Çavuşoğlu Bakıya Kremlin mesajı ilə gəlir? – Qarabağ ətrafında yeni gəlişmə

 Çavuşoğlu Bakıya Kremlin mesajı ilə gəlir? – Qarabağ ətrafında yeni gəlişmə

Moskva və Ankaranın ortaq qayğısı – müharibə...; Az öncə “5 rayon” müjdəsi verən Türkiyənin baş diplomatının rusiyalı həmkarı ilə görüşdən dərhal sonra Bakıya uçmasının mümkün səbəbləri; rusiyalı politoloq: “Müharibəni önləmək üçün təcil addımlar atılmalıdır...” 

 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Azərbaycana işgüzar səfərə gələcək. Bu barədə məlumatlı mənbələr xəbər yayıb. Çavuşoğlunun Bakıda ölkə rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub. Bu görüşlər zamanı bütün sferalar üzrə əlaqələrin perspektivlərinin diqqət mərkəzində olacağı, həmçinin Qarabağ konflikti də daxil, regiondakı situasiyaya dair fikir mübadiləsinin aparılacağı bildirilir. 
Türkiyə baş diplomatının budəfəki Bakı səfəri onun Antalyada rusiyalı həmkarı Sergey Lavrovla görüşdən dərhal sonraya təsadüf eləməsi ilə diqqət çəkir. Xəbər verildiyi kimi, Sergey Lavrovun qardaş ölkə rəsmiləri ilə görüşündə ikitərəfli əlaqələrlə yanaşı, Yaxın Şərqdə (Suriya və s.), Güney Qafqazda vəziyyət, o sırada Dağlıq Qarabağ mövzusu müzakirə edilib. Lakin detallar açıqlanmır.
Maraqlıdır ki, danışıqların ertəsi günü Türkiyə parlamenti Rusiya ilə “Türk axını” qaz boru kəmərinin tikintisi layihəsi haqqında sazişi təsdiqləyib. Yaxın günlərdə isə qanunu prezident Rəcəb Tayyib Ərdoğan imzalamalıdır. Yəqin ki, bu xüsusda hər hansı problem olmayacaq və iki dövlət arasında iqtisadi, energetik əməkdaşlıq əlaqələri daha yüksək səviyyəyə qalxacaq.
***
İstisna deyil ki, Türkiyə XİN başçısının bugünkü Bakı səfəri öncəliklə hər iki məsələ (Qarabağ və “Türk axını”) ilə bağlı Azərbaycan rəhbərliyini məlumatlandırmaq, habelə iki qardaş ölkə üçün ortaq maraq və aktuallıq kəsb edən digər mövzulardan dolayı bir daha “saat əqrəblərini” tutuşdurmaqdır. O sırada Rusiya ilə Ermənistan arasında ortaq hərbi qruplaşmanın yaradılması haqda qərarın iki qardaş ölkənin təhlükəsizliyinə mümkün təsiri və yeni təhdidlər də diqqət mərkəzinə gətirilə bilər.
Image result for Baku
Xatırladaq ki, az öncə M.Çavuşoğlu Dağlıq Qarabağ problemindən danışarkən Azərbaycanın işğala altındakı 5 rayonun məsələsinin gündəmdə olması haqda anons vermişdi. Ardınca prezident Ərdoğan analoji ruhda açıqlama edərək, münaqişənin həllində irəliləyiş olmasının vaxtı çatdığını vurğulamışdı. Rusiya rəsmiləri, öncəliklə nazir S.Lavrov isə Ankaranın münaqişənin həllində mühüm rol oynaya biləcəyi barədə bəyanatlar səsləndirmişdilər.
Lavrovun kritik Türkiyə səfəri həm də belə nikbin bəyanatlar fonunda reallaşıb. Ola bilsin qardaş ölkənin səyləri ilə Qarabağ danışıqlarına yeni bir dinamika veriləcək. Hər necə, olmasa, növbəti və irimiqyaslı müharibə Türkiyənin də strateji maraqlarına cavab vermir, çünki o halda ən azından hazırda yüksəlişdə olan türk-rus münasibətləri və ortaq layihələr sual altına düşəcək.
***
Şübhə yox ki, bunu Rusiya tərəfi də bilir və ciddiyə alır. O üzdən Qarabağda yeni müharibənin önlənməsi indi Moskva və Ankaranın ortaq qayğısı kimi görünür. Savaşı önləməyin birinci şərti isə sülh danışıqlarında real irəliləyişə nail olmaqdan, işğal altındakı ərazilərin heç olmasa, bir qisminin qeyd-şərtsiz boşaldılmasından keçir. Bu isə təbii ki, Kremlin siyasi iradəsi, onun İrəvana təzyiqləri olmadan mümkünsüzdür. Ya da Azərbaycan özü zor gücünə işğalçını buna vadar edəcək. Üçüncü yol görünmür.
Image result for Putin
Maraqlıdır ki, bu günlərdə Rusiya prezidenti Vladimir Putinin təsdiqlədiyi xarici siyasət konsepsiyasında Dağlıq Qarabağ münaqişənin həlli Rusiyanın xarici siyasət prioritetlərindən biri hesab edilib. Sənəddə eyni zamanda qeyd olunur ki, Azərbaycan və Ermənistan heç vaxt olmadığı qədər sülhdən uzaqdır.
Belə vəziyyət şübhəsiz ki, müstəsna olaraq, işğalçı Ermənistan və onun əsas müttəfiqi Rusiyaya görə yaranıb. Çünki Azərbaycan işğala məruz qalan tərəfdir və üstəlik, beynəlxalq hüquq çərçivəsində o, ermənilərə gedə biləcəyi ən böyük güzəşti açıqlayıb - muxtar respublika statusu. Rəsmi Moskva da, İrəvan da yaxşı bilir ki, Bakının bundan o yana güzəşti mümkün deyil. Əks halda müharibə qaçılmaz olacaq.
***
Bu barədə hərbi və siyasi ekspertlərin xəbərdarlıqları artmaqdadır. Məsələn, Rusiyanın tanınmış ictimai-siyasi xadimi Mixail Belyayev “Qarabağ ətrafında buludlar yenidən qatılaşır” adlı məqaləsində yazır: “Dağlıq Qarabağda yenidən həyəcanlı proseslər baş verir. Son xəbərlər göstərir ki, atəşkəs mütəmadi olaraq pozulur, cəbhədə gərginlik davam edir”(Publika.az). 
Image result for Çavuşoğlu
Müəllif daha sonra aprel döyüşlərində Azərbaycan Ordusunun əks-hücumla bir neçə strateji yüksəkliyi azad etdiyinə diqqət çəkərək qeyd edib ki, münaqişə ətrafında vəziyyət “nə müharibə, nə də sülh” mərhələsinə keçməkdədir: “Bölgədə vəziyyət sərtləşir. Aprel hadisələrindən 8 ay ötüb, lakin danışıqlar prosesi yenidən dalandadır. İndi də məlum deyil ki, Hamburqda ATƏT-in iştirakı ilə İlham Əliyev və Serj Sərkisyanın görüşü olacaq, ya yox. Cəbhə xəttindəki kəskinləşmənin danışıqların növbəti raunduna hazırlıq dövründə baş verməsi də təsadüfi deyil. Ötən illərin təcrübəsi göstərir ki, həmişə prezidentlərin görüşləri ərəfəsində Qarabağda gərginlik artır”.
Belyayev münaqişənin həllinin Rusiyanın yeni xarici siyasət konsepsiyasında prioritetlərdən biri olduğunu qeyd edərək yazır: “Konsepsiyada həmçinin göstərilir ki, Azərbaycan və Ermənistan heç vaxt olmadığı qədər sülhdən uzaqdır. Görünür, İrəvan hakimiyyəti aprel məğlubiyyətindən sonra cavab zərbəsinə hazırlaşır. Yüzlərlə canlı qüvvə və texnika itirən Ermənistan müdafiə naziri Seyran Ohanyanı əvəz etdi. Həmçinin, Rusiyadan güzəştli kreditlə aldığı silahların yoxlanmasını keçirtdi. Bu, deməyə əsas verirdi ki, Ermənistan cəbhədə vəziyyəti öz xeyrinə dəyişmək üçün cəhd edəcək. Bu, hər şeydən əvvəl ”Qarabağ klanı"nın hakimiyyətə gətirdiyi Serj Sərkisyanın ölkə daxilində öz mövqelərini qoruması üçün lazımdır".
Müəllif ardınca Azərbaycanın öz ordusunu gücləndirmək istiqamətindəki addımlarına diqqət çəkib. “Hətta neft qiymətlərinin düşməsinə baxmayaraq, hərbi büdcəyə qənaət edilmir. Hərbi sahədə Azərbaycan-Rusiya əməkdaşlığı fəal şəkildə davam edir, Bakı Pakistan, İsrail və Türkiyədən silahlar alır. Azərbaycan bununla regional balansı öz xeyrinə dəyişdirmək prinsipində qətiyyətlidir. Hətta Ermənistanın nümayiş etdirdiyi ”İsgəndər" raketləri belə Bakını eyninə deyil. Görünən odur ki, son dərəcədə təhlükəli vəziyyət formalaşmaqdadır. Əgər Azərbaycan aprel uğurunu təkrarlasa, o zaman danışıqlarda polad iradəsini diktə edəcək və onun dediklərini ermənilərlə yanaşı, həmsədrlər də qəbul etmək məcburiyyətində qalacaqlar", - deyə müəllif vurğulayıb.
Image result for Mixail Belyayev
Rusiyalı ekspert Qarabağda tammiqyaslı müharibə versiyasının da gündəmdə olduğunu iddia edib: “Bu, hər şeydən öncə Rusiyanın ziyanınadır. Çünki müharibənin nəticəsinə uyğun olaraq ya Azərbaycan, ya da Ermənistan Rusiyadan üz döndərəcək. Ona görə də təcili bölgədə gərginliyin azaldılması üçün addımlar atılmalıdır. Bu, ən azından Qarabağ ətrafında 7 rayonun qaytarılması və Azərbaycan-Ermənistan iqtisadi əlaqələrinin qurulmasıdır. Moskva və Ankaranın Suriya məsələsində maraqlarının toqquşması, iki ölkənin Qarabağda xeyirli təsir göstərəcəyinə dair ümidləri kiçildir. Cənubi Qafqaz geosiyasi ziddiyyətlərin məngənəsinə sıxılıb və region xaosun potensial mərkəzinə çevrilib. Bu, barıt çəlləyinə partlamaq üçün kibrit yandıranlar həmişə tapılacaq”.
***
Bu xüsusda Mövlud Çavuşğolunun Bakı səfəri vəziyyətə müəyyən aydınlıq gətirə bilər. Söhbət müharibəni önləməkdən gedirsə və Kreml də bunda maraqlıdırsa, o zaman istisna deyil ki, Çauvsoğlu Bakıya həm də Moskvanın mesajı ilə gəlir.

 






Fikirlər