Əsas Səhifə > Siyasət > PKK silahı yerə qoydu, bəs
PKK silahı yerə qoydu, bəsDünən, 13:56 |
Erməni terror təşkilatları qanlı terror aktları həyata keçirərək, yüzlərlə günahsız azərbaycanlının qanına və qətlinə bais olub.PKK-nın özünü buraxması və silahları təhvil verməsi qərarından sonra diqqətlər erməni terror təşkilatlarına yönəlib. Ötən əsrin 70-80-ci illərində bütün dünyada türk diplomatlarına, sonrakı dövrdə isə Azərbaycan vətəndaşlarına qarşı törədilmiş sui-qəsdlər, qətllər erməni terror təşkilatlarının “Hnçaq”, “Armenakam”, “Daşnaksütyun”un əməlləri olub. Ermənistanın Qarabağ bölgəsinə qarşı qanunsuz və əsassız ərazi iddialarının ortaya çıxması ilə, erməni terror təşkilatlarının fəaliyyəti Azərbaycana yönəldi. Ümumiyyətlə, zaman-zaman belə rəylər var idi ki, PKK kürdlərin deyil, ermənilərin yaratdığı terror təşkilatıdır. Təsadüfi deyil ki, bu illər ərzində PKK-nın tərkibində ermənilər həmişə çox olub. Arxiv sənədlərinə əsaslanan türkiyəli tarixçi Yusuf Halaçoğlu deyib ki, erməni terror təşkilatı ASALA-nın Türkiyədə fəaliyyətini dayandırmasından sonra PKK-nın yaradılması təsadüfi deyil. Əksinə, PKK rəhbərliyində təmsil olunanların yarıya qədərinin erməni əsilli olmaları onların Türkiyəyə qarşı düşmən kəsildiklərinin göstəricisidir. Arxiv sənədləri, hətta PKK rəhbəri Abdullah Öcalanın da erməni əsilli olduğunu sübuta yetirir. Bu isə əslində PKK ilə ASALA-nın “bir medalın iki üzü” olduğuna işarə edir. PKK silahı yerə qoydu, bəs erməni terror təşkilatları nə vaxt türk qanı tökməkdən vaz keçəcəklər? Azər Hüseynov AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov “Yeni Müsavat”a bildirdi ki, terrorizm yalnız bir zorakılıq aktı deyil, həm də ideoloji və siyasi mübarizə formasıdır: “PKK-nın ortaya çıxması əsasən Türkiyə dövlətini zəiflətmək və daxildə etnik qarşıdurma yaratmaq məqsədi daşıyırdısa, erməni terrorizmi daha qədim, ideoloji və tarixi köklərə söykənir. Osmanlı imperiyasının son dönəmlərində fəaliyyət göstərən "Daşnaksütyun" və “Hnçak” kimi təşkilatlar həm ideoloji, həm də praktiki olaraq türk-müsəlman əhalisinə qarşı nifrət və təmizləmə siyasəti yürüdüblər. XX əsrin sonlarında isə ASALA (Erməni Soyqırımı Ədalət Komandoları) kimi terror qrupları Türkiyə diplomatlarına qarşı silsilə sui-qəsdlər həyata keçirib. Bu terror dalğası, sadəcə, siyasi deyil, həm də dini motivasiyaya söykənirdi. Erməni Apostol kilsəsi özünü tarixi Bizansın və xaçlı ideologiyasının davamçısı hesab edərək, Türk-İslam kimliyinə qarşı mənəvi və ideoloji savaş açıb. Bu dərin və sistematik nifrət yalnız siyasi iddialarla deyil, dini və mədəni çərçivədə formalaşmış bir “digərini ləğv etmə” yanaşması ilə də müşayiət olunur. Bu səbəbdən erməni terrorizmi təkcə ərazi iddiası deyil, həm də Türk varlığının tarixdən silinməsi yönündə daha patoloji və nifrətyönümlü bir xətt izləyir". Siyasi şərhçi onu da qeyd etdi ki, təhlükə tam aradan qalxmayıb: “Ermənilərdə kilsənin cəmiyyətdəki güclü rolu, həmçinin tarixi zərərçəkmişlik psixologiyasından çıxmamaq inadı bu cür nifrət ideologiyalarının yaşamasına zəmin yaradır. Bu baxımdan, erməni cəmiyyətində ciddi bir daxili islahat və ideoloji təmizlənmə prosesi baş vermədikcə, bu cür terror qruplarının tamamilə yox olacağını gözləmək doğru olmaz. Türkiyə və Azərbaycan dövlətləri bu təhlükələrə qarşı yalnız hərbi və təhlükəsizlik tədbirləri ilə deyil, həm də ideoloji