Saxta vətənpərvərlik və Putinin "şanssız" NAMİZƏDLƏRİ..

Rusiyada prezident seçkiləri bizdən əvvəl keçiriləcək və Vladimir Putinin 2024-cü ilə qədər prezident olacağı Allahın xüsusi müdaxiləsi olmadığı halda qaçılmazdır.

Hələ demirik ki, 2030-cu ilə kimi prezident postunda oturmaq Putinin hədəfidir  və apardığı siyasətdən də bunu görmək çətin deyil. Amma, buna baxmayaraq Putini ona qarşı  açıq mübarizə aparanlar yox (onsuz da onlar zəifdirlər) iştahı diş altında olanlar maraqlandırır və hərdən növbəti seçkilərdə namizədliyini verəcəyi barədə suallara  qeyri-müəyyən cavablar sərgiləməklə gizli niyyətləri üzə çıxarmaq istəyir. 

Amerika sanksiyalarının intensivləşdiyi bir zamanda saray daxilində qruplaşmalar arası qarşıdurmalar haqqında tez-tez mətbuata informasiyalar sızdırılır.  Məqsədimiz Rusiyadakı seçkilər ərəfəsi siyasi durumdan bəhs etmək deyil. Sadəcə son günlər mediamızda bəzi adamların adlarının hallandırılması ilə Rusiyanın ölkəmizdə keçiriləcək seçkilərlə bağlı təzyiqlərindən bəhs edən yazılara, fikirlərə münasibət bildirmək istəyirik.  
Yəni, Rusiya Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar hələ tam təzyiqə keçməyib, sadəcə Rusiya öz seçkilərinə hazırlaşanda da öz seçkiləri üçün də bizdən istədiyini, tələb etdiyini almaq üçün hərdən sərt sifətini nümayiş etdirir və son aylarda XİN-in Azərbaycana yönəlik bəyanatlarında bunun şahidi olduq. Rusiyanın Azərbaycana təzyiq vasitələri çoxdur və elə düşünülməsin ki, bu təzyiq  seçkilər ərəfəsində mütləq hansısa namizədlə özünü göstərəcək. Namizəd olmayacaq! Amma, gəl bizdəki vəziyyətə bax...                 
Elə bil beş il bundan öncədir. Yenə qəzetlər, saytlar səhifə-səhifə yazılar verir ki, Abbas Abbasov prezident olmaq istəyir, Fərhad Əhmədov milyarderdir və Rusiyanın dostudur, İlham Rəhimov da Putinin dostudur, Rəsul Quliyev fəallaşıb, “beşinci kalon” gizli namizədin arxasındadır və sairə bu qəbildən olan yazılar 2013-cü il prezident seçkiləri ərəfəsini xatırladır. Ekspertlər həyəcan təbili çalır, partiya sədrləri, müxalifət  proqnozlar verib  xarici müdaxilə (?!) qarşısında  birlik nümayiş etdirməkdən danışırlar. Beş il bundan əvvəl də Rusiyadakı diaspora liderliyi uğrunda gedən mübarizə Azərbaycanın prezidentliyi uğrunda mübarizənin tərkib hissəsi kimi dəyərləndirildi. Olmayan “Milyarderlər İttifaqı”nın(bu adı bizim media vermişdi) namizədi kimi ortaya müxalifətin namizədi çıxmışdı, sonu məlum oldu, çünki belə sonluğu Rusiya da bilirdi, Azərbaycan da. Rusiyanın seçkilər ərəfəsi təzyiqinin olduğu məlum məsələdir və nə istədikləri də sirr deyil. Beş il əvvəl istəkləri təmin olundu, indi də elə bir imtina gözlənilmir...
Tez-tez Rusiyada yaşayan bəzi məşhur personaların prezidentliyə namizəd veriləcəyi barədə informasiyalara rast gəlirik və ən çox adı hallanan da Abbas Abbasovdur. Bu şəxsin diaspora ilə bağlı atdığı hər hansı bir addımı da prezidentliyə hazırlaşmaq kimi yozulur. Amma, bu məlumatları nə qədər eninə-boyuna tirajlamağa çalışsalar da Abbas Abbasovun Azərbaycan prezidentliyinə heç vaxt namizədliyini irəli sürmək haqqı yoxdur. Bunu biz yox, Azərbaycan Konstitusiyası deyir. 
Azərbaycan Konstitusiyasının 100-cü maddəsində göstərilir: 
“Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının Prezidenti seçilə bilər.” 
