ƏBÜLFƏZ ELÇİBƏY Kələkidə anıldı - REPORTAJ, FOTOLAR...

Bu gün Azərbaycan Milli Azadlıq Hərəkatının lideri, mərhum prezident Əbülfəz Elçibəyin 80-ci doğum günüdür. Bu gün münasibətilə Elçibəyin yaxın silahdaşları, türkçülər paytaxt Bakıda, o cümlədən onun anadan olduğu Ordubad rayonu, Kələki kəndində yubiley tədbiri keçiriblər.

“Yeni Müsavat”ın əməkdaşı olaraq Kələki kəndinə yollanıb, burada keçirilən tədbirlərdə iştirak etdik.

Kələki kəndində Elçibəyin yurdunda təşkil olunan yubiley mərasimində ictimaiyyət nümayəndələri, ölkənin müxtəlif yerlərindən gələn qonaqlar, kənd camaatı iştirak edirdilər.Tədbir iştirakçıları əvvəl Əbülfəz Elçibəyin ev muzeyini ziyarət etdilər.

Daha sonra isə yubiley mərasimi başladı. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra  çıxışlar başladı. Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu tədbirdə iştirak edə bilməsə də telefon bağlantısı ilə gələnləri təbrik etdi.

O, bildirdi ki, bu gün türk dünyası, kələkililər,  tədbirdə iştirak edənlər üçün böyük gündür: "Necə ki, namus, bayraq, vətən bir dəyərdirsə Elçibəy də elə bir dəyərdir. Elçibəy dövlətimizi, bayrağımızı, milli kimliyimizi təmsil elədiyinə görə belə bir dəyərə çevrilib. Namus haqqında necə danışırlarsa Elçibəy haqqında da o cür danışmaq lazımdır. Onun yolu böyük yoldur. Bu gün biz Fəxri Xiyabanda bəyin qəbrini ziyarət edən zaman Azərbaycan Hava Hücumundan Müdafiə Qüvvələrinin hazırlıq uçuşları  keçirilirdi. Biz də bu uçuşları seyr etdik. Mənə elə gəlir ki, bu Azərbaycan Silahlı Qüvvələrinin Elçibəy ruhu qarşısında hesabatıdır. Biz daim Elçibəy yolunda irəliləməli, əmməllərimizlə bəyin ruhunu sevindirməliyik. Türklük gününüz mübarək olsun".

Onun ardınca söz KXCP üzvü Oqtay Gülalıyevə verildi. O. Gülalıyev çıxış edərək söylədi ki, 24 iyun Türklük bayramı Tanrının böyük türk xalqına elçi göndərdiyi gündür: “Biz həmin günü qeyd edirik. Biz hələ Əbülfəz Elçibəyi tam dərk edə bilməmişik. Buna uzun illər lazımdır”.

“Əbülfəz Elçibəy-80” İctimai Təşkilat Komitəsinin üzvü Çingiz Özgür gələnləri təbrik edərək, onunla bağlı xatirələrini bölüşdü. O, mərhum prezidentin 80 illik yubileyi ilə bağlı keçirilən silsilə tədbirləri barədə məlumat verərək Əbülfəz Elçibəyin əsərlərinin toplandığı “İstiqlal, hürriyyət, bütövlük strategiyası” kitabını qonaqlara təqdim etdi.

Ç.Özgür bildirdi ki, kitabın hazırlanması üçün böyük əziyyət çəkilib: “Bunun üçün kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm. Biz yazı müsabiqəsi də keçirdik. Yaşlısından, cavanına kimi hamı Elçibəydən yazmaq istəyirdi. Ümumilikdə, 60-a yaxın yazı qəbul edib, onlardan 44-nü seçib, münsiflərə payladıq. Münsiflər heyəti Sabir Rüstəmxanlıdan, Qulu Məhərrəmlidən, Ramiz Rövşəndən, Mehman Əliyevdən və digər ziyalılardan ibarət idi. Müsabiqəyə Özbəkistandan bir şeir, Türkiyədən iki yazı gəlmişdi. Tam olaraq müsabiqəyə ədalətli yanaşdıq. Ballar toplandı, qiymətlər verildi. Türkiyədən yazan iki dostumuz da müsabiqəyə düşdü. Onlardan bu gün Semih İpek qonağımızdır”.

Çüngiz Özgür hər il mərhum prezindetin doğulduğu Kələki kəndində keçirilən tədbirlərin təşkilatçıları Şamil Məmmədov, Bünyad Məmmədov və Ədalət Muradoğluna, Zirəddin Quliyevin hazırladığı xüsusi qabartmalar hədiyyə etdi.

Eyni zamanda "Elçibəy-80" yazı müsabiqəsində iştirak etmiş Türkiyədən olan qaliblər Semih İpek və Beytulla Avcının mükafatlarını təqdim etdi. Semih İpek Əbülfəz Elçibəyə həsr etdiyi "Elçibəy" mahnısını dombra musiqi alətində ifa etdi.

Daha sonra yubiley mərasimi çıxışlar, şeir parçaları və musiqi  nömrələri ilə davam etdirildi.

Əli Rais,
“Yeni Müsavat”
Ordubad, Kələki






Fikirlər