KREMLİN 2018 mart hƏDƏFİ - Bakıya SÜRPRİZ edilə bilər

İntriqalı seçkiyə 5 ay qalmış: şimaldan mühüm gözlənti; Putin gələn il hakimiyyəti saxlamaq üçün seçkilərədək PR işini gücləndirmək zorundadır - həm daxili, həm də xarici siyasətdə; “Yaxın xaric” ölkələrindən Azərbaycan məxsusi “diqqət”də olacaq, çünki...

Rusiyada yeni qaydada keçiriləcək kritik prezident seçkilərinə təxminən 5 ay qalır. Gələn ilin martında baş tutacaq seçkilərin əsas özəlliyi həmin seçkinin qalibi olacaq şəxsin prezidentlik müddətinin 6 il (bir dəfə) olması ilə bağlıdır. Yəni Rusiya keçənilki konstitusiya dəyişikliklərindən sonra ilk dəfə 6 illik prezidentlik dönəminə qədəm qoyacaq.

2018-ci il mart seçkilərini intriqalı edən birinci məqam məhz budur. Təbii ki, bunca böyük müddətə Rusiya kimi dövlətə rəhbərliyi Kremlin hazırkı başçısı Vladimir Putin heç kimlə, hətta tələbə yoldaşı və dostu, indiki baş nazir Dmitri Medvedevlə də bölüşmək istəməz. Bir neçə səbəbdən.

Əvvəla, indiki Rusiya 2000-ci ildə Boris Yeltsinin “xeyir-duası” ilə qəfildən hakimiyyət olimpinə yüksəlmiş sonuncu KQB mogikanı Vladimir Putinin “şah əsəri”dir. Bu “əsəri” isə o, belə görünür, hələ tamamlamayıb. Başqa sözlə, Rusiyanı dünyanın 1 nömrəli dövləti ABŞ kimi qlobal söz sahibi edə bilməyib. Yəni davam edən siyasi ambisiya məsələsi.

Image result for Putin

İkincisi, məhz Putinin dönəmində Rusiyada mərkəzdən qaçma meyilləri (Tatarıstan, Çeçenistan) dayandırılıb və hətta ölkənin ərazisi Krımın hesabına zorla genişləndirilib. Hərçənd bunun qarşılığında ölkə Qərbin sərt sanksiyaları ilə üzləşib ki, bu da yekun etibarilə rusiyalıların həyat səviyyəsinə mənfi təsir edib və edir.

Üçüncü amil də elə budur ki, Putinin hakimiyyətdən getməsi ilə sadalanan problemlər yenidən gündəmə qayıda, üstəlik, onun özünə və komandasına qarşı sərt ittihamlar ortaya çıxıb rəsmiləşə bilər. Yəni əhalinin bunca sıxıntılı duruma düşməsi üçün həmin addımlara getməyə, xarici siyasəti aqressivləşdirməyə, bahalı Suriya böhranına girməyə dəyərdimi?

Qısası, prezident olmayacağı təqdirdə Putinə xeyli suallar ünvanlanacaq. Bura onun iqtidarı dönəmində ölkədə korrupsiyanın, işsizliyin səviyyəsinin daha da artmasını, demoqrafik durumun (əhalinin artım tempinin, doğum faizinin) isə aşağı düşməsini, nəhayət, Rusiya oliqarxiyasında Qərbin iqtisadi-maliyyə sanksiyalarından dolayı Putinə qarşı formalaşan gizli qəzəbi də əlavə eləsək, indiki Kreml başçısının hakimiyyəti öz əlində saxlaması üçün motivləri xeyli artmış olar.

*****

Doğrudur, Putin hələ də seçkilərə qatılacağı barədə qəti fikir söyləməyib. Lakin bu, yüzdə yüz siyasi manevrlərlə, bir də özünü indidən hansısa daxili və xarici çevrələrin hədəfinə gətirməmək istəyi ilə bağlıdır.

O da var ki, Putinin reytinqi son vaxtlar ölkədə aşağı düşüb. Bu da öncəliklə əhalinin sosial-iqtisadi durumun bəlli səbəblərdən (sanksiyalar, korrupsiya, neftin ucuzlaşması, məmur səriştəsizliyi və s.) pisləşməsi ilə əlaqələndirilir.

Image result for kreml

İstisna deyil ki, Kreml rəhbəri bu üzdən namizədliyini indidən elan edib qıcıq yaratmaqdansa, seçkilərədək əhalinin maddi durumunu qismən yaxşılaşdırmaq üçün hansısa işlər görüb öz laxlamış imicini “gümrahlaşdırmaq” niyyətindədir. 

