Osmanlı-kürd ittifaqı:Qaraqoyunlu, Ağqoyunlu əraziləri necə kürdləşdirildi?

sefevi

Hər hansı millətin tarixi onun keçdiyi həyat yolunun incələnməsi, milli hafizələrdə iz salmış xatirələrin gələcəyə daşınması, toplumun öz kimliyini unutmaması və başqa xalqların arasında əriyib getməməsi məqsədinə qulluq edir. 

Odur ki, tarixi araşdıranlar xüsusilə millətdaxili məsələlərdə bacardıqları qədər obyektiv olmağa çalışmalı, öz səltənəti uğrunda toplumu bir-birinə qarşı qoyan sultanların, şahların, kralların tərəfindən çıxış etməməli, nəyin bahasına olursa olsun, onlara haqq qazandırmağa çalışmamalıdırlar. Əks halda, bu, millətləri millət edən tarixi şüurun düzgün formalaşmasının qarşısını alar, bir zamanlar mövcud olan xənadanlıqların mədhiyyə əbədiyyatlarının mənasız yerə davam etdirilməsinə yol açar.

Nə yazıq ki, son zamanlar Azərbaycanda başladılan tarixə yenidən baxış kampaniyası keçmişdə yazılan mədhiyyə ədəbiyyatının bu günümüzə daşınmasından başqa bir işə yaramır. Ən təəccüblüsü isə odur ki, Azərbaycan xalqına təlqin olunan yeni tarixi şüur bizim coğrafiyamıza hökm edənlərin yox, qarşı tərəfin mədhiyyəçilik prinsiplərinə söykənir və istər-istəməz həmin tarixin qan yaddaşımızda buraxdığı acı nostalgiyaları qıcıqlandırır, strateji müttəfiqimiz olan qardaş ölkə ilə aramızdakı çatı qaşındırır, qaysaq qoparır. Və bütün bunlar, guya, potensial milli birlik naminə edilir.

Tarixi şəxsiyyətlərimizə qarşı kampaniya aparan ziyalılarımız öz məqsədlərini yenikodlaşdırılmış tarixi şüur yaratmaqla izah etməyə çalışırlar. Onların fikrincə, uzun illər əsarətində yaşadığımız rus imperiyası Türkiyə və islam dünyası ilə aramızdakı bağları qəsdən qoparmaq üçün bütünləşdirici tarixi şəxsiyyətləri deyil, ayırıcı qəhrəmanları təbliğ etmiş, bütöv bir türk millətindən müxtəlif tarixi şüura sahib fərqli xalqlar yaratmışlar. Guya, biz də buna görə, tariximizə iz salmış bu şəxsiyyətlərdən imtina etməli və Türkiyənin qəbul etdiyi rəsmi tarixi mənimsəməliyik.

Etiraf edilməlidir ki, rus imperiya siyasətinin həqiqətən də belə bir niyyətinin olduğu danılmaz faktdır. Bu baxımdan xeyli haqlı görünən sözügedən tezisin dərinliyinə endikcə isə, iddia sahiblərinin öz məqsədlərinin xilafına getdikləri, xoş niyyətlə başlatdıqları bu kampaniyada bir çox suallar, “əmma”lar ortaya çıxır.

İlk “əmma” millətlərin tarixi şüurunu zorakı metodlarla kodlaşdırmaq, mövcud yaddaşı silib yeni hafizə yaratmaq cəhdinin faşıst nəzəriyyəsi olmasıyla bağlıdır və məhz süni dəyərlərə söykəndiyinə görə də dəfələrlə sınaqdan çıxarılmasına baxmayaraq, indiyə qədər heç bir nəticə verməyib. Əksinə, eyni millətin üstün elan olunan hansısa kəsiminin təəssübkeşliyini başqalarına qəbul etdirmək cəhdi bütünləşdirici deyil, ayırıcı nəticələr doğurub. Bunun ən bariz nümunəsi son zamanlar Rusiya-Ukrayna münasibətlərində də aydın sezilir. Yeri gələndə, yaxınlıq baxımından Türkiyə və Azərbaycan türklərindən seçilməyən bu iki slavyan toplumu onlara təlqin olunan rus təəssübkeşliyi ucbatından nəinki parçalanmış, hətta bir-birinin ən qatı düşməninə çevrilmişdir. Bu iki qardaş ölkənin bir də normal əlaqələr qurmaq ehtimalı uzun əsrlər boyu, bəlkə də heç ümumiyətlə mümkün olmayacaq. Osmançılıq tarixi şüurunu Azərbaycana yaymaq istəyən qüvvələr eyni səhvin bizdə də təkrarlanmaması üçün maksimum ehtiyatlı olmalı, qaş düzəldərkən, göz çıxarmamalıdırlar.

caldiran-savasi

İkincisi, bizə təlqin olunan tarixi iddialar həqiqətə uyğun deyil və xüsusilə Səvəfi-Osmanlı münasibətlərində kimin daha türkçü, kimin antitürk olduğu barədə irəli sürülən absurd təsəvvürlərin heç bir əsası yoxdur. İlk növbədə ona görə ki, istənilən krallıq və ya şahlığın ana qayəsində mənsub olduqları millətləri ucaltmaq yox, öz sülalə hakimiyyətlərini möhkəmlətmək marağı dayanıb. Xüsusilə Osmanlı tarixinin 15-cı əsrin sonu, 16-cı əsrin əvvəlləri dönəmini incələdikcə, “məzhəb davası” pərdəsi altında Anadolu türklərinin nə qədər ağır represiyaya məruz qaldıqlarını, bu zülmə dirənmək üçün oba-oba indiki Azərbaycan ərazilərinə axışıb Səvəfi dövlətinin quruluşunda müstəsna rol oynadıqlarını görə bilərik. Bu mənada Səvəfi dövlətini yalnız Azərbaycan xalqının yox, həm də Anadolu türkünün meydana gətirdiyi bir dövlət, Osmanlı represiyalarına qarşı dirəniş qalası adlandırmaq olar. Heç uzağa getmədən, bu mövzuda ciddi araşdırmalar aparan türk tarixçi alimi professor Faruk Sümerin bir kitabının adını xatırlatmaq kifayətdir. “Səfəvi dövlətinin quruluşu və inkişafında Anadolu türklərinin rolu” adlı kitabında tarixçi heç bir  subyektiv mülahizələrə varmadan, tarixi sənədləri ortaya qoyur. Yeni millət yaratmaq istəyən “toplum mühəndisləri”nə bu kitaba heç olmasa gözucu baxmağı məsləhət bilərək, irəli sürülən digər iddialara keçməyi məqsədəuyğun hesab edirik.

Orta məktəbdə az-çox tarix dərsi oxuyan şagird belə, Qaraqoyunların ilk paytaxtının Van, Ağqoyunların paytaxtının isə Diyarbəkir olduğunu xatırlayarlar. Hər iki dövlətin oğuz-türk tayfaları tərəfindən qurulduğu da məlumdur. Paytaxt əhalisinin adətən qurucu xalqlara mənsub insanlardan təşəkkül tapdığının da uzun-uzadı izaha ehtiyacı yoxdur. Bu gün isə həmin oğuz-türkmən vilayətləri Türkiyəni bölməyə çalışan kürd separatizminin mərkəzi şəhərlərinə çevrilib. Xüsusilə Ağqoyunlu paytaxtı Diyarbəkir Ankaranın ən ciddi başağrısına çevrilib. Hər gün bu türkmən şəhərindən qara xəbərlər gəlir, türk əsgərlərinin PKK tərəfindən öldürüldüyü bildirilir. PKK açıq şəkildə bu şəhəriKürdüstanın paytaxtı olduğunu elan edir.

Sual oluna bilər: bir zamanlar Anadolu türklüyünün mərkəzi şəhərlərinə çevrilmiş bu vilayətlər birdən-birə necə türklüyə qənim kəsilən yerlərə çevrildi?

 idris-bitlisli

Bu sualın cavabı müəllif üçün nə qədər aydın olsa da, qələmə almaq bir o qədər çətindir. 500 illik məzhəb pərdəsi altında yürüdülən, 100 minlərlə insanın qətlinə, milyonlarla soydaşımızın assimilyasına yol açan səltənət davaçılarının əllərində alətə çevrilmiş türklüyün vəhdəti, böyümə idealları naminə susmağa çalışsaq da, eşələdikcə ortaya çıxan tarixi həqiqətlərdən ürəkağrıdıcı faktlar fışqırır. Çox dərinə getmədən sadəcə bir faktı diqqətinizə çatdırmaqla kifayətlənmək istəyirik.

Bundan əvvəlki yazımızda qeyd etdiyimiz kimi, əsasən Osmanlıların devşirmə siyasətinə qarşı ayaqlanan və axın-axın Azərbaycana pənah gətirən türkmən tayfalarının qurduğu Səvəfi dirənişi bu varoluş mübarizələrinin bədəllərini ağır ödəməli oldular. 1514-cü ilin avqust ayının 24-də öz səltənətinə qarşı çıxanları cəzalandırmaq istəyən Osmanlı sultanı Yavuz Səlim məşhur Çaldıran döyüşündə Şah İsmayıl Xətaini məğlub etdi. Təbrizə qədər irəliləyən sultan daha sonra Yeniçərilərin üsyanları üzündən geri qayıtmağa məcbur oldu.

Tarixçilər bu Yeniçəri üsyanının səbəbini bir neçə amillə izah edirlər. Bəzilərinə görə, üsyanın əsas səbəbi devşirilən “Avropa yetimləri"nin Çaldıran döyüşündə xeyli yorulmaları idi. Tarixi sənədlərə nəzər salanda, bu iddia o qədər də inandırıcı görünmür. Belə ki, tarixi məlumatlar Səvəfilərin 40 min, Osmanlıların isə 250 minlik orduyla bu döyüşdə iştirak etdiklərini yazırlar. Üstəlik, Osmanlı ordusu odlu silahlarla silahlanmış, Səvəfilər isə qılıncın kölgəsinə sığınmışdılar. Sözsüz ki, soyuq silaha sarılmış bir ordu özündən sayca dəfələrlə çox olan və odlu silahla döyüşən bir qüvvənin qarşısında ciddi müqavimət göstərə bilməzdi. Müxtəlif tarixçılərin itkilər barədə verdikləri məlumatlar da bu assimetrik döyüşü Osmanlı ordusunun çox əziyyət çəkmədən qazandığı göstərir: Səvəfilər 5 mindən çox əsgər itirdikləri halda, Osmanlıların itkisi 2 mini keçmirdi. Nəzərə alsaq ki, Çaldıranda Osmanlı əsgərlərinin sayı 250 min civarında idi, 2 minlik itkinin heç 1% belə olmadığı aydınlaşır. Odur ki, Çaldıranda tam və qəti qələbə qazanan Yavuz Səlim ordusunda baş verən və əldə olunan nailiyyətin taleyini həll edən Yeniçəri üsyanının əsl səbəbini ayrı mətləblərdə axtarmaq daha doğru olardı.

Zənnimizcə, bu barədə irəli sürülən ikinci versiya daha ağlabatandır. Versiyaya görə, Yeniçəriləri üsyana vadar edən səbəb ələ keçirdikləri ərazilərdə və Anadolu torpaqlarında hər an çıxa biləcək üsyan qorxusu və öz inadından dönməyən sultana bunu başa salmaq idi. Ərazidə yaşayan bütün türk boylarının ayaqlanması və işığına axışdıqları Şah İsmayıl uğrunda fədakarlığı həqiqətən də ciddi problemlər yaradardı. Bir neçə yüz il sonra Napaleonun Moskvada qarşılaşacağı acı taleyi yaşamaq istəməyən Osmanlı ordusu Təbrizi tərk edib İstanbula qayıtmalı oldu. Elə bu faktın özü o dövrdəki Anadolu və Azərbaycan ərazilərində yaşayan türklərin kimin tərəfində dayandığının ən bariz sübutudur.

kurt

Fəqət mərkəzi hakimiyyət naminə Anadoludakı türk siyasi iradəsini məhv etməyə çalışan Osmanlı imperiyası üçün təhdid aradan qalxmamışdı. Problemi kökündən həll etmək üçün Səvəfi ordusunun sosial bazasına çevrilən Anadolu türkmənləri sıradan çıxarılmalıydı. Çaldıran döyüşündən sonra Ağqoyunlu və Qaraqoyunlu türkmən tayfalarının yaşadığı ərazilərlə bağlı Osmanlı sultanlığının yürütdüyü siyasətə nəzər salanda bu siyasətin nə qədər amansız metodlarla aparıldığının şahidi oluruq.

