İqtidar Qərblə ciddi anlaşma ərəfəsində: “AG İNQİLAB”...

İqtidar Qərblə ciddi anlaşma ərəfəsində: “Ağ inqilab”...

Avropa İttifaqı ilə danışıqlar masasında hansı sənəd var?; Prezident səfirlərin iştirakı ilə keçirilən tədbirdə geniş siyasi islahatların anonsunu verdi; dövlət başçısı “ bütün problemləri tez həll edək” iddiasına düşən Qərb dairələrinə Azərbaycanın yaxın qonşularının və “ərəb baharı”nın ağır sosial-siyasi nəticələrini yada salmağı tövsiyə edir; hakimiyyət iqtisadi islahatların effektinin artırılması üçün siyasi islahatların da nə qədər vacib olduğunun fərqindədir... 

 

Xəbər  verdiyimiz kimi, mayın 27-də Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə “Buta” sarayındakı rəsmi qəbulda prezident İlham Əliyev sensasion sayıla biləcək bəyanatlar səsləndirib. 
İslahatlar anonsu hələ ilin əvvəlindən verilmişdi
Öncə qeyd edək ki, dövlət başçısının ölkənin gələcəkdə həm daxili, həm  xarici siyasəti, eləcə də demokratik inkişaf yolu ilə bağlı mühüm mesajlarına əslində prezidentin hələ ilin əvvəlində səsləndirdiyi  bəyanatların davamı kimi baxmaq lazımdır. Prezident  ilin əvvəlində də ölkədəki bütün istiqamətdə olacaq islahatların “yeni formatda” davam edəcəyinin anonsunu vermişdi.  
Ötən ilin sonu və bu ilin ilk beş ayında prezident müəyyən etdiyi iqtisadi hədəflərin qarşısında bu və ya digər formada olan əngəlləri inqilaba bərabər dəyişikliklərlə, ( xüsusilə gömrük  və sahibkarlıqla bağlı) aradan qaldırdı.  O cümlədən problemli sahələrdə əsaslı struktur dəyişiklikləri, idarəetmə sisteminin yenilənməsi və şəffaf idarəçilik prinsiplərinin daha geniş formada tətbiqi ilə bağlı da fərman və sərəncamlar imzalandı.  
Prezidentin 27 mayda etdiyi çıxışda da iqtisadi islahatların davamlı olacağı fikri bir daha vurğulanıb. Amma sözügedən çıxışda ən çox diqqəti cəlb edən siyasi islahatlarla bağlı deyilənlərdir. Belə görünür ki, hakimiyyət  iqtisadi islahatların  effektinin artırılması üçün siyasi islahatların da nə qədər vacib olduğunun fərqindədir.

Siyasi islahatlara  davam, amma “tələsən həm də təndirə düşər...”

