Könül Kərimova öz oğlundan və Aygünün qızından danışdı

Könül Kərimova öz oğlundan və Aygünün qızından danışdıOnu görüb, bir könüldən min könülə aşiq olmamaq çətindir. İllər keçdikcə daha da gözəlləşən, səsi, sözü, davranışı, xanım-xatın obrazı ilə könülləri fəth edən sevimli müğənnimiz Könül Kərimova ötən illər ərzində özü ilə bağlı bir rəy formalaşdırıb.
Xalqın gözündə həm gözəl səsli sənətkar, həm sözünün yerini bilən qadın, həm də layiqli övlad yetişdirməyi bacaran ana olaraq ucalıb. Əsgər anası olan Könül Kərimova həm də müstəqil qərar verməyi bacaran bir qız yetişdirib. Bir sözlə, heç kim onun nə sənətinə, nə analığına, nə də aparıcılığına qulp qoya bilməz.



Xalqın sevimli sənətkarı Könül Kərimova Tabloid.az-ın suallarını cavablandırarkən həm sənətindən, həm də həyatından danışıb.

- Könül xanım, ilk olaraq “O səs Türkiyə” musiqi yarışmasının qalibi Elnurla bağlı fikirlərinizi öyrənmək istərdim. Çoxları Elnura lazımi qiymətin verilmədiyindən, bu səbəbdən də onun Azərbaycandan getməsindən danışır. Siz necə fikirləşirsiniz?

- Mən də bu fikirlərlə şərikəm. Elə düz də edib gedib. Burada idi də... Yoxmuş kimi davranırdılar, kimsə onun varlığını qiymətləndirmirdi. O öz sənətinə dəyər verib düzgün addım atdı. Sənətini ucaltdı.

- Elnurdan sonra Samir Cavadzadə də Avropaya getməyi düşünür. Sizcə, biz Samirin getməməsi üçün nəsə etməliyik?

- Nə vaxt qiymət veriləcək ki, heç kəs də başqa yerə getməsin. Onu qınamıram. Getmək barədə düşünməkdə tamamilə haqlıdır. Qiymət veriləndə gedənlər də azalacaq.

- Könül xanım, necə düşünürsünüz, siz layiq olduğunuz qiyməti almısınızmı?

- Mənə lazım olan sevgini tamaşaçılarım verib. Allaha şükür, mən o istiliyi, hərarəti alıram. Tamaşaçı sevgisini hər an hiss edirəm. Allah mənə o sevgini çox görməsin. Hər yerdə Könülə sevgidən danışılırsa, bu, mənə bəsdir. Bunun məni üçün dəyəri çox böyükdür.

- Könül xanım, 4 ildir “Bir könüldən, min könülə” adlı verilişin aparıcısısınız. Hər veriliş bu qədər uzun ömürlü olmur. Necə nail oldunuz buna?

- Çox çətindir. Sadəcə, elə şeylər var ki, onları kəsib atmaq olmur. Bir neçə dəfə dayandırmaq istəmişəm. Hətta hər şeyi saxlamaq istəmişəm. Alınmayıb... Bir çox xahişləri nəzərə alıb qalmışam. “Lider” telekanalı mənim doğma evimdir. Onların istəyi ilə hələ davam edirəm. Bu da mənə xoşdur. Həm də ki, verilişimə olan tələbatı görürəm. Özümə qalsaydı, mən çoxdan dayandırmışdım. Bu veriliş uzağı 2 il davam edərdi. Verilişin telekanal rəhbərliyinin istəyi ilə davam etməsi, mənim üçün qürurvericidir.

- 2015-ci ildə hansı yenilikləri etməyi düşünürsünüz?

- Möhtəşəm yeniliklər olacaq. Bunun üçün qızğın hazırlıqlar gedir. Sənət dostlarımla birgə qrup yaradırıq. Bəstəkar Cabbar Musayevin də daxil olduğu qrup ailə şəklində fəaliyyət göstərəcək. Hətta verilişlərə də bu şəkildə çıxacağıq. İdeyanın müəllifi də mənəm. Tezliklə, təxminən bir neçə aydan sonra oğlum əsgərlikdən qayıdıb o da bu qrupa qoşulacaq.

- Könül xanım, necə oldu ki, oğlunuz müğənnilik etmək fikrinə düşdü?