Tarixi sənədlərə görə, Yavuz Səlim bu işi əslən Bitlis kürdlərindən olan, həm də dövrün elm adamı kimi tanınan İdris Bitlisiyə həvalə edir. İndiki Diyarbəkir ərazisinə səfər edən Bitlisi orada yaşayan 25 kürd tayfa liderləriylə görüşür və onları “qızılbaş kafirləri”ni qırmaq üçün Osmanlı ordusuna kömək etməyə razı salır. İdris Bitlisi qələmə aldığı “Səlimnamə” adlı salnaməsində bu hadisədən ağız dolusu danışaraq, bildirir ki, 25 kürd əşirətini “qızılbaşların kökünü kəsməyə” razı saldıq: “Hamısı qızılbaş birliklərinə qarşı qılınc zərbəsiylə cihad etməyə and içdilər”.

“Səlimnamə”də özünün şəxsən 40 min və ya 70 min qızılbaş türkünü öldürdüyünü də etiraf edən bu adam hazırda kürd separatçıları tərəfindən milli qəhrəman elan olunub.

Qaraqoyunlu və Ağqoyunlu ərazilərində türkmən qətliamları bununla da bitmədi. Bəlkə də qızılbaş türkmənlərinə Bitlisidən daha ağır zərbəni 30 il Osmanlı şeyxülislamı olmuş kürdəsilli Əbu Süud Əfəndi vurmuşdur. Osmanlı arxivlərində saxlanan bir sənəddə həmin şeyxülislamın ömrü boyu 3 qızılbaş türkməni öldürməyənin cənnətə getməyəcəyi barədə fitva verdiyi bildirilir. Onun 30 illik şeyxülislamlığı dövründə Anadolu türkmənlərinin qətlinin az qala mərasim halına gətirdiyi də tarixi iddialar arasındadır. Əbu Süud Əfəndidən sonra Osmanlı sədrəzəmi (indiki terminlə desək, baş nazır) olan xorvat əsilli Quyucu Murad Paşanın da 100 mindən artıq türkmənı qılıncdan keçirdiyi bildirilir.

Təbii ki, qızılbaş qətliamları təkcə adını çəkdiyimiz bu şəxslərin fəaliyyəti ilə məhdudlaşmadı. Osmanlı tarixinin bütün mərhələlərində eyni münasibəti görən qızılbaşlar Atatürkün qurduğu Türkiyə Cümhuriyyəti sayəsində ağ günə çıxa bildilər. Bu gün Anadolu ələvilərinin Atatürkü müqəddəs şəxsiyyətlər sırasında görməsinin başlıca səbəbi də budur. Amma nə yazıq ki, Atatürkə qədər olanlar olmuş, İdris Bitlisinin təbiriylə desək, “kökü qazılan” qızılbaşlar ya məhv edilmiş, ya da milli kimliklərini danaraq kürd kimi görünmək məcburiyyətində qalmışdılar.

Onların kürdləşməsinin səbəblərindən biri də Yavuz Səlimin 1514-cü ildə 25 kürd bəyi ilə bağladığı Amasiya sazişidir. Türkiyənin rəsmi tarixi bu barədə susmağa üstünlük versə də, kürd tarixçilərin bildiridiyinə görə, anlaşmada əsasən 3 maddə nəzərdə tutulmuşdu:

1. Kürd əmrlərinin muxtariyyəti Osmanlı tərəfindən qorunacaq;

2. Kürdlər bütün döyüşlərdə Osmanlılara kömək edəcək, Osmanlılar da onları xarici hücumlardan qoruyacaq;

3. Kürdlər dövlətə müəyyən bir nisbətdə vergi verəcəklər.

Göründüyü kimi, bu sazişin tələblərinə görə, qədim türkmən torpağı olan Qaraqoyunlu ərazisində yaşamaq haqqı qazanmaq üçün məcburən milli kimliyini dəyişdirməli və kürdləşməliydin. Tarixçilər şüurlu şəkildə Anadolunun bu hissəsinin kürdləşdirilməsini Səfəvi hücumlarına qarşı bufer zona yaratmaq cəhdilə izah edirlər. Tarixi sənədlər həqiqətən də bu siyasətin “uğurlu” alındığından xəbər verir.

1514-cü ilin Amasiya sazişindən sonra Uzun Həsən diyarı olan Ağqoyunlu ərazisində qurulan kürd muxtariyyəti bu tarixdən sonra Kürdüstan adlandırılır. Hazırda Topkapı sarayı muzeyinin arxivində E.11969 saylı sənəd olaraq saxlanılan hökmü-şərifə (şərəfli hökm – qanun qüvvəsində qərar) görə, “taxta kimin çıxmasından asılı olmayaraq, Kürdüstan bəylərinə göndərilən bu fərman sonsuza qədər etibarlıdır və dəyişməz bir qanun mahiyyəti daşıyır”.

Səfəvi tarixi şahların itirilən Qaraqoyunlu və Ağqoyunlu ərazilərində türkmən qətliamlarını durdurmaq üçün dəfələrlə həmin ərazilərə müdaxilə etdiyi göstərir. Məlum olur ki, bu hücumlar zamanı qızılbaşlar hər dəfə qarşısında kürd bəyləri ilə bərabər Osmanlı ordusunu görmüş və məqsədinə çatmadan geri qayıtmışdır. Bəzi kürd qaynaqları da həmin iddianı təsdiqləyərək bildirirlər:“…Sonrakı illərdə Səfəvi komandiri Qara Xan tərəfindən Diyərbəkir mühasirəyə alınır. 16 ay davam edən mühasirəyə müqavimət göstərən Diyarbəkir kürd idarəçiləri Yavuz Sultan Səlimdən kömək istəyirlər. Gələn kömək üzərinə Osmanlı-Kürdüstan qüvvələri Qara xana qarşı səkkiz ay davam edən mübarizə sonunda Səfəvi ordusunu Qızıltəpə ətrafında böyük bir məğlubiyyətə uğrayır. Kürdlərlə Osmanlının bu birgəliyi Amasya sazişinin sözdə qalmadığını və həyata keçirildiyini göstərir”.

(Mənbə: http://www.ozgur-gundem.com/haber/50940/amasya-antlasmasi-ve-ozerklik)

Bu gün yuxarıda dilə gətirilən faktlar qarşısında aciz qalan Səfəvi düşmənləri çarəni iki türk imperiyası arasında mübarizənin etnik xarakter daşımaması, məzhəb davası olmasıyla əsaslandırmağa çalışırlar. Halbuki bu iddia onların özü tərəfindən irəli sürülən Osmanlının türk imperatorluğu, Səfəvinin isə fars, Sasani hegemonluğu kimi təqdimatıyla daban-dabana ziddir.

Digər tərəfdən, Osmanlı-Səfəvi münaqişəsini də tam anlamı ilə məzhəb davası kimi xarakterizə etmək mümkün deyil.

Hətta belə olsa da, türk tarixi adıyla niyə sünnilik dəyərləri təbliğ olunur sualı ortaya çıxır. Olmaya, Azərbaycanı Yaxın Şərq cəhənnəminə çevirməkdir əsl məqsəd?Bizi narahat edən bu suala cavab verməyi Səfəvi düşmənlərinin öhdəsinə buraxırıq. Bundan sonrakı yazımızda isə Osmanlı-Səfəvi mübarizəsinin məzhəb, yoxsa hansısa sülalənin cahangirlik davası olub-olmadığını araşdırmağa çalışacağıq.






Fikirlər