Prezidentin çıxışından əldə olunan əsas nəticə həm də budur ki,  Azərbaycana son aylarda iqtisadi dəstəyini davamlı olaraq artıran Qərb həm də siyasi islahatların genişlənməsi istəyir.  Son zamanlar hakimiyyətin siyasi məhbuslarla bağlı məsələdə sərgilədiyi humanist mövqe, üstəlik, 3500 məhbusun azadlığa buraxılmasını təmin edən amnistiya aktının da qəbulu rəsmi Bakının siyasi islahatlara da start verdiyinin bir siqnalıdır.  Burada islahatlar təkcə bir neçə siyasi məhbusun azadlığa buraxılması ilə məhdudlaşmır, keyfiyyət və idarəetmə prinsipləri baxımından bəlkə də yeni hakimiyyətin qurulmasından söhbət  gedir. Amma Qərb bu kimi məsələlərdə Azərbaycanın nə regional amilini, nə hakimiyyətdə  illərdir formalaşmış münasibətlər sistemini belə görünür ki, geniş təhlil etmir. Prezident isə məhz “bütün problemləri tez həll edək” iddiasına düşən Qərb dairələrinə  həm Azərbaycanın yaxın qonşularının,  həm “ərəb baharı”nın ağır sosial-siyasi nəticələrini yada salmağı tövsiyə edir.  
Sitata diqqət edək:  “Əgər təhlükəsizlik və sabitlik olmasa, əlbəttə ki, demokratiyadan, iqtisadi və sosial inkişafdan söhbət belə gedə bilməz və biz bunu yaxın tarixdən görürük”, deyərək, buna misal olaraq  MDB məkanındakı, Avropadakı, Yaxın Şərqdəki vəziyyəti xatırladıb: “Demokratik normalar pozulur, ayrı-seçkilik meylləri güclənir, milli-dini zəmində qarşıdurmalar, anlaşılmazlıq və müharibələr başlayır. Televiziyalardan görürük ki, inkişaf etmiş ölkələrdə nümayişçilərə qarşı necə zorakılıq tətbiq edilir. Bəziləri əvvəllər bizi ittiham etməyə çalışırdılar ki, Azərbaycanda hüquqlar pozulur, demokratiya zəifdir, burada sərbəst toplaşma azadlığı yoxdur. Əlbəttə, hər kəs bilir ki, bunun hamısı yalandır. Azərbaycanda heç kim vəhşicəsinə döyülmür, heç kim söyülmür, heç bir məhdudiyyət qoyulmur”, deyən dövlət başçısı zənnimizcə, ilk dəfə olaraq Azərbaycana yönəlik ittihamlarda ən çox rast gəlinən “avtoritarizm” ifadəsini  işlədib: “Bizə gəldikdə bu uydurma ittihamlar avtoritar rejim kimi xarakterizə edilir, ancaq demokratiyanın beşiyi sayılan ölkələrdə bu günlərdə televizordan gördüyümüz o videosüjetlər demokratiya sayılır. Necə ola bilər ki, nümayişçilər vəhşicəsinə döyülür, söyülür, təhqir edilir, bu, demokratiya hesab edilir”...
Prezident, sübhə yoxdur  ki, son günlər Avropada-özəlliklə Fransa və Almaniyada həm hökumətin qaçqın, həm də digər iç siyasətinə etiraz olaraq keçirilən nümayişlərdə polislərlə toqquşmaları nəzərdə tutur.  “Azərbaycanda sabit vəziyyət mövcuddur, xalq rahat, azad şəraitdə yaşayır, amma bu, demokratiya hesab olunmur. Bu ikili standartlar siyasətinə son qoyulmalıdır. Bu, artıq dözülməz hala gəlib çatıb”,  deyə, prezident narazılığını gizlətməyib.  
 
