Əsas Səhifə > Siyasət > “Turanın yaranması bölgədə Rusiya və Çinin hegemonluğuna son qoyacaq“

“Turanın yaranması bölgədə Rusiya və Çinin hegemonluğuna son qoyacaq“


13-11-2021, 21:05

“Turanın yaranması bölgədə Rusiya və Çinin hegemonluğuna son qoyacaq“ - Sərdar Cəlaloğlu

Noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü baş tutub.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Macarıstanın Baş naziri Viktor Orban və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev iştirak ediblər. 

Qeyd edək ki, neçə vaxtdan bəridir gözlənən görüşün sonunda 7 dövlət bir araya gəldi.

Xatırladaq ki, sosial şəbəkələrdəki bir çox müşahidəçilər bu görüşü Turanın qurulması kimi də qiymətləndirir.

Bunun görüşün gələcək perspektivi nədir?

Belə bir birliyin - Turanın yaranmasına digər dövlətlərin, əsasən də Rusiya, ABŞ, Çin və Avropa dövlətlərinin münasibəti necə olacaq?

AzerTaym.az bildirir ki,məsələ ilə bağlı “Yeni Sabah”la fikirlərini bölüşən Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib ki, bu cür milli birliklər bundan qabaq da yaradılıb:

““Ərəb Birliyi”, “Afrika Birliyi”, “Amerika Birliyi” və s. Birincisi, bu beynəlxalq rezidentə əsaslanır, ikincisi, beynəlxalq ictimaiyyət belə birliklərə dəstək verməlidir, çünki dövlətlərin dağınıq şəkildə fəaliyyət göstərməsi daha çox problem yaradır, nəinki birliklər şəklində. Üçüncüsü də, əgər bu birlik, bura daxil olan dövlətlərin hür iradəsi ilə yaradılan bir təşkilatdırsa, beynəlxaq hüquqi sistemi, bərabər hüquq, suveren bərabərliyə görə, heç kəs bu birliyə daxil olan dövlətlərə söz deyə bilməz”.

Siyasətçi əlavə edib:

“O ki qaldı siyasi əhəmiyyətinə, əslinə baxsaq Turan, bölgədə Rusiya və Çinin hegemonluğunu neytrallaşdıran ən ciddi qüvvələrdən biri olacaq. Həmçinin bu Avropa və Amerikanın da maraqlarına xidmət edir. Ona görə də, hesab edirəm ki, Avropa Birliyi və Amerika buna dəstək verməlidir.

Turan məsələsinə gəldikdə isə, istəyirsiniz bunun adını Turan qoyun, istəyirsiniz başqa ad, fərqi yoxdur. Onsuz da, bu təşkilata daxil olan, yəni “Türk Dövlətləri Təşkilatı”nın üzvü olan dövlətlərin əraziləri tarixi Turan əraziləridir. İstəsəniz buna ümumi şəkildə Turan, istəsəniz də, indi yaradılmış adı - “Türk Birliyi” kimi də, çağıra bilərsiniz, çünki bu mahiyyəti dəyişmir. Bizim də maraqlarımıza daxildir ki, türk dövlətləri qurum şəklində birləşsin, hətta buraya Pakistan və Əfqanıstan da qoşulacağı təqdirdə artıq klassik Turan meydana çıxacaqdır”.

ADP sədri hesab edir ki, adın elə də bir önəmi yoxdur:

“Ola bilsin ki, üçüncü mərhələdə Turan adında bir qurum da yaradıla bilər. Sadəcə Turan adı, bu dövlətlərin vahid bir dövlətə çevrilməsini ifadə edə bilər. Əgər bu dövlətlər vahid bir dövlət, hakimiyyət altında birləşərlərsə, o zaman Turan ola bilər. Amma hazırda Turan sadəcə coğrafiyanın adıdır və bu coğrafiyada müxtəlif dövlətlər var”.

“Ən yaxşısı isə milli adımızı daşıyaraq “Türk Dövlətləri Birliyinin” içində olmağımızdır. Bu daha optimal bir seçimdir. Bu ad Turandan qat-qat yaxşıdır.

Əgər Pakistan və Əfqanıstan da bura qoşulsa, ola bilsin ki, bu təşkilat “Türk-İslam Birliyi” adlana bilər və yaxud yenə də, Turan adlandırıla bilər, bəlkə də, “Turan coğrafiyasının Dövlətlər Birliyi”. Bu da tamam normal bir haldır”, - deyə həmsöhbətimiz fikirlərini tamamlayıb.

“Turanın yaranması bölgədə Rusiya və Çinin hegemonluğuna son qoyacaq“ - Sərdar Cəlaloğlu

Geri qayıt