və təbliğat sahəsində güclü tədbirlər görməlidirlər. İctimai rəyin doğru istiqamətləndirilməsi, tarixi həqiqətlərin beynəlxalq aləmə çatdırılması və bölgədə sülh təşəbbüslərinin təşviq olunması mühüm əhəmiyyət daşıyır. Türklərlə kürdlər arasında dini, mədəni və insani bağların qorunması və inkişaf etdirilməsi PKK kimi təşkilatların arxa planını tamamilə sıradan çıxara bilər. Ermənistan və erməni xalqı isə yalnız daxili ideoloji yenilənmə yolu ilə nifrətdən qurtulub regional əməkdaşlıq platformalarına daxil ola bilər. Əks təqdirdə, erməni terrorizmi bu xalqa və bölgəyə ancaq zərər gətirməyə davam edəcək”. Əli Orucov AMİP liderinin köməkçisi, politoloq Əli Orucov hesab edir ki, PKK öz-özünü ləğv etsə də, digər PYD, YPG, PJAK, KCK və bu kimi silahlı terror təşkilatları real təhlükə olaraq qalmaqdadır: “Xüsusən də ABŞ, Qərb və İsrail tərəfindən hərtərəfli dəstək, yardım, silah, sursat alan Suriyanın Türkiyə ilə sərhədləri boyu geniş və zəngin ərazilərini nəzarətdə saxlayan PYD və YPG kimi hərbi-siyasi təşkilatlar fəaliyyətlərini davam etdirməkdədir və həmin terror təşkilatları real təhlükəli güclər olaraq qalmaqdadır. Bütün bu sadaladığımız terror təşkilatlarının tərkibində yüzlərlə, minlərlə erməni əsilli militanlar yer alır. Rəsmi təsdiq olunmayan məlumatlara görə, hətta PKKbaşı Öcalanın da erməni olduğu iddia edilməkdədir. Türkiyədə kimliyini gizlədən və kamfulyaj olunan çoxlu sayda kriptoermənilərin yaşaması halları var. Onlar da harada türkə və Türkiyəyə düşmən kəsilən təşkilat, yaxud qüvvələr varsa, həmişə onların tərkibində və ya yanında aktiv yer alırlar. Ermənilərin özləri də terror və qanlı aktlarda "ustadırlar". Onlar indiyədək Türk və Azərbaycan düşmənçiliyi aparmaqla onlarla terror və silahlı təşkilat yaradıblar. Təəssüflər olsun ki, Ermənistan bu gün də terroru dövlət siyasəti edən dövlətlərin önündə gedir. Ötən əsrin əvvəllərindən erməni terrorçuları indiyədək 200-ə yaxın diplomatın, dövlət adamının ictimai, siyasi və hərbi xadimlərinin qətllərini həyata keçiriblər. Onların içərisində ən qəddarı və ən yüksək səviyyədə təşkilatlananı ASALA və “Hnçak”dır. Həmin təşkilatların məqsədi Türkiyə və Azərbaycana qarşı terror həyata keçirmək, cəmiyyətdə xof və inamsızlıq yaratmaqdır. Daşnaksütyun partiyasının qərarı ilə 650 şəxsin “ölümə məhkum edilməsi” barədə 1919-cu ildə çıxarılan qərarla “Nemezis” adı verdikləri əməliyyatda 40-dan çox türk diplomatı, Osmalı dövlətində ən yüksək vəzifə daşıdığımız şəxsləri, o cümlədən AXC dövründə yüksək posta olanları qətlə yetiriblər. Həmin canilər böyük dövlətlər, Fransa, ABŞ tərəfindən mühafizə altına alınmış, cəza çəkmələrinə imkan verilməmişdir. Hazırda terrorçulara Ermənistanda abidələr ucaldılıb, onlara “xatirə muzeyləri” yaradılıb. Hesab edirəm ki, Qərb, İsrail və ABŞ “müqəddəs yerləri boş” buraxmayacaq və PKK-nı əvəz edən terror təşkilatlarını yenidən dövriyyə buraxacaq. Bu erməni terror təşkilatları da, dini, yaxud da başqa etnik kürd terror təşkilatları da ola bilər. Hər halda, Türkiyədə, həmçinin Azərbaycanda arxayınlıq yaranmamalıdır. Nəzərə almaq lazımdır ki, erməni terror təşkilatları ayrı-ayrı vaxtlarda qatarlarda, metropolitendə, universitetdə qanlı terror aktları həyata keçirərək, yüzlərlə günahsız azərbaycanlının qanına və qətlinə bais olublar. Terrora qarşı amansız mübarizə hər an davam etməlidir". “Yeni Müsavat” Geri qayıt |