Qarabağ Qazisindən "balaca padşahlar"la bağlı ölkə rəhbərliyinə ŞİKAYƏT

Qarabağ Qazisindən "balaca padşahlar"la bağlı ölkə rəhbərliyinə

Mehriban ƏIliyevanın 1-ci vitse-prezident təyinatı məmur özbaşınalığından, mərkəzi və yerli icra hakimiyyəti orqanı rəhbərlərinin əndazəyə sığmayan hikkələrindən cana doymuş minlərlə vətəndaşımızın, irili - xırdalı sahibkarların öləziməkdə olan ümidlərinə yeni qığılcım verib.

İnsanlar ötənlərdə Heydər Əliyev Fondunun rəhbəri və millət vəkili kimi gördüyü çoxşaxəli xoşməramlı işləri və genişmiqyaslı ictimai fəaliyyətini nəzərə alaraq Mehriban Əliyevanın yeni statusda, yəni dövlətin ikinci şəxsi kimi məmləkət əhlinə divan tutan “balaca padşahlar”a barmaq silkələyəcəyinə ümid edirlər.
Elə Moderator.az-a daxil olan bir şikayət məktubunda da Birinci Qarabağ Savaşının qəhrəmanlarından olan müəllif Vətən qarşısnda xidmətlərini sadalayaraq qarşılğında vaxtilə fərarilik etmələrinə baxmayaraq bu gün dövlətin ən mötəbər postlarını zəbt etmiş icra başçılarına "dur" deyilməsinin zamanının çatdığını bildirir:
"Möhtərəm cənab prezident, Ali Baş Komandanım İlham Əliyev! Çox hörmətli 1-ci vitse-prezident Mehriban xanım Əliyeva!
"Mən torpaqlarımızın azadlığı uğrunda apardığımız müqəddəs savaşda bütün varlığım və Vətənə sevgimlə vuruşmuşam. Ən ağır əməliyyatlarda iştirak edərək döyüşlərdə ağır yaralanmışam, ordu komandanlığı tərəfindən cəsur döyüşçü kimi tanınmışam. İkinci qrup Qarabağ əliliyəm. Atəşkəsdən sonra Rusiyaya gedərək sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq halal yolla xeyli vəsait əldə etmişəm. Qısa müddətdə Rusiyada nüfuzlu iş adamı kimi tanınmışam və ölkənin ən strateji avtomobil yollarının tikintisində rəhbərlik etdiyim şirkət tenderlərdə qalib gələrək çox böyük işlər görüb.
Möhtərəm prezidentimiz İlham Əliyevin hakimiyyətə gəlişindən sonra onun çağırışına səs verərək Vətənə dönmüşəm və bir sıra uğurlu yol tikintisi layihələri həyata keçirmişəm. Hətta çəkdiyimiz yollardan birinin açılışında çıxış edən prezident İlham Əliyev yüksək keyfiyyətlə yolun çəkilişini məmnunluqla vurğulayaraq yerli tikinti şirkətlərinin peşəkarlığından bəhs edib.
Cənab Ali Baş Komandan! Hörmətli 1-ci vitse-prezident!
Mən də bir neçə icra başçısı tərəfindən təhdid olunuram və külli miqdarda vəsaitimi mənimsəmiş “balaca padşahlar”ın şərindən qorunmaqda acizəm. Hətta ailə üzvlərimin həyatına qəsd edilməsi problemi ilə üzləşmişəm və buna görə də təhlükəsizliyimizə təminat verilməsi üçün səlahiyyətinizdən istifadə edərək müvafiq tapşırıqlar vermənizi xahiş edirəm.
Mən sağlamlığımı itirsəm də 25 illiyini qeyd etməyə hazırlaşdığımız Xocalı soyqırımına görə qisas hissindən rahatlıq tapa bilmirəm, özüm və hərbçi övladlarım Vətən qarşısında borcumuzu son damla qanımızadək verməyə hazırıq. Heç şübhə etmirəm ki, İkinci Qarabağ savaşının bütün ağırlığı da bizlərin üzərində olacaq və bu gün bizlərə divan tuan icra başçılarının nə özləri, nə övladlrı əlinə silah alıb səngərə girməyəcəklər.
Möhtərəm İlham Əliyev və dəyərli Mehriban xanım Əliyeva!
Mən eyni zamanda məcburi köçkünəm və sahibkarlıq fəaliyyəti ilə məşğul olduğum dönəmlərdə onlarla qaçqın ailəsinin bu və ya digər sosial probleminin həllinə yardım göstərməyə tələsmişəım. Amma indi elə duruma salınmışam ki, mənim özümə yardım edilməsi zərurəti yaranıb. Halbuki bu gün mənim və mənim kimi yüzlərlə iş adamının külli miqdarda pulunu mənuimsəyərək dövlətçiliyimizin bel sütunu hesab olunan yerli sahibkarlığın, orta təbəqənin axırına çıxan icra başçıları həmin vəsaitlərimizi ödəsələr, ölkədə minlərlə yeni iş yeri açılması üçün həyata keçirməyə başladığınız “Strateji Yol Xəritəsi”nin qısa zamanda uğur qazanmasına öz töhfəmizi verə bilərik.
Biz Sizə inanır və güvənirik. Biz Sizin ölkənin qara yarasına çevrilmiş məmur özbaşınalığına qarşı amansız mübarizəyə start verəcəyiniz günü səbrsizliklə gözləyirik. Millət və dövlətçiliyimizin inkişafı yolundakı şərəfli, ağır və məsuliyyətli işlərinizdə Ulu Tanrı Yardımçınız olsun!"






Fikirlər