Prezident icra başçıları ilə bağlı MİLLİ MƏCLİSƏ LAYİHƏ TƏQDİM ETDİ

Azərbaycan Prezidenti İlham Əliyevin imzası ilə Milli Məclisə dövlət və bələdiyyə torpaqlarının istifadəyə, icarəyə və mülkiyyətə verilməsi ilə əlaqədar rayon (şəhər) icra hakimiyyəti başçılarının sərəncamlarının məhkəmələrdə mübahisələndirilməsi məsələsinin tənzimlənməsi məqsədilə layihə daxil olub.

AzerTaym.az-ın məlumatına görə, bununla bağlı “İnzibati İcraat haqqında” qanunda dəyişiklik təklif edilir.

Qanunun 4-cü (Aidiyyət) maddəsinin 3-cü bəndinə əsasən, inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir.

Dəyişikliklə bəndə yeni cümlə əlavə edilir:

 "Bu maddə dövlət və bələdiyyə əmlakının istifadəyə, icarəyə və mülkiyyətə verilməsi ilə əlaqədar qəbul edilən inzibati aktların məhkəmələrdə mübahisələndirilməsi hallarına şamil edilmir".

 Layihədə bildirilib ki, bir sıra hallarda Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət və bələdiyyə torpaqlarının istifadəyə, icarəyə və mülkiyyətə verilməsi ilə əlaqədar rayon (şəhər) icra hakimiyyəti başçılarının sərəncamlarının mübahisələndirilməsi ilə bağlı qaldırılan iddialara məhkəmələr tərəfindən inzibati orqanlar arasında aidiyyət və səlahiyyətlərlə bağlı mübahisə olması əsası ilə baxılmır.

 Tədqim edilən layihə həmin problemin aradan qaldırılması üçün hazırlanıb. Dəyişiklik layihəsi Milli Məclisin oktyabrın 1-də keçiriləcək payız sessiyasının ilk plenar iclasında müzakirəyə çıxarılacaq.






Fikirlər