Yadınıza salaq ki, 2013-cü ildə MSK Rüstəm İbrahimbəyovun namizədliyini qeydiyyata almayanda əsas kimi”.., R.İbrahimbəyov son 10 il ərzində (24 avqust 2003-cü il – 24 avqust 2013-cü) Azərbaycan Respublikasının ərazisində cəmi 1163 gün (2003-cü ildə 40 gün, 2004-cü ildə 84 gün, 2005-ci ildə 135 gün, 2006-cı ildə 108 gün, 2007-ci ildə 97 gün, 2008-ci ildə 134 gün, 2009-cu ildə 189 gün, 2010-cu ildə 146 gün, 2011-ci ildə 101 gün, 2012-ci ildə 108 gün, 2013-cü ildə 21 gün) olmuşdur...” məntiqini əsas götürmüşdü. Əlavə olaraq Konstitusiya Məhkəməsinin 1avqust 2003-cü ildə qəbul etdiyi Qərarda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 100-cü maddəsinin «...başqa dövlətlər qarşısında öhdəliyi olmayan...» müddəasının hüquqi mənası vətəndaşın xarici dövlətlərlə bağlılığına və onlardan asılılığına səbəb olan münasibətlərin mövcudluğu ilə əlaqədar yaranan öhdəliklərinin olmamasını ehtiva edir.
Belə öhdəliklər uzun müddət ərzində xaricdə yaşamaqla bağlı əmələ gələn davamlı, möhkəm və sabit münasibətlərin mövcudluğuna səbəb olan qeydiyyat, vergi, ölkə ərazisini müəyyən müddətdən artıq tərk etməmək və s. kimi, habelə siyasi hüquqi və bu cür digər öhdəliklər də ola bilər”. 
Adları çəkilən “namizədlərin” hər birində ən azı”qeydiyyat və vergi” öhdəliyi var. Gördüyünüz kimi Azərbaycan qanunları Abbas Abbasovun, Rəsul Quliyevin, Fərhad Əhmədovun və bu qəbildən olan “iddialıların” qarşısında səddir. Bunu Rusiya da bilir, Azərbaycan da . Ona görə də bu şəxslərin adının hallanması və ətraflarında hay-hüy salınması cəmiyyəti əsl məqsəddən yayındırmağa, saxta vətənpərvərliyə hesablanıb...
 Burda düşündürücü olan başqa tərəf var. Niyə Azərbaycan cəmiyyətində xaricdən, daha çox Rusiyadan dəstəklənən, “Rusiyanın adamı” olan şəxslərə xüsusi ümid və simpatiya var? Bu hamıda olmasa da, belə bir tendensiyanı dəstəkləyənlərin az olmadığı da reallıqdır.  Və bu gün Azərbaycan siyasətindəki rəsmi müxalif qüvvələrin arxasınca gedənlər azlıq təşkil edər, nəinki Rusiya kimi bir ölkənin müdafiə etdiyi hansısa siyasi fiqurun, varlı şəxsin, hətta dilimizi bilməyənlərin arxasınca  gedənlər. Üstəgəl, o namizədin siyasi nüfuzunun olub - olmaması da adamları maraqlandırmır. Cavab çox sadədir: Cəmiyyətin ənənəvi müxaliflərə inamı demək olar ki, itib və neçə illərdir görmədikləri nəticəni Rusiya kimi kənar qüvvənin dəstəyilə ortaya çıxan şəxsin simasında axtarırlar, hətta birdən məlum olsa ki, o inanmadıqları hansısa müxalifət liderini Putin hakimiyyətə gətirmək istəyir, bayaqdan söydükləri şəxsə ümidlə baxacaqlar. Amma, belə bir siyasi dönüş gözlənilmir və dövlət başçısının dediyi kimi “Putin satmaz” və “Putinin 2030-cu ili” kimi, hakimiyyətin də ən azı daha bir müddət iqtidarda olmaq hədəflərinin olduğu minimum plan kimi görünür. Rusiya çox yaxşı bilir ki, Azərbaycanda mövcud siyasi hakimiyyətdən başqa onu dəstəkləyən alternativ siyasi qüvvə və lider yoxdur. Ona görə də Abbasov, Quliyev, Əhmədov kimi adamların adının hallandırılması mənasız söhbətdir. Neçə ki, Rusiyanın əlində Qarabağ kimi təzyiq vasitəsi var, şanssız namizədlərə üz tutası deyil. Bu vəziyyət iqtidarı da qane edir, ona görə ki, “Rusiyanın adamı” seçkilər ərəfəsi nə qədər müzakirə olsa Qərbin bu seçkilərə marağı demək olar ki, barmaqarası olcaq. Qərb marağını itirəndə seçkiləri tənqid edən ciddi siyasi qüvvə də olmayacaq. Buna görə Abbasovun, Əhmədovun, Quliyevin adının sonadək hallanması hakimiyyət üçün  əlverişlidir və son anda nə ilə cavab verəcəyini yuxarıda qeyd etdik.
Yeri gəlmişkən, heç Qərbin də növbəti seçkilərdə dəstəkləyə biləcək namizədi yoxdur və bu gedişlə gözlənilmir də... Bu ayrı mövzudur və gələcək təhlillərimizdə bundan bəhs edəcəyik. Moderator.az 
 






Fikirlər