Əsas Səhifə > Siyasət > Kremlin Ermənistanla bağlı tarixi seçim anı: Moskva

Kremlin Ermənistanla bağlı tarixi seçim anı: Moskva


18-07-2021, 10:51

Ermənistanın “sorosçu” rəhbəri Nikol Paşinyan İkinci Qarabağ müharibəsindəki kapitulyasiyadan sonra da öz siyasi ampluasına sadiqlik göstərməkdədir. Paşinyan “İki stul” siyasətini, daha dəqiqi, ikili oyununu davam etdirir. Ancaq bunu indi o, bir qədər ehtiyatla, hər dəfə şimala - Rusiyaya sarı boylanmaqla edir.

Hakimiyyətdə və həyatda qalmasına görə, əslində, ən çox Rusiyaya borclu olan Paşinyan dildə tez-tez “Rusiya” desə də, hamı bilir ki, gerçəkdə o, Qərbi nəzərdə tutur. Bunu Rusiyada da bilirlər. Lakin rəsmi Kreml, Putin hələ ki onunla yola davam qərarı verib. Çünki Paşinyanın imza atdığı 10 noyabr üçtərəfli kapitulyasiya sənədinin bir sıra bəndləri icra olunmayıb. O sırada bölgədə hələ də kommunikasiyalar, nəqliyyat yolları, Zəngəzur dəhlizi İrəvanın günahı üzündən açılmamış qalır. Nikol isə seçkilərdə ikinci dəfə öz xalqından pis-yaxşı etimad mandatı alıb. Yəni yenə o, bu yazılı öhdəlikləri daha rahat şəkildə yerinə yetirmək imkanındadır.

Ancaq əfsus ki, Ermənistan rəhbərinin seçki sonrası ritorikası müharibədən əvvəlki leksikonuna oxşamağa başlayıb. Bunu onun Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə bu gün İrəvanda keçirdiyi görüşdən sonra birgə brifinqdə səsləndirdiyi fikirlər bir daha təsdiqləyir.

Belə ki, Paşinyan növbəti dəfə Azərbaycana iftira atmağa, qara yaxmağa cəhd edib, Bakını hətta üçtərəfli sazişin həyata keçməsinə, kommunikasiyaların açılmasına mane olmaqda, sərhəddə gərginlik, delimitasiya prosesinə əngəl yaratmaqda, Ermənistana ərazi iddiaları irəli sürməkdə ittiham edib. Hətta Azərbaycanı təkcə Ermənistana deyil, bütün qonşulara (İran və s.) qarşı ərazi iddiası irəli sürməkdə və bununla da “regionda sülhə böyük təhlükə yaratmaqda” ”suçlayıb. Necə deyərlər, “Oğru elə bağırdı ki...”. Yaxud “Adımı sənə qoyum, səni də yana-yana...”

Əvvəla, sual yaranır: Ermənistan öz ərazi bütövlüyü sarıdan bunca narahatdırsa, o zaman nədən rəsmi Bakının, Prezident İlham Əliyevin dəfələrlə İrəvana iki ölkənin bir-birinin ərazi bütövlüyü və suverenliyinin qarşılıqlı şəkildə tanımağa əsaslanan sülh müqaviləsi imzalamaq təklifini dəstəkləmir? Əksinə, artıq tarixin arxivinə verilmiş “status” məsələsini hər dəfə, hər fürsətdə, xüsusən də Qərb rəsmilərinin hüzurunda dilə və gündəmə gətirir, ölkəmizə qarşı açıq-aşkar ərazi iddiası mövqeyindən çıxış edir?

Elə Ermənistan XİN-in son bəyanatı, səfirləri Şuşaya səfər eləmiş ölkələrin İrəvandakı səfirlərinin Ermənistan XİN-ə çağırılaraq etiraz notası təqdim edilməsi bunun bariz sübutu deyilmi? Görəsən, bu notalar hansı beynəlxalq hüquq əsasında təqdim edilib? Beynəlxalq hüquqdan dəm vuran Paşinyan bunu izah edə bilərmi? Qısacası, bölgədə sülhə, barışa, əməkdaşlığa ən böyük təhlükəni Azərbaycan yaradır, yoxsa qonşu dövlətlərin ərazi bütövlüyünü tanımaqdan israrla boyun qaçıran, beləcə, özünün də ərazi bütövlüyünü avtomatik şübhə altına qoyan Ermənistan və onun rəhbərliyi?!

