TRAMP KERRİNİ İRANLA “kölgə diplomatiyası”nda İTTİHAM etdi

Tramp Kerrini İranla “kölgə diplomatiyası”nda ittiham etdi

ABŞ prezidenti Donald Tramp ölkənin keçmiş dövlət katibi Con Kerrini İranla nüvə sazişi üzrə danışıqlarda “qanunsuz kölgə diplomatiyası”nda ittiham edib.

Publika.az xəbər verir ki, Ağ Evin lideri bu haqda tvitter səhifəsində yazıb.

Daha əvvəl KİV bildirib ki, Con Kerri bu il İranın Xarici İşlər Nazirliyinin başçısı Məhəmməd Cavad Zəriflə bir neçə dəfə görüşüb. Görüşlərdə nüvə razılaşmasının saxlanılması variantları müzakirə edilib.

Qeyd edək ki, İran və “altılıq” adlanan beynəlxalq vasitəçilərdən ibarət qrup (Rusiya, ABŞ, Britaniya, Çin, Fransa və Almaniya) 14 iyul 2015-ci ildə İranın atom probleminin nizama salınması haqqında tarixi razılaşmaya nail olub və Birgə hərtərəfli iş Planı qəbul edilib. Plan BMT-nin Təhlükəsizlik Şurası, ABŞ və Avropa İttifaqı tərəfindən qəbul edilmiş iqtisadi və maliyyə sanksiyalarının ləğvini nəzərdə tutur. ABŞ-ı həmin danışıqlarda Con Kerri təmil edirdi.

ABŞ prezidenti sazişi “ölkə tarixinin ən pis razılaşması” adlandırıb. O, Böyük Britaniya, Almaniya və Fransa ilə müzakirələrin nəticəsinə görə 12 may tarixindən gec olmayaraq İranın nüvə proqramı üzrə sazişdə qalıb-qalmayacağı barədə qərarını elan edəcək.

Aprelin 30-da isə İsrailin baş naziri Benyamin Netanyahu İsrail kəşfiyyatının İranda hərbi nüvə proqramının olduğunu sübut edən yarımton məxfi material əldə etdiyini açıqlayıb. Hökumət başçısı deyib ki, İsrailin sərəncamına 100 min sənəd düşüb. Onun sözlərinə görə, sənədlər İranın “Amad layihəsi” kod adı altında nüvə proqramına dair məxfi hərbi plana malik olduğunu göstərir.

Məhəmməd Cavad Zərif deyib ki, Tehran nüvə sazişi barəsində bir daha heç bir sövdələşmə aparmayacaq və əsla müzakirə masasına əyləşməyəcək. XİN rəhbəri eyni zamanda Vaşinqtonun anlaşmanı imzalayan digər ölkələrə qarşı “zorbalıq” etdiyini qeyd edib.






Fikirlər