“BU AÇIQLAMALAR BÖLGƏDƏKİ vəziyyəti gərginləşdirəcək”

Elxan Şahinoğlu: “Moskva Nikol Paşinyanın siyasətindən şübhələnir”

“Rusiya prezidenti Vladimir Putinin Azərbaycana və Ermənistana ayın sonundakı səfəri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı deyil. Kreml sahibinin münaqişənin həllinə əvvəlki kimi marağı yoxdur”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bu fikirləri Rusiya liderinin Cənubi Qafqaz ölkələrinə nəzərdə tutulan səfərini “Yeni Müsavat”a şərh edərkən söylədi.

Ekspert bildirdi ki, Azərbaycan prezidenti İlham Əliyevin Rusiyaya sentyabrın 1-dəki səfərinə böyük diqqət var idi: “Azərbaycanda bu səfərə və onun nəticələrinə əvvəlcədən iki yanaşma formalaşmışdı. Birinci yanaşma bu idi ki, Rusiya ilə Ermənistanın yeni hakimiyyəti arasında gərginlik var. Ermənistanın yeni baş naziri Nikol Paşinyanın daxili və xarici siyasəti Kremldə narazılıq doğurur. Bu səbəbdən Rusiya Azərbaycanla strateji tərəfdaşlığı daha da gücləndirməyə hazırdır. “Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə marağı artıb”- deyənlər də var. Ancaq bunun üçün Azərbaycan da addım atmalıdır. Moskva Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmasını istəyir”.

E.Şahinoğlu bildirdi ki, səfəröncəsi ikinci yanaşma da var idi: “Yanaşma bundan ibarət idi ki, Azərbaycan prezidentinin Rusiyaya səfəri bundan əvvəlki səfərlərdən fərqlənməyəcək. Prezidentlər həmişəki kimi iqtisadi və ticarət əlaqələrinin genişlənməsindən və Dağlıq Qarabağ münaqişəsinin həlli imkanlarından danışacaqlar. Bu baxımdan prezidentlərdən xüsusi açıqlama gözləməyə dəyməz. Vladimir Putin İlham Əliyevlə görüşdə iki ölkə arasındakı münasibətlərin çox səmərəli şəkildə inkişaf etdiyini, fəal siyasi dialoq xarakteri daşıdığını bu sözlərlə ifadə etdi: “Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın böyük potensialı var. Əminəm ki, əmtəə dövriyyəsi qarşıdakı illərdə də artacaq. Biz enerji, nəqliyyat sahələrində əməkdaşlıq edirik”.

Prezident İlham Əliyev isə iqtisadi əməkdaşlıqla yanaşı, diqqəti bu sözlərlə Dağlıq Qarabağa da çəkdi: “Əlbəttə, bu gün biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı məsələləri, regional problemləri də müzakirə edəcəyik. Görüş yekunlaşdıqdan sonra Vladimir Putin Dağlıq Qarabağla bağlı bunları dedi: “Rusiya Minsk Qrupunun həmsədri kimi münaqişənin sülh yolu ilə həllinə dəstəyini davam etdirəcək”. Buna cavab olaraq isə İlham Əliyev Rusiyanın Minsk Qrupunun həmsədri kimi münaqişənin həllində mühüm rol oynadığını və Rusiyanın bu istiqamətdə səylərini davam etdirəcəyinə ümid etdiyini vurğuladı. İlham Əliyev onu da bildirdi ki, münaqişənin qısa müddətdə həlli azərbaycanlıların tarixi torpaqlarına qayıdışına və sülhə imkan verəcək”.

Politoloq qeyd etdi ki, prezidentlərin qapalı görüşündə də Dağlıq Qarabağ müzakirə olub: “Buna baxmayaraq, Putinin Qarabağ münaqişəsinin həllində maraqlı olduğunu bildirmək çətindir. Bu görüşdən sonra da “Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıdırmı” sualı qeyri-müəyyən qalır. Buna görə də Azərbaycanın Rusiyanın xeyrinə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olması doğru deyil. Çünki Moskva Qarabağla bağlı Azərbaycana təminat vermir. Rusiya prezidenti Azərbaycan prezidenti ilə görüşdən bir gün əvvəl Ermənistanın keçmiş prezidenti Robert Köçəryanı doğum günü münasibəti ilə telefonla təbrik etdi. Robert Köçəryan Azərbaycan torpaqlarını işğal edən separatçıdır. Putinin Köçəryanı təbrik etməsi Azərbaycana xoş olmayan mesajdır. Putin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həll etməkdənsə, köhnə dostu Köçəryanı Ermənistanda hakimiyyətə gətirmək istəyir”.

E.Şahinoğlu Ermənistanın baş naziri Nikol Paşinyanın sentyabrın 8-də Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşünə də diqqət çəkdi: “Paşinyan görüşdən məmnun qaldığını söylədi. Birincisi, Paşinyan dedi ki, görüşdə Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü məsələsi müzakirə olunmadı. Ermənistan bu məsələdən narahatdır. Paşinyanın bu sözlərinə baxmayaraq, rəsmi Yerevanın narahatlığı azalmayıb. Məsələn, sentyabrın 13-də Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov İrəvanda Rusiya parlamentinin nümayəndə heyəti ilə görüşdü. Həmin görüşdə Şarmazanov dedi ki, “Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının cənub istiqamətinə təhlükə yaradır”. Bu açıqlama onu göstərir ki, ermənilər Moskvanın Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlük istəyinə müsbət yanaşmasından qorxur. İkincisi, Paşinyan Putinlə görüşdən sonra dedi ki, eks-prezident Robert Köçəryanın məsələsi müzakirə olunmayıb. Buna inanmaq çətindir. Çünki, Robert Köçəryan Putinin dostudur və Rusiya prezidenti dostunun həbs olunmasını istəmir. Üçüncüsü, Paşinyan Putinlə görüşdən sonra dedi ki, Ermənistanda “məxməri inqilab” baş verib və bu inqilabın nəticələrini analiz etmək üçün Moskvaya vaxt lazımdır. Bu sözlərin özü göstərir ki, Moskvanın Nikol Paşinyanın siyasətindən şübhələri var. Nikol Paşinyan təxribatçıdır. Ermənistanın baş naziri Moskvada erməni lobbisinin nümayəndələri ilə görüşdə dedi ki, “Dağlıq Qarabağ Ermənistana birləşdirilməlidir”. Bundan sonra Paşinyan bildirdi ki, “Dağlıq Qarabağ ətrafındakı torpaqlar Azərbaycana qaytarıla bilməz” və “Dağlıq Qarabağda referendum keçirilməlidir”. Bu açıqlamalar bölgədəki vəziyyəti gərginləşdirəcək”.

Politoloq bildirdi ki, “Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi” sözləri danışıqların dayandırlmasına səbəb ola bilər: “Paşinyanın Ermənistan daxilindəki problemləri də artır. Nazirlərin telefon danışıqları internetdə yayıldı. Məlum oldu ki, Paşinyanın nazirləri Robert Köçəryanı yenidən həbs etmək istəyirlər və hakimə təsir edirlər. Halbuki, Paşinyan mitinqdə demişdi ki, hakimlərin qərarlarına qarışmayacaq. Nazirlərin telefon danışığının dinlənməsi ondan xəbər verir ki, Paşinyan administrativ resurslara nəzarət edə bilmir. Və ya Paşinyanın siyasətindən narazı olan Rusiyanın kəşfiyyat strukturları Ermənistanın nazirlərinin telefon danışıqlarını dinlədikdən sonra internetdə yerləşdiriblər. Bu danışığın internetdə yayınlanması Paşinyanın hakimiyyətinə zərbədir”.






Fikirlər