Əsas Səhifə > Siyasət > “Hökumətə etirazın varsa, tənqid elə: Prezidentin oğlu ilə

“Hökumətə etirazın varsa, tənqid elə: Prezidentin oğlu ilə


5-12-2022, 14:34

“Hökumətə etirazın varsa, tənqid elə: Prezidentin oğlu ilə nə işin var?!”

Müsavat Partiyasının baş müavini Osman Kazımovun sosial şəbəkə hesabında Heydər Əliyevi ailə həyatı qurması münasibətilə təbrik etməsi müxalifətin siyasi kluarlarında geniş rezonans doğurub.

 

Belə ki, siyasi mübarizəni şəxsi ədavət zəmininə keçirmək istəyən bir sıra şəxslər Osman Kazımovu məlum məsələylə bağlı təhqir etməkdən belə yan keçməyiblər.

Bu isə ağıla Azərbaycandakı siyasi mədəniyyətin hansı səviyyədə olması ilə bağlı suallar gətirir. 

Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa Yenisabah.az-a açıqlamasında deyib ki, Osman Kazımovun təbrik məqsədilə atdığı bu addım insani baxımdan olduqca doğrudur:

 

“İnsani baxımdan doğru olmayan addım, siyasi cəhətdən necə doğru sayıla bilər?! Osman Kazımova təhqirlər yağdırmaq nə qədər mədəni sayıla bilər ki?! İnsan dediyin daim başqasının xoş gününə sevinər, təbriklərini çatdırar. Özü də təbrik etdiyi şəxs ölkə Prezidentinin oğludur.

Eyni zamanda 44 günlük Vətən Müharibəsindən sonra insanlarımızın düşüncə tərzi az da olsa, dəyişməlidir. Kim bu məsələ barədə Osman Kazımovu qınayırsa, o şəxs insani hisslərdən məhrumdur. Tutaq ki, kiminsə siyasətlə qərəzliyi var, yaxud İlham Əliyevə qarşı zidd fikirdədir, amma bu, o demək deyil ki, onun xoş, sevincli günündə ona şərik olub təbrik edən insanları qınayasan. Ölkəmizdə bu cür “xəstə” insanların sayı çoxdur”.

Tanınmış hüquq müdafiəçisi Novella Cəfəroğlu isə məsələyə belə münasibət bildirib:

 

““Facebook”da bu toy barəsində gözü götürməyən insanlar tərəfindən nalayiq sözlər yazılmışdı. Osman Kazımov da onlara cavab olaraq dedi ki, hər birimizin övladı var. Hər kəsin övladı xoşbəxt olmağa layiqdir. Biri də balaca Heydər Əliyev.

Mən başa düşmürəm, bu hərəkətin nəyi pisdir axı? Şəxsən özüm də təbrik etdim. Hamımızın oğlu da var, nəvəsi də. Onların xoşbəxtliyinin müxalifətə nə dəxli qalıb ki?! Bir şey ki, bu uşaq sənə heç bir pislik etməyib. Mən cəmiyyətimizin bu qədər qəddar olmasın anlamıram. Sənə zərəri olmayan uşağa niyə xoşbəxtlik arzulamayasan axı?! Sənin hökumətə etirazın varsa, tənqid elə, danış. Prezidentin oğlu ilə nə işin var?!

Bu ədavətlərin prezidentin övladlarına dəxli yoxdur. Özləri hakimiyyətə gələ bilmir, durub qisas alırlar. Osmanı kim tənqid edibsə, çox böyük qələt edib. Mən onun tərəfdarıyam. Osman Kazımovu olduqca mədəni, oturuşun-duruşun bilən, yaxşı insandır. Ona nəsə deməyə heç kimin haqqı yoxdur!”

Əməkdar jurnalist Elçin Şıxlı isə qısa danışıb:

 

“Osman Kazımovu şəxsən tanımıram. Amma nə olsun ki, müxalifətçidir? Adamı xoş günündə təbrik edərlər də. Sabah İsa Qəmbərin də xeyir işi olan zaman durub onu da təbrik edəcəklər. Burada pis heç nə yoxdur. Başa düşülən haldır”.

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı da O. Kazımovu tənqid edənləri qınayıb:

 

“Gənclərimizin ailə həyatı qurub, xoşbəxt yaşaması hər birimizin arzusudur. Biz bu cür halları sevinclə qarşılamalıyıq. Cənab Prezidentimizin oğlunun toyuna biz birinci vitse-prezident Mehriban Əliyevanın xoş paylaşımı vasitəsilə şahid olduq. Bu, hər birimizi, bütün xalqı sevindirdi. Şəxsən mən çox sevindim. Osman Kazımovun müxalifətçi olmasına baxmayaraq, hökumətə qarşı olan bu hərəkəti alqışa layiqdir”.

Hüquqşünas Şəmsəddin Əliyev isə qeyd edib:

 

“Osman Kazımov mənim hüquqşünas həmkarımdır. Olduqca mədəni, təcrübəli, öz işini layiqincə yerinə yetirən birisidir. Müxalifət ölkədə yığışılmalıdır. Bir partiya ki, hökumətə gələ bilmir, ikihakimiyyətliliyin nə mənası var?! Tutaq ki, sənin hökumətlə ədavətin var, onun oğlunun xoşbəxtliyindən nə istəyirsən?! Siyasi məsələlərin Prezidentin övladlarına heç bir aiddiyyətı yoxdur. Osman Kazımovu kim qınayırsa, qınasın, o, onların heç birinə də fikir verməsin. Hər kəs öz əməlinin nə dərəcədə düz və səhv olduğun bilir. Hamı özünə cavabdehdir”.


Geri qayıt