“Hədəf mənəm” 
Dövlət başçısı bir daha Azərbaycan hakimiyyəti ilə təzyiq dili ilə danışmağın qəbuledilməz olduğuna işarə edib. “Səbəbi odur ki, biz öz yolumuzla, müstəqillik yolu ilə gedirik. Heç bir başqa ölkənin daxili işinə qarışmırıq, heç kimi də qoymuruq ki, bizim daxili işimizə qarışsın. Bu da bəzi qüvvələr tərəfindən qəbul edilmir. Çünki onlar öyrəşiblər, başqa yerlərdə ölkələr onların iradəsi ilə idarə olunur.  Bilir ki, bizə qarşı aparılan kampaniyanın səbəbi nədir, hədəfi kimdir və hansı nəticə gözlənilir” deyən,  İ.Əliyev çox ciddi bir bəyanat da səsləndirib: “Hədəf isə əlbəttə ki, Azərbaycanın siyasi rəhbərliyidir və mənəm. Çünki mən bu ölkənin başında dayanıram və Azərbaycanın siyasətini mən müəyyən edirəm. Azərbaycanın müstəqilliyinin də qarantı mənəm və Azərbaycan xalqıdır”.
Prezidentin  Azərbaycandakı bütün səfirlərin iştirakı ilə keçirilən tədbirdə hədəf olaraq seçilməsini deməsi əlbəttə ki, xüsusi qeyd ediləsi məsələdir. Zənnimizcə, prezident İlham Əliyev ilk dəfədir ki, Azərbaycana qarşı aparılan siyasətin hədəfi kimi özünü nişan verir. Aydındır ki, hökumətin bu və ya digər siyasətinə Qərbdən gələn tənqid və qınaqlar daha çox Azərbaycanın siyasətini müəyyənləşdirən hakimiyyətə və prezidentə yönəlir. Amma İlham Əliyevin, Qərbin bütün dairələrinin “qulaqlarının” iştirak etdiyi tədbirdə, hədəf olaraq seçilməsini açıq deməsi də diqqət çəkir. “Demokratiya bizim şüurlu seçimimizdir, yolumuzdur”, -  deyən prezident  Azərbaycandan kənar iradənin təzyiqlərlə  nəyəsə nail olunmayacağını bir daha vurğulayıb.    
Azərbaycan hakimiyyətinin Qərblə münasibətlərində  6 ay bundan əvvəlki gərginlik, qarşılıqlı ittihamlar dövrü arxada qalıb. Həbsləri narazılıq doğurmuş şəxslərlə bağlı ard-arda verilən qərarlar Qərblə münasibətlərdə yeni bir mərhələnin başlandığını bir daha təsdiqləyir. Əlbəttə ki, münasibətlərdə yeni bir səhifənin başlanması təkcə dustaqlar məsələsi ilə məhdudlaşmır, məhbusların buraxılması bəlkə də bu mərhələdə böyük anlaşmanın yalnızca bir gündəm maddəsidir.
Diqqət etsək görərik ki, son aylar Bakıya şimaldan gələn yüksək rütbəli məmurları indi Avropa Birliyindən, ABŞ-dan gələn rəsmilər əvəz edir. Prezidentin aprelin əvvəlində ABŞ-da keçirdiyi yüksək səviyyəli görüşlər də Azərbaycanın təkqütblü deyil, çoxqütblü siyasətə yenidən qayıtdığının təsdiqidir. “Mən bir daha demək istəyirəm ki, demokratiya bizim şüurlu seçimimizdir, yolumuzdur. Azərbaycan bu istiqamətdə böyük uğurlara imza atıb, ancaq biz etiraf etməliyik, hələ ki, görüləsi işlər çoxdur. Heç bir cəmiyyət kamil deyil. Biz bu istiqamətdə səylərimizi davam etdirəcəyik” deyə, prezident vurğulayıb.
Dövlət başçısı  “heç bir cəmiyyət kamil deyil, biz bu istiqamətdə səylərimizi davam etdirəcəyik”, deyəndə də siyasi idarəetmədə, eləcə də demokratik institutlara əngəllərlə bağlı tənqidlərin nəzərə alınacağını  və bu istiqamətdə fəaliyyətin davam etdiriləcəyi vədini verib. Prezident daha sonra demokratik islahatların dərinləşməsi istiqamətində  real işlərin başlandığını da anons edib. 
Sitat: “Avropa ölkələri ilə də bizim əməkdaşlığımız genişlənir. Hazırda münasibətlər yüksələn xətlə inkişaf edir. Bu, bizi sevindirir, əminəm ki, Avropa qurumlarını da sevindirir. Avropa İttifaqının üzvü olan 8 ölkə ilə bizim strateji tərəfdaşlığımız haqqında sənədlər imzalanıb və ya qəbul edilib. Bu, Avropa İttifaqına üzv ölkələrin üçdə bir hissəsidir.
Azərbaycan-Avropa İttifaqı əlaqələrinin formalaşdırılması istiqamətində təkliflər indi masa üzərindədir. Ümid edirəm ki, yaxın zamanlarda ciddi danışıqlar başlanacaqdır".
 
Qərbyönümlü siyasət davam edəcək 
 
Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərində yaranmış ətalət son aylar yerini qarşılıqlı təmaslara verib. Avropa İttifaqı ilə iqtisadi əlaqələr 2016-cı ilin ilk  beş ayında nəzərəçarpacaq dərəcədə artıb.  Son rəsmi statistikada deyilir ki, Azərbaycanın xarici ticarətinin 47.5 faizi məhz Avropa İttifaqı ölkələrinin payına düşür. Bu ilin ilk dörd ayının göstəricisinə görə bu rəqəm 43 faizdir. İndi prezident bu əlaqələrin təkcə iqtisadi deyil, həm də siyasi əlaqələrlə möhkəmləncəyini də deyib. Bu, həm də  “Azərbaycan qərbyönümlü siyasətdən (burada daha çox demokratik dəyərlərdən söhbət gedir) imtina edir”, iddialarının prezident səviyyəsində yalanlanması hesab oluna bilər.  Prezidentin çıxışı siyasi sahədə də barəsində çoxdan danışılan inqilabi islahatların qapıda olduğunu açıqladı. Bəlkə də siyasi münasibətləri, müxalifət də daxil, hər şeyi yenidən - yeni səhifədən başlamaq - “Ağ inqilab” (yuxarıdan radikal dəyişikliklər) istəyi də demək olar buna...
Gerçəkləşməsindən isə yalnız və yalnız Azərbaycan qazanar...






Fikirlər