- Oğlumun 22 yaşı var, özü də “krasavçik”dir. Bülbül adına Orta İxtisas Musiqi Məktəbində fortepiano üzrə təhsil alıb. Uşaq vaxtından səsinin olmasını hiss edirdim. Amma müğənni olmağını istəmədiyim üçün o oxuyanda özümü eşitməzliyə qoyurdum. İstəyirdim oğlum biznesmen olsun. Müğənnilik çox çətin sənətdir. Ancaq bacım uşaqları tez-tez onun gözəl səsi olduğunu deyirdilər. Könülün oğludur da. Genim öz sözünü deyib. Aramızda çox böyük pərdə var. Oğlum məndən çox çəkinir. Bilsəydim, onu muğam sinfinə qoyardım. Sonradan Teymur Əmrahdan xahiş etdim ki, pedaqoq olaraq oğlumun səsini qiymətləndirsin. O da Rəşadın səsinin lirik tenor olduğunu bildirdi və çox təriflədi. Ancaq Rəşad utancaq olduğundan özünə güvənmir. Teymur da məsləhət gördü ki, Rəşadla mütləq məşğul olmaq lazımdır, bu formada onu səhnəyə atmaq olmaz. Elə özü 3 ay oğlumla məşğul oldu. Hərbi xidmət vaxtı çatdığından musiqi təhsilini yarımçıq saxladı. Qayıdandan sonra yenidən davam edəcək. Rəşadı xalq artisti Samir Cəfərov da dinləyib və səsini bəyənib. O da öz məsləhətlərini verib, səsinin üzərində çalışıb. O da oğluma mütləq oxumasını tövsiyə elədi.

- Əksər analar oğlunu əsgərlikdən gələn kimi evləndirmək barədə düşünür. Siz nə fikirləşirsiniz?

- Yox, hələ çox tezdir. Yalnız evliliyə hazır olduğunu hiss edəndə evləndirəcəyəm. Bu nə tez olacaq, nə də gec.

- Könül xanım, həmkarınız Aygün Kazımovanın qızı İlqarə ötən həftə maraqlı açıqlama verdi. Dedi ki, hamı elə bilir, məşhurun övladı olmaq asandır. Amma belə deyil. Məşhurların övladları qarşısında yaşıl işıq yanmır. Əksinə, məşhur övladı olmaq ikiqat məsuliyyət və çətinlikdir. Belələrinə badalaq gələn də çox olur. İlqarəyə haqq verirsinizmi? Siz də oğlunuzu sənətə gətirirsiniz...

- O, anasının aldığı zərbələri və sevgini gördüyü üçün belə fikirləşir. İlqarənin sözündə həqiqət var. Mən də belə halları az yaşamamışam. Oğlumun üzərinə götürəcəyi məsuliyyət məni də qorxudur. Məşhurların övladlarının adi səhvini şişirdəcəklər. Hamı deyəcək ki, Könülün oğluna və ya Aygünün qızına bax. Halbuki məşhur övladı olmasaydı, bu səhv normal qarşılanardı. Məşhur övladı olduğuna görə gözəllikdə çirkinlik axtaracaq camaat. Bu şeylərə görə ikiqat diqqətli və məsuliyyətli olmaq lazımdır. Uğur qazansa, deyəcəklər ki, anasının hesabına adam oldu. Əksinə olanda da deyəcəklər ki, belə də olmalı idi. Yeri gəlmişkən, mən İlqarəyə güvənirəm. İlk növbədə, gözəl siması, ifa tərzi və səsinin tembri mənim çox xoşuma gəlir. Aygün xanımın övladı olduğu üçün demirəm. Hətta mənə elə gəlir ki, İlqarə Aygündən daha çox uğur əldə edəcək. Ümid edirəm, Aygün xanım bu sözlərimdən inciməz.

- Deyəsən, oğlunuzu daha çox istəyirsiniz. Elə oğlunuzdan danışırsınız...

- Analar qızlarından danışmaz, çox tərifləməz. Mentalitetimizə də ziddir. Ayıb olar.

- Sizə baxan deməz ki, belə böyük övladlarınız var.

- Ailəmizdə də, yaşıdlarım arasında da ən tez mən ailə qurmuşam. Sevdiyim şəxslə evləndim. Bir həvəsli idim ki... Arzulayırdım ki, tez ailə qurum, çoxlu uşaqlarım olsun. Ən azı 5 uşaq istəyirdim.

- Bəs, niyə 2 uşaq ilə kifayətləndiniz?

- Gülməli də olsa, deyəcəyəm. Ora getdik, bura getdik vaxt olmadı. Anam isə çox uşaqlı ailənin əleyhinə idi. Məni danlaya-danlaya qoymadılar ki, uşaqlarım çox olsun. İndi övladlarım mənim dostlarımdır, bacım, qardaşımdır. Özümdə olmasa da, məcbur edəcəyəm ki, nəvələrimin sayı çox olsun. Düzü, elə indi də özümü 5 uşaqlı kimi təsəvvür edirəm. Qardaşımın balalarını da öz balam sayıram. Onun da 3 övladı var. Hətta hərdən deyirəm ki, mənim 5 övladım var.







Fikirlər