Sual ritorikdir təbii ki. Artıq buna da şübhə yox ki, rəsmi İrəvan ölkəsini ona yeni bir fəlakət vəd edən riskli bir oyuna salmaq istəyir. Barıt qoxusu verən bu oyunun qayəsində isə Qərbə, özəlliklə Fransa və ABŞ-a arxayın olmaqla, “Minsk Qrupu”nu diriltməklə və “status” adlı bəhanəni dövriyyədə saxlamaqla regionda yeni bir gərginlik ocağı yaratmaq, böyük sülhü əngəlləmək, ərazi iddiası siyasətinə yeni nəfəs vermək, sonucda isə Rusiyanı – Ermənistanın tək xilaskarını Ermənistandan çıxarmaq dayanır.

Şarl Mişelin regiona səfəri çərçivəsində Ermənistanda keçirdiyi görüşlərin nəticəsi bu xüsusda Ermənistanın Rusiyaya növbəti xəyanəti sayıla bilər. Halbuki Paşinyan hər dəfə qəliz duruma düşəndə onu Putin vəziyyətdən çıxarıb. Hərbçilər qiyam qaldıranda da məhz Kremlin, Putinin dəstəyi Nikol Paşinyanı xilas elədi. Rəsmi Moskva Rusiya yönlü qiyamçıları müdafiə eləmədi və proseslərin konstitusion məcrada getməsinin tərəfdarı olduğunu açıq şəkildə bildirməklə radikal müxalifəti yerində oturtdu. Seçkilərdən sonra isə bir qədər gec də olsa, Putin onu qələbə münasibətilə təbrik elədi, lakin legitimliyini birmənalı tanıdı.

O da faktdır ki, Kremllə yaxınlığı ilə tanınan eks-prezident Robert Köçəryan yenə məhz Putinin bəlli mövqeyinə görə Paşinyana problem yaratmağa risk eləmədi.

Ən əsası, Rusiya 44 günlük müharibədə Ermənistanı tam darmadağından xilas etdi, faktiki ipdən aldı. 20-25 min erməni hərbçisini mühasirəyə düşərək məhv olmaqdan qurtardı. Müharibədən sonra isə Qarabağda, Xankəndidə qalan erməni əhalinin problemləri bütünlüklə Rusiyanın üzərindədir. Əslində, Qarabağda erməni mülki faktorunun mövcudluğu da indi yalnız Rusiya hesabınadır. Rus sülhməramlıları olmasa, orada bircə erməni də qalmaz.

Bundan əlavə, SSRİ dağılandan bəri Ermənistanın Türkiyə və İranla sərhədlərini Rusiya sərhədçiləri qoruyur. İşğaldan azad edilmiş ərazilərdən keçən sərhədləri belə (Zəngəzur) İrəvan Rusiyanın üstünə atıb. Ötən 30 ildə Rusiya İrəvana böyük həcmdə yardımlar edib, hələ də qaytarılmayan aşağı faizli kreditlər verib, daxili bazar qiymətinə, hətta havayı silah-sursat ötürüb. Bu dəstək İkinci Qarabağ müharibəsində qeyri-leqal yollarla da olsa, davam etdirilib. Ermənistan təbii qazı Rusiyandan onun daxili qiyməti ilə alır və s.

Di gəl, nankorluğu ilə ad çıxaran toplumun nümayəndəsi, qərbçi Paşinyan qərbyönlü mövqeyinə sadiq olaraq Qərb dairələri ilə işbirliyini inkişaf etdirir. Ermənistanın NATO, Avropa Birliyi (AB) və digər Qərb təsisatları ilə ardıcıl təmasları, Paşinyanın özünün tez-tez Avropaya, Fransaya səfərləri bunu təsdiq edir.

