"Şər qüvvələr heç nəyə nail olmayacaq" - MÜSAHİBƏ

"Şər qüvvələr heç nəyə nail olmayacaq" - MÜSAHİBƏHəmin zaman türklər, azərbaycanlılar, ermənilər və hətta çərkəzlər də ölüb. Köçürülmə olub, yolda qar uçqunu baş verib, xəstəliklər yaranıb, insanlar da tələf olublar. Ancaq ermənilər soyqırımı ilə həlak olmanı qarışdırır. Soyqırımı odur ki, məqsədli şəkildə bir millətin kökünü kəsirsən. 1915-də isə belə bir hal olmayıb. Onlar sadəcə xəstəliklər, qar uçqunları, soyuq hava səbəbindən ölüblər. Sadəcə olaraq indi çalışırlar ki, yalan “genosid”i həqiqət kimi qələmə versinlər. Bu Allahın yaratdığı hava şəraiti ilə bağlı olub. İndi Allahın hansısa bir xalqa genosid etdiyini söyləmək olar? Genosid Xocalıda baş verən hadisələrdir. Bu, əsrin faciəsidir. Dəhşətdir, 23 il əvvəl olan Xocalı genosidini hamı yadından çıxarır, amma yüz il əvvəl olan və həm də soyqırımı olmayan hadisəyə genosid adı qoyurlar”.

"AzerTaym.az" xəbər verir ki,bunu Teleqraf.com-a müsahibəsində YAP Siyasi Şurasının üzvü, deputat Hüseynbala Mirələmov bildirib. Müsahibəni təqdim edirik:

- Hüseynbala müəllim, artıq Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunlarının məşəli yandırıldı, prosesə faktiki start verildi. Bu məsələyə münasibətiniz necədir?
- Bu, Azərbaycan üçün mühüm hadisədir. Cənab Prezident tərəfindən məşəlin yandırılması Odlar Yurdu ilə simvolik harmoniya təşkil edir. Sanki Azərbaycanın özünün həqiqi adı olan Odlar Yurdunu bu məşəlin yandırılması ilə təsdiq və təqdim etdi. Bu, Azərbaycan xalqının tarixində nadir hadisələrdən biridir.

- Oyunların keçirilməsinə 50 gündən də az qalıb. Nə gözləyirsiniz?
- Bizdən asılı olmayaraq zaman gedir. Oyunlarla bağlı hazırlıq aparılıb. Ötən gün tədbirdə cənab Prezident də bəyan etdi ki, Azərbaycan oyunlara tam hazırdır. Müəyyən kiçik bəzək və yaşıllıq işləri qalıb və bu proses də gedir. Ancaq idman qurğuları, tələb olunan infrastruktur tam hazır vəziyyətdədir.

- Bu oyunların bir Avropa şəhərində deyil, Bakıda keçirilməsini necə qiymətləndirirsiniz?
- Bu, Azərbaycan xalqının həyatında əbədi qalacaq müsbət hadisədir. Bu, bizim taleyimizə və zamanımıza düşdü. Ola bilsin ki, çox insan bunu dərk etmir. Sizə bir misal çəkim. Biz institutda oxuduğumuz zaman Moskvaya, Leninqrada gedirdik. Ruslar bizdən erməni, ya gürcü olduğumuzu soruşurdu. İnanın ki, azərbaycanlı adı çəkilmirdi. Biz deyəndə ki, azərbaycanlıyıq, çoxu anlamırdı. İndi isə bütün dünya gəlib Bakını öz gözü ilə görəcək, xalqımız və millətimizin tarixi, yaşam tərzi, adət-ənənəsi ilə maraqlanacaq. Görün, bu nə qədər dərin və miqyaslı təbliğatdır. Biz Azərbaycanımızı dünyaya təbliğ edirik, amma baxın görün bizi istəməyən nə qədər qüvvələr var. Ermənistan və ona havadarlıq edən ölkələr uzun illərdir ki, xalqımızı pis formada dünyaya təbliğ edib. Əlbəttə, yarışı izləmək üçün Bakıya gələcək idmançılar və turistlər xalqımızı tanıyacaq və uzun illər əleyhimizə kampaniya aparan şər qüvvələri pisləyəcək, onlara inanmayacaq. Çünki sözün həqiqi mənasında Azərbaycan Odlar Yurdudur, insanlarımız qonaqpərvərdir, qəlbi nurludur. Bu, çox böyük təbliğat vasitəsidir. Bizim gənc olduğumuz zaman az qala ruslar Bakını tanımırdılar. Bu baxımdan Azərbaycan özünü dünyaya təqdim edir, tanıtdırır, böyük tədbirlərə ev sahibliyi edir. Bu həm də ölkəmizin təbliği baxımından böyük hadisədir. Artıq dünya çapında Bakı tarix yazan şəhərlər sırasındadır.

