İrəvandan dişsiz müharibə hədələri - Bakıdan real qisas vədi

 İrəvandan dişsiz müharibə hədələri - Bakıdan real qisas vədi

Çıxılmaza düşən təcavüzkardan absurd və təhlükəli tövr; Azərbaycanın ən optimalı sülh təklifini də düşmən davakar ritorika ilə qarşıladı; dünya praktikasında görünməmiş presedent: təcavüzkar təcavüzə məruz qalana beynəlxalq birliyi təzyiq göstərməyə çağırır 

 

Azərbaycan dövləti prezident İlham Əliyevin dilindən Qarabağ məsələsində gedə biləcəyi ən böyük güzəşti bəyan elədi - muxtar respublika, Dağlıq Qarabağdakı erməni əhalisinin təhlükəsizliyinə, iqtisadi inkişafı və rifahına zəmanət. Kifayət qədər rasional, hamını qane edəcək bu formul, ən əsası, rəsmi Bakının xoşməramlı niyyəti və sülh ritorikası, əfsus ki, yenə işğalçı tərəfdə yanlış anlaşılıb.
Əslində gözlənilən idi. Ancaq qəribəsi odur ki, Azərbaycan sülhdən, real həll variantından danışanda da ermənilər bunu süngü ucunda qarşılayır, dünyaya car çəkirlər ki, azərbaycanlılar sülh istəmir, ədalətli sülhdən danışıb real həll modeli təklif edəndə narazılıq edir, ölkəmizi qeyri-konstruktivlikdə ittiham edirlər.
***
Ermənistan rəsmiləri və ekspertlərinin Azərbaycan prezidentinin məlum fikrinə son reaksiyaları bir daha xain qonşuların əsl xislətini ortaya qoyur. Növbəti dəfə qənaət hasil olur ki, Ermənistana Dağlıq Qarabağda, bölgədə ədalətli sülh yox, aparıcı güclərin, xüsusən də Rusiyanın əlində vasitə, maşa olmaq daha sərfdir və işğalçıya qarşı real təzyiq rıçaqı işə salınmayınca (fərq eləməz, bunu Azərbaycan edəcək, yoxsa başqa güclər), problemin həlli heç vaxt yerindən tərpənməyəcək.
Azərbaycanın ən optimal sülh təklifinə də düşmən ölkədən səslənən davakar reaksiya qənaətimizə şübhə yeri saxlamır. Məsələn, Ermənistan parlamentinin vitse-prezidenti Eduard Şarmazanov Bakının sülh ritorikasına cavab olaraq, “Beynəlxalq birlik Azərbaycana pressinq tətbiq etməlidir” deyir. 
 
Image result for BMT Təhlükəsizlik Şurası
Bu, əlbəttə ki, erməni həyasızlığının zirvəsidir. Çünki məntiqlə pressinq və onun on qatı məhz illərdir BMT Təhlükəsizlik Şurasının, digər beynəlxalq təşkilatların Dağlıq Qarabağa dair qərar və qətnamələrini yerinə yetirməkdən imtina edən işğalçı tərəfə - Ermənistana tətbiq olunmalıdır. 
Amma göründüyü kimi, öz havadarlarına arxayın olan erməni yetkililəri gerçəyi, beynəlxalq hüququ baş-ayaq təqdim eləməkdə davam edirlər. Belə olmasaydı, arxadan havadarların nəfəsini hiss eləməsəydilər, Şarmazanov bu ifadəni dilə gətirməyə cürət etməzdi, ən azı ayıbına kor olardı. 
Sitat: “Beynəlxalq birlik, ilk növbədə də ATƏT-in Minsk Qrupunun həmsədrləri əllərindən gələni etməlidir ki, Vyana və Sankt-Peterburq sammitlərində əldə olunan anlaşmalar (?!-red.) reallaşsın ki, Azərbaycan belə ”cinayətkar fəaliyyətlə" (dırnaqlar bizimdir - red.) məşğul olmasın. Azərbaycanı təzyiqə məruz qoymaq lazımdır".
***
Diqqət edildi yəqin: bu, dünya tarixində görünməmiş presedentdir ki, təcavüzkar təcavüzə məruz qalana beynəlxalq birliyin təzyiq göstərməsini istəyir. Əlbəttə ki, bir daha yeri var qeyd edək ki, Ermənistanın arxasında güclü himayədarlar dayanmasaydı, heç vaxt belə absurd istəyə düşməzdi.
Image result for Sergey Minasyan
Eləcə də döyüş əməliyyatlarına çağıran erməni politoloq Sergey Minasyanın çərənləməsi eyni qəbildəndir. Sitat:“Azərbaycana qarşı yalnız bir üsulla mübarizə aparmaq olar - əgər orada əmin olsalar ki, bizim cavabımız onların hərəkətinin 3-4 misli qədər olacaq. İndi erməni tərəfdən sərt siyasi və hərbi reaksiya sərgilənməlidir”.
Belə görünür ki, düşmən rusdan 1-2 silah, ABŞ-dan isə müasir müşahidə cihazları alandan sonra aprel dərsini əməllicə unudub. Ancaq erməni tərəfi onu da unudur ki, apreldəki hərbi uğurla özünün məğlubiyyət sindromunu birdəfəlik sındırmış Azərbaycan xalqını bu kimi hərzə-mərzə sözlərlə qorxutmaq daha qeyri-mümkündür. 
Image result for Aprel Döyüşləri
Hətta erməni ekspertlərinin özləri də etiraf edir ki, böyük müharibə olarsa, “İsgəndər”lər belə Ermənistanı xilas edə bilməyəcək. Çünki Azərbaycanın budəfəki qisası, zərbəsi qat-qat ağır olacaq, nəinki apreldəki mini-savaşda düşmənə verilən dərs. Bu dəfə çətin ki, Moskva da erməni yalvarışlarına görə atəşkəsə nail ola bilsin. 
***
Odur ki, sağlam məntiq deyir ki, düşmən tərəf vaxt var ikən Azərbaycan prezidentinin son və ən ədalətli təklifini, faktiki ən böyük Qarabağ güzəştini  bir daha ciddi götür-qoy etsin. Eyforiyadan, mifik arzu-istəkdən qurtulsun. Zira, bu gün təklif etdiyimizdən sabah imtina da edə bilərik, əgər həll yolu hərbçilərin - Azərbaycan Ordusunun öhdəsində qalacaqsa. 
Əlavə edək ki, erməni tərəf çox vaxt referendum ideyasının yer aldığı “Madrid prinsipləri”ni özünəməxsus şəkildə interpretasiya edir. 
Image result for Dağlıq Qarabağ
Guya həmin prinsiplər yekun etibarilə Dağlıq Qarabağa “müstəqil dövlət” statusu  vəd edir. Hərçənd, referendum bir ideya olaraq müsbət qarşılansa da, onun real həyata keçmə mexanizminə münaqişə tərəflərinin baxışları köklü şəkildə fərqlənir - elə ona görə də sənəd halına düşməyib.
Yəni düşmən ölkədə yaddan çıxarırlar ki, “Madrid prinsipləri” hüquqi və məcburi sənəd deyil, sadəcə, indiyədək səslənən təkliflərdən biridir. Onu Azərbaycan və Ermənistan parlamentləri təsdiqləməyib. Bu təklifi Azərbaycan qəbul edə də bilər, etməyə də. Necə ki, qəbul etməyib. 
Demək, savaş variantı, işğalçıya ən böyük dərs-cəza variantı gündəmdən çıxmayıb.

 






Fikirlər