Bu xüsusda diqqət çəkici digər məqam odur ki, Nikol Paşinyanın “ürəyini rahat boşaltdığı” Şarl Mişel də fransızdır və Fransa prezidenti Emmanuel Makronla eyni ideoloji platformadan çıxış edən şəxsdir.

Söz düşmüşkən, Avropa İttifaqı Şurasının Prezidenti İrəvandakı brifinqdə Ermənistanı məmnun edən fikirlər söyləyib. Həmin sırada o, Bakı ilə İrəvan arasında kompromis əldə olunmalı olan 4 məsələ sadalayıb ki, onlardan biri də “Dağlıq Qarabağın statusu” haqdadır. “AB ATƏT-in Minsk Qrupu çərçivəsində prosesə töhfə verməyə hazırdır”, - deyib.

AB rəsmisi brifinqdə, habelə Ermənistana “ölkə qarşısında duran ciddi problemlərin həlli üçün” Avropa Birliyinin 2.6 milyard avroluq yardım paketinin ayrılacağını təsdiqləyib. Bu, əslində, o anlama gəlir ki, AB Ermənistanda “Marşall planını” tətbiq edir və faktiki olaraq Ermənistanı satın alır. Qəribədir, Ermənistanın 30 illik işğalçı siyasətindən əziyyət çəkən, şəhər və kəndləri tar-mar edilən, əraziləri minalanan, ekologiyası korlanan, müxtəsəri, işğal nəticəsində on milyardlarla ziyana düşən ölkə Azərbaycan, Avropa Birliyi isə çoxmilyardlıq yardımı təcavüzkar Ermənistana edir, faktiki, onu yeni avantürist siyasətə şirnikləndirir. İrəvandan ən əvvəl öz qonşularının ərazi bütövlüyünü tanımağı tələb eləmək əvəzinə!..

AB-nin hədəflərdən biri də sözsüz ki, Ermənistanı Rusiya orbitindən uzaqlaşdırmaqdır. Göründüyü kimi, Nikol Paşinyanın Qərblə dərin əlaqələri və təmasları sonucda Rusiya üçün arzuolunmaz ssenarinin reallaşmasına gətirib çıxarıb. Odur ki, rəsmi Kreml üçün artıq Ermənistanla – daşınması getdikcə qat-qat baha başa gələn “qulpsuz çamadan”la bağlı qəti qərar vermək zamanı çatıb.

Hər halda, müşahidə edilən budur ki, Rusiyanın İrəvana ardıcıl dəstəyinə baxmayaraq, sonuncu Qərbə doğru irəliləməkdə davam edir. “Soros uşaqları”ndan sayılan Armen Qriqoryanın məhz Şarl Mişelin səfəri öncəsi Ermənistan XİN rəhbərinin birinci müavini təyin edilməsi (yəqin ki, az sonra nazir elə özü olacaq) bu siyasətin davamından xəbər verir.

Ermənistan ətraflında baş verən son gəlişmələr, rəsmi İrəvanın Kremlə qarşı açıq-aşkar nankorluğu və xəyanəti, Nikol Paşinyanın son açıqlamaları, nəhayət, AB-nin Ermənistanı təzədən “yığmaq” üçün hazırladığı “Marşall planı” Rusiyaya açıq-aşkar siqnallardır ki, Moskva regionla bağlı siyasətinə yenidən baxsın, bu siyasəti reallıqlara uyğun formalaşdırsın, kapitulyasiyadan sonra da “göylə gedən” İrəvanın arxasında mənasız yerə dayanmaqdan əl çəksin, Ermənistana dəstəyini dayandırsın və öz hərbi bazalarını bu ölkədən çıxarsın.

Heç şübhə eləmirik ki, Kremlin bu addımlardan hətta bir qismini atması rəsmi İrəvanı dərhal üzüyola edəcək, onu başından böyük iddialardan imtinaya vadar edəcək. Çünki Paşinyanın xam xəyallarına rəğmən, Qərb uzaqda, NATO üzvü Türkiyə ilə “bloklara qoşulmayan”, bölgənin açar dövləti Azərbaycan isə qonşuluqdadır...

Zahid SƏFƏROĞLU,(musavat.com)

Geri qayıt