- Ancaq bu oyunlarla bağlı dünyada Azərbaycana qarşı bir qarayaxma kampaniyası da aparılır...
- Siz bilin ki, tarixən mütərəqqi, müsbət ideyalar bəzən hansısa qüvvələr tərəfindən qılıncla qarşılanıb. Bu, nədən irəli gəlir? Təbii ki, qəzəbdən, kindən, paxıllıqdan. Bizə qarşı çıxan ölkələrin əslində imkanları, iradəsi, iqtisadiyyatı imkan vermir ki, belə oyunları özlərində keçirsinlər. Mən Azərbaycanı sevməyən qüvvələrin bizə qarşı fəaliyyətini təbii qarşılayıram. Artıq bu, ilk hal deyil. Ancaq onlar heç nəyə nail ola bilməyəcəklər. Sonda özləri də görəcəklər ki, mənasız fəaliyyət aparıblar. Heç nəyə nail olmayacaqlar. Bu bir növ zəif şamın yanması və ilk zəif külək əsən zaman sönməsinə oxşayır. Azərbaycana qarşı olan həmin qüvvələr küləyin zəif əsməsi ilə sönəcəklər.

- Azərbaycan ərazisinin 20 faizi işğal edilib, Qarabağ kimi problemimiz var. Dövlətimiz dünyada aqressiv siyasət aparmır, heç kimin daxili işlərinə qarışmır. Bəs, nədən bu qüvvələr anti-Azərbaycan fəaliyyətini seçiblər?
- Azərbaycan tolerant ölkədir, burada yüz illərdir ki, xalqlar qardaş kimi yaşayır. Ancaq siz dediyiniz qüvvələrin məkri və məqsədi başqadır. Sizə XV əsrdən bir misal gətirim. Vaxt olub XV əsrdə İldırım Bəyazidin oğlu 10 min qoşunla Avropa ölkələrinin qoşunlarını darmadağın edib. Bu prosesdə Fransa, Macarıstan və digər ölkələrin sərkərdələri iştirak etsə də, döyüş zamanı darmadağın edilib, qorxaqcasına qaçıblar. Bu hadisəyə Roma Papası hönkür-hönkür ağlayıb. İndi isə dünyanın siyasi xəritəsi və ya mənzərəsi bir qədər dəyişib. Tarix açıq ortaya qoyur ki, bizə qarşı xaç yürüşləri olub. Ancaq bu proses indi də davam edir. Azərbaycan müsəlman ölkəsi olsa da, sivil, tolerant, dünyəvi dövlətdir. Bizdə olan tolerantlıq təcrübəsini Avropa öyrənir. Həmişə bizə qarşı xaç yürüşləri olub. Təsəvvür edin ki, 9 milyonluq bir ölkə dünyaya səs salıb. Azərbaycan neft və qazı ilə regionda reallaşdırdığı nəhəng layihələri ilə dünyanın diqqətindədir. Nəzərə alın ki, Avropanın enerji təhlükəsizliyi bizdən asılıdır. TAP, TANAP kimi layihələrimiz var. Son dərəcə aydındır ki, onlar güclü Azərbaycanı istəmirlər. Ancaq iqtisadiyyat onları məcbur edir ki, bizi tanısınlar və bizimlə razılaşsınlar. Sözümün mənası odur ki, qədimdən bu yana bütün əsrlərdə üzərimizdə xaç yürüşü olub, yenə də olacaq və biz bunlara hazır olmalıyıq. Biz əməyimiz, işimiz və iqtisadiyyatımızla ortaya fəaliyyətimizi qoyub sübut etməliyik ki, bu, bizik. Gördüyünüz kimi bu işlər də, cənab Prezident tərəfindən ciddi şəkildə aparılır.

- Ötən həftə saxta erməni “soyqırımı” münasibətilə İrəvanda tədbir keçirildi, düşmənlərimiz ora toplaşdı. Bunu necə qiymətləndirirsiniz?
- Mən demirəm ki, 1915-ci ildə insanlar ölməyib. Ancaq həmin zaman türklər, azərbaycanlılar, ermənilər və hətta çərkəzlər də ölüb. Köçürülmə olub, yolda qar uçqunu baş verib, xəstəliklər yaranıb, insanlar da tələf olublar. Ancaq ermənilər soyqırımı ilə həlak olmanı qarışdırır. Soyqırımı odur ki, məqsədli şəkildə bir millətin kökünü kəsirsən. 1915-də isə belə bir hal olmayıb. Onlar sadəcə xəstəliklər, qar uçqunları, soyuq hava səbəbindən ölüblər. Sadəcə olaraq indi çalışırlar ki, yalan “genosid”i həqiqət kimi qələmə versinlər. Bu Allahın yaratdığı hava şəraiti ilə bağlı olub. İndi Allahın hansısa bir xalqa genosid etdiyini söyləmək olar? Genosid Xocalıda baş verən hadisələrdir. Bu, əsrin faciəsidir. Dəhşətdir, 23 il əvvəl olan Xocalı genosidini hamı yadından çıxarır, amma yüz il əvvəl olan və həm də soyqırımı olmayan hadisəyə genosid adı qoyurlar. Əlbəttə, burada məqsəd var. Tarix 1915-ci ildə soyqırımı olmadığını ortaya qoyur. Sadəcə biz indilikdə bir xristian həmrəyliyini müşahidə edirik.

- Siz əslən cənub regiondansınız, bu regionda nüfuzunuz var, ağsaqqalsınız. Ancaq son zamanlar Azərbaycana qarşı aparılan kampaniyada Ələkrəm Hümmətov adlı xain də yer alır. Buna münasibətiniz necədir?
- Mən Ələkrəm Hümmətovu şəxsən tanımıram. Mən Bakıda təhsil almışam, burada qalmışam. Ancaq 1993-cü ildə yaşanan Lənkəran hadisələrini yaxından izləmişəm. Qapıda bağlanan itlər olur ki, nəsə olanda hürsün, səs-küy yaratsın. Hesab edirəm ki, Ələkrəm Hümmətov vicdansız adamdır, ona mənim sadəcə nifrətim var. Necə ola bilər ki, sən gedib bizim genetik düşmənizin yanında yer alırsan. Ermənilər 1918-ci ildə camaatı qırıblar. Bu da özünü lənkəranlı sayır. Bilmirəm özünü nə sayırsan, heç olmasa, Lənkəranda qırılanların ruhuna hörmət elə, gedib ermənilərə yaltaqlanma, qab yalayan olma. Mən ona nifrət etdim. Onsuz da, bu bir dəfə separatçılıq fəaliyyəti ilə Azərbaycana xəyanət etmişdi. Bu da artıq yaddan çıxırdı, insanlar düşünürdü ki, avaranın biridir. İndi onun İrəvana getməsini heç cür bağışlamaq olmur. Heyiflər olsun ki, bu adam o gözəl dağlarımızda doğulub, təmiz havamızı udub. Normalda bu adam həbsdən çıxandan sonra xalqımızdan üzr istəməli, səhv etdiyini deməli idi. Bu adamın bağışlanması mümkün deyil.

- Azərbaycana gətirilən və geni dəyişdirilən ərzaq və meyvə məhsullarına qarşı sərt cəzalar tətbiq ediləcək, parlament artıq bununla bağlı qərar verdi. Nə gözləyirsiniz?
- Bu, müsbət haldır. Dövlət bunu gələcək nəsillərin, bizim uşaqlarımızın, gənclərimizin sağlamlığı naminə edir. Artıq qanuna dəyişikliklər edildi. Çalışırıq ki, genefondumuz sağlam olsun. Azərbaycanın gələcəyi uşaqlardan asılıdır. Odur ki, hər birimiz çalışmalıyıq ki, gələcək naminə geni dəyişdirilən ərzaq və meyvə məhsullarından uzaq duraq. Azərbaycanın gözəl təbiəti, sağlam meyvələri var. Biz bu qanunu qəbul etməklə çalışırıq ki, insanlarımız sağlam olsun.

- Avropa Olimpiya Oyunlarını seyr edəcəksiniz?
- Əlbəttə, seyr edəcəyəm. Bilmirəm, mənə dəvətnamə verəcəklər, ya yox. Verməsələr, bilet alıb gedəcəyəm. Bu, Azərbaycan üçün mühüm hadisədir. Gələcək nəsillər fəxr edəcək ki, ilk oyunlar Bakıda keçirilib. Mən Prezidentə minnətdaram. Burada əsas fəaliyyət ona yönəlib ki, Azərbaycanı tanısınlar. Hamımız bu oyunlarda aktiv iştirak etməliyik.

- Deputatlığa namizədliyinizi verəcəksiniz?
- Mən YAP-ın ilk üzvlərindənəm. 1993-cü ildə Bakıda ilk olaraq Nərimanov rayonu təsis konfransını keçirdi. İkincini isə biz Xətai rayonunda keçirdik, mən də sədr müavini oldum. Zaman keçəndən sonra rayon təşkilatımızın sədri oldum. Mənim partiyadaşlarım da bilir ki, həmin illər nə qədər əziyyət və əzab çəkmişəm. Mən partiyamızla fəxr edirəm. Bizim partiya Azərbaycanın dünəni, bu günü və gələcəyidir. Qeyd edim ki, mən IV çağırış Milli Məclis seçkilərinə YAP-dan namizəd olmuşam. Əgər partiya rəhbərliyi mənim namizədliyimi məsləhət bilsə, partiya xətti ilə namizədliyim irəli sürülsə, seçkilərdə iştirak edəcəyəm.






Fikirlər