“ÖZÜNÜ DÜZ APARMAYANLAR CƏZASINI ALDI…” – Vəliyevdən Nağıyevə sərt cavab

ee1480579677

Bir müddət öncə sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev “Odlar Yurdu” Universitetinin rektoru Əhməd Vəliyev barədə mənfi ifadələr işlətmişdi.

Modern.az rektordan sabiq nazirin dediklərinə münasibət öyrənib. Ə.Vəliyev deyib ki, 1980-ci illərin sonu 1990-cı illərin əvvəllərində baş verən bütün qaynar proseslərin içində olub.

“O zamanlar texnikumda direktor vəzifəsində çalışırdım. İlk dəfə Yeni Azərbaycan Partiyasının dayaq nöqtəsini mən yaratmışam. 31 nəfər də üzvü olub”.

Rektor, vaxtilə Yeni Azərbaycan Partiyasının (YAP) yaradılan zaman gördüyü işlərdən də danışıb: “Bütün bunlara görə, az qala cəbhə hakimiyyəti bizi o zaman öldürmək istəyirdi. Təbii ki, YAP yaranandan sonra yerlərdə dayaq nöqtələrini yaratmaq zəruri idi. Həmin vaxtlar təhsil naziri məni nəzarətdə saxlayırdı.

“Ya səni tutduracağıq, ya da işdən getməlisən”-deyilirdi. Həmin vaxtlarda Müsavatın dayaq nöqtəsini yaratmaq məsələsi də gündəmə gəlmişdi. Dedim ki, Müsavatın başında dayanan kimdir?! Mən niyə görə onun üçün dayaq nöqtəsi yaratmalıyam?! Yaradıramsa, xalqımızı xoş günə çıxaracaq liderin partiyasının dayaq nöqtəsini yaratmalıyam. Rəhmətlik Fərəməz Maqsudovla gecə-gündüz qaynar proseslərdə bir yerdə olmuşam. Yaxşı ki, o zamankı hakimiyyətin ömrü az oldu. Yoxsa, bizi məhv edərdilər. Ömürləri çatmadı”.

Əhməd Vəliyev, Əli Nağıyevin barəsində dediklərinə kəskin cavab verib: “Onlar düzgün qiymət versəydilər hər şey daha yaxşı olardı. Onlar özləri çox yaxşı bilirlər ki, heç birinin iqtisadi imkanları olmayıb. O qrupda iqtisadi imkanı olan mən olmuşam. Sonra salam vermədilər. Özləri bilər. Əsas odur ki, mənə qiyməti ümummilli lider Heydər Əliyev verdi”. “Odlar Yurdu” Universitetini Heydər Əliyev verib mənə. “Odlar Yurdu” Universiteti yeganə universitetdir ki, Heydər Əliyevin razılığı ilə bütün ixtisaslar verilmişdi. Sadəcə, onu deyə bilərəm ki, kim özünü necə apardısa sonradan cəzasını aldı. Özünü düz aparmayanlar cəza aldı. Düz aparanlar isə bu gün də fəaliyyətdədir. Cənab Prezident İlham Əliyev ulu öndər Heydər Əliyev siyasətinin varisidir. O da hər şeyi bilir. Mənə elə gəlir ki, biz də bu və ya digər formada yolumuzdan dönsəydik, uduzardıq”.

 






Fikirlər