İmici yaxşılaşdırmaq üçünsə Putinə seçkilərədək xarici siyasətdə, o sırada “Yaxın xaric”ə ünvanlı siyasətdə də hiss ediləcək yeni uğurlar qazanmaq gərəkir. Söhbət həm də Kremlin Avrasiya layihələrindən və NATO-nun (ABŞ-ın) Rusiyanın perimetri boyu möhkəmlənməsini önləməkdən  gedir.

*****

Konkret olaraq Cənubi Qafqazda Ermənistan artıq Moskvanın ovcunun içindədir. Həmçinin Gürcüstan ərazisində, Tiflisin 70 km-də (Abxaziya, Cənubi Osetiya) Rusiya hərbi qruplaşmaları qərar tutub. Qalır Azərbaycan. Böyük ehtimalla Putin öz imicini “formada” saxlamaq və gücləndirmək üçün hər üç postsovet ölkəsi ilə bağlı daha aktiv, yeri gələndə hətta sərt siyasət izləyəcək.

Image result for Baku

Azərbaycana gəlincə, ola bilsin, Qarabağ məsələsində hansısa simvolik irəliləyiş (bir neçə rayonun azad edilməsi qarşılığında) Kreml Qarabağda sülhməramlı adı altında öz hərbi kontingentini yerləşdirmək və Azərbaycanın Avrasiya Birliyi və Gömrük İttifaqına qoşulması üçün Bakıya diplomatik təzyiqləri artırsın, daha israrlı tövr sərgiləsin.

Ayrı sözlərlə desək, seçkilərədək Azərbaycan, yəqin ki, Putinin məxsusi “diqqətində” olacaq. Nəzərə alsaq ki, gələn il (oktyabr) Azərbaycanda da prezident seçkiləri keçiriləcək, o zaman Moskvanın  bu “diqqəti” rəsmi Bakı üçün ikiqat önəm daşıyacaq və bəzi başqa təhdidləri də özündə ehtiva edə bilər (Misal üçün, “Milyarderlər ittifaqı” ilə bağlı “təcrübə”ni yada salmaq olar).                

*****

Əlbəttə ki, Putin Ermənistanı da “unutmayacaq” və gələn ilin martından sonra da Kremldə qalmaq üçün satelliti ilə bağlı da müəyyən planlar həyata keçirməyə çalışacaq. Rusiyalı analitiklərin bu xüsusda fikirləri maraq doğurur.

Image result for putin sarkisyan

Məsələn, politoloq Leonid Radzixovski deyir ki, Rusiya-Ermənistan vahid ordu qruplaşması məhz Moskvanın Cənubi Qafqazda öz önəmli rolunu göstərmək üçün təşkil etdiyi piar aksiyasıdır. Bu sözləri o, Haqqın.az saytına açıqlamasında söyləyib. Onun sözlərinə görə, bu razılaşmanın adından başqa heç nəyi yoxdur.

“Məsələ ondadır ki, Rusiyanın vahid ordu qruplaşmasının modernizasiyası və genişlənməsi üçün vəsaiti yoxdur. Neftin ucuzlaşması, sanksiyalar, Suriyadakı bahalı hərbi əməliyyatlar Rusiyanın maliyyə imkanlarını ciddi şəkildə məhdudlaşdırıb. Üstəlik, prezident seçkisi yaxınlaşır və Kreml başçısı hansısa populist qərar qəbul etməlidir. Bu sıraya təqaüdlərin, əməkhaqlarının artırılması və s. daxil edilə bilər. Bütün bunlar xərc tələb edir. Moskva Ermənistanla yeni vahid ordusunu təmin etmək üçün pulları haradan alacaq? Moskvada ümid edirlər ki, Ermənistana təzyiq edəcəklər və İrəvan da pullarını buraya yatıracaq, amma hazırda Ermənistanın özünün investisiyalara ehtiyacı var. Kreml, sadəcə, göstərmək istəyir ki, Cənubi Qafqazda önəmli rol oynayır”, - deyə politoloq vurğulayıb.

*****

Sonda rezüme şəklində əlavə edək ki, cəmi bir neçə aya təkcə Rusiyada deyil, xüsusilə də onunla həmsərhəd ölkələrdə, o cümlədən Azərbaycanda siyasi hərarət yüksələ bilər. Moskvanın yeni sürprizlərinə indidən hazır olmaq lazımdır. Bunu ən azından milli maraqlarımız tələb edir.   

Analitik xidmət






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi