“SAQQALLI VƏ RUS DİLİNDƏ PİS DANIŞAN…” – Hesablama Palatası KADIROVU mənimsəmədə İTTİHAM ETDİ...

kudrin kadirov

Sabiq maliyyə naziri Aleksey Kudrinin rəhbərlik etdiyi Rusiya Hesablama Palatası Şimali Qafqazın inkişafı ilə bağlı proqramın icrasını qeyri-qənaətbəxş qiymətləndirib.

“AzPolitika” Rusiya mətbuatına istinadla xəbər verir ki, Hesablama Palatasının xüsusilə Çeçenistan Respublikasında maliyyə vəsaitlərinin təyinatı üzrə düzgün xərclənməməsi barədə rəyinə bu respublikanın başçısı Ramzan Kadırov çox kəskin reaksiya verib.

Hesablama Palatası hesab edib ki, təkcə Şimali Qafqazın İnkişafı Proqramına ayrılan vəsaitlərin düzgün istifadə edilməməsi səbəbilə büdcəyə ən azı 3 milyard rubl, yəni təxminən 50 milyon dollaradək ziyan vurulub. Həmçinin, palatanın hesabatında bildirilir ki, regionda 1000-dən artıq iri həcmli tikinti 8 ildir ki, başa çatdırılmamış qalıb.
Ümumilikdə qurumun yayımladığı sənəd dolayısı ilə Çeçenistan rəhbərliyini mənimsəmələrdə günahlandırmış olur.
Kadırov isə əksinə, sözügedən proqramın icra vəziyyətinin qənaətbəxş olmamasını ayrılan vəsaitin azlığı və mərkəzi orqanların Çeçenistanla “həddindən artıq maraqlanması” ilə əlaqələndirib: “Bizə çox mane olurdular, bizə qarşı inamsızlıq vardı və bizə durbinlə baxırdılar: “Saqqallı, rus dilində pis danışan, dünənki avtomatlı döyüşçü bugün siyasətlə və iqtisadiyyatla məşğul olur” deyirdilər…”

Ancaq Kadırov buna baxmayaraq, böyük nailiