geri qayıt