Əsas Səhifə > Siyasət > İran bizdən, biz İrandan

İran bizdən, biz İrandan


20-09-2021, 00:19

Biz əlimizdə olan Azərbaycanı o zaman itirməyə başladıq ki, həssas bir dönəmdə hakimiyyətə gəlmiş qüvvələr qonşularla münasibətdə bəzən diletant mövqe tutdular, ehtiyatsız bəyanatlar verdilər ki, bu sırada İranla bağlı olanları da vardı...

Son günlər İran mövzusunu aktallaşdıran üç mühüm məsələ var. Birincisi, İranın bir ay ərzində ilk nüvə başlığı yarada biləcəyi haqda iddialardır. İkinci məsələ, bir az diqqətdən kənarda qaldı, amma fakt budur ki, İranın Çinin hegamonluq etdiyi anti-ABŞ qurumuna(baxmayaraq ki, bu təşkilatda Pakistan və Hindistan da təmsil olunur)-Şanxay Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzv olmasına qərar verildi. Üçüncü məsələ birbaşa bizə aiddir, söhbət Qarabağa qanunsuz gələn İran TIR-ları ilə bağlıdır.

Masştabına görə bizimlə bağlı məsələ bir az xırda görünə bilər, amma nəzərə alaq ki, bu problemə görə Tehranın Bakıdakı səfiri Prezident Administrasiyasında xarici siyasəti kurasiya edən Hikmət Hacıyevlə qısa müddət ərzində iki dəfə görüşdü, İran XİN-in rəsmisi isə “qonşu ölkələrin ərazi bütövlüyü bütün hər şeydən vacibdir" deyə, ardıcıl iki bəyanat verdi.

İranı Azərbaycanla bağlayan və ayıran tarixi hadisələr hamıya məlumdur. Azərbaycan hələ müstəqilliyinin rəsmən bəyan etməmiş-1989-cu ilin 31 dekabrında Naxçıvan-İran sərhəddində məlum sərhədsökmə hərəkatından sonra Tehran elə zənn etdi ki, tezliklə bu, daha əhatəli bir prosesə çevriləcək. Çünki bu elə dövr idi ki, Berlin divarları sökülməmişdi, amma bölünmüş xalqların birləşməsi prosesi başlamışdı. Azərbaycan xalqı da ilk dəfə olaraq İranla sərhəd xəttini dağıdaraq qan qardaşları ilə görüşdü. O vaxtdan çox hadisələr olub, amma adama elə gəlir ki, İran elə o sərhəd olaylarında qalıb və hələ də Azərbaycanı özünə, sərhədinə təhlükə kimi görür.

Mən şəxsən İranla bağlı tarixi unutmaq yox, bəzən hətta qəsdlə, Azərbaycana ziyana olacağını bilərəkdən “qurdalamağın” əleyhinə olmuşam. Biz əlimizdə olan Azərbaycanı o zaman itirməyə başladıq ki, həssas bir dönəmdə hakimiyyətə gəlmiş qüvvələr(AXC) qonşularla münasibətdə bəzən diletant mövqe tutdular, ehtiyatsız bəyanatlar verdilər ki, bu sırada İranla bağlı olanları da vardı. İndi onları yada salmağa gərək yoxdur. Bunlar olmasaydı belə, İran bizə qucaq açası deyildi. Amma sonrakı hadisələr göstərdi ki, İran həm də bu cür ehtiyatsız bəyanatlar səbəbindən Azərbaycanın güclənməsini istəmədi, bəzən gizli, bəzən aşkar düşmən Ermənistanın yanında yer aldı. Bu prosesin indi də davam etməsi təəssüf doğurur.

AXC hakimiyyətindən sonra həm mərhum Heydər Əliyevin Naxçıvana rəhbərlik etdiyi dönəmdə, həm Azərbaycanda hakimiyyəti illərində İranla münasibətlərdə “meriban qonşuluq” siyasəti yürüdülüb. Prezident İlham Əliyevin hakimiyyəti dövrü İranla Qərbin münasibətlərinin daha da gərginləşməsi dönəminə təsadüf etsə də, balanslaşdırılmış siyasət qorunub, hətta ən kritik zamanlarda bəyan edilib ki, Azərbaycan ərazisindən qonşu dövlətə heç bir halda hərbi müdaxiləyə yol verilməyəcək. Qarabağın işğalda qaldığı illərdə İran tacirlərinin bu ərazilərdə rahat davranışları, Tehranla Ermənistanın həm siyasi, həm iqtisadi əlaqələrinin daha da möhkəmləndirməsi faktdır. Amma bunlara rəğmən Azərbaycan prezidenti işğaldan azad Cəbrayıla ilk səfərində İranla sərhədi “dostluq sərhədi” adlandırdı. Bu əslində, bölgədə başlayan yeni bir dönəmdə İrana əməkdaşlıq, dostluq təklifi idi.

İranla Ermənistanın tarixi içərlikləri, ortaq maraqları var, bunu biz təftiş edə bilmərik. Hər bir ölkə özünə dost da, düşmən də seçməkdə azaddır. Amma bu əməkdaşlıqda Azərbaycan əleyhinə siyasət yer alırsa, biz buna qarşıyıq, buna etiraz edirik. İran maşınları Ermənistana lap uran da apara bilər, un da. Amma sən bu yük maşınlarını Azərbaycanın qanuni ərazilərinə yönləndirirsənsə, “stop” demək də, onu yoxlamaq da, geri qaytarmaq da Azərbaycanın haqqıdır. İran dünyanın gərdişini bilən dövlətdir, o halda bu sadə məntiqi anlamaq niyə çətin olsun ki? Biz heç incimirik ki, dünyaya az qala müsəlman qardaşlığı dərsi keçməyə həvəsli olan İran niyə işğaldan azad Azərbaycan torpaqlarının bərpasına yox, hələ də revanşizm, regionda gərginlik yaradan “xristian qardaşlarlarına” yardım etməyə tələsir?



İran maşınları Ermənistana lap uran da apara bilər, un da. Amma sən bu yük maşınlarını Azərbaycanın qanuni ərazilərinə yönləndirirsənsə, “stop” demək də, onu yoxlamaq da, geri qaytarmaq da Azərbaycanın haqqıdır

Tarixi qonşumuz İran təəssüf ki, az qala dünyanın yarısı ilə düşməndir. Niyə təəssüf edirik? Çünki orada milyonlarla soydaşımız var, istəyirik onlar da rahat, müharibə qorxusu ilə yaşamasınlar. Amma yenə də bu, İranın öz işidir. Bizə az qala İranla “sinxron xarici siyasət” yürütməyi məsləhət görənlərin təlimatları haradan aldıqları da məlumdur. Azərbaycan İranla münasibətləri olmayan ölkələrlə dostluq etməlidir, amma Tehran da bunu özünə dərd etməməlidir, özünə “xüsusi təhlükə” kimi  görməməlidir. Çünki Prezident Əliyev “bizim sözümüz sənəddir” deyib və buna  inanmaq və güvənmək lazımdır... 

İranın nüvə proqramı ətrafında da gərginlik artmaqdadır. ABŞ və İsrail bəyan edib ki, İran uranın zənginləşdirilməsi yönündə ciddi addımlar atıb. Rusiya mənbələri isə deyir ki, narahatlıq üçün əsas var, amma İranın nüvə silahı əldə etməsi bir neçə il çəkə bilər. İranın nüvə silahına sahiblənməsi Rusiyanın dövlət maraqlarına uyğun deyil və bu məsələni öyrənirlər, o səbəbdən mən o mənbələrə inanmağa meylliyəm. Bölgədə İran kimi ambisiyalı ölkənin arsenalında nüvə silahı olması yeni bir supergücün meydana çıxması deməkdir. Rusiya isə elə məsələn, İsrail qədər bunun baş verməsini istəmir. Məlumatlara görə, indi Rusiya “Vena prosesinin”( nüvə danışıqlarının) yenidən başlanması üçün vasitəçilik edir. İranın Prezident Putinin “izolyasiya” olunduğu bir vaxtda ŞƏT-ə üzvlüyü bu qərarın Rusiya üçün uyğun zamanda olmadığı ehtimalını da  yaradır.

 

Mümkündür ki, İran yaxın aylarda gərginliyin artacağının fərqindədir və bu səbəbdən xüsusilə Azərbaycanın mövqeyini bir daha diplomatik kanallarla dəqiqləşdirməyə çalışır. Amma bunun üçün yenə yanlış erməni ilə qol-qola taktikasını seçir...

Nazim Sabiroğlu,
Musavat.com

 

 

 

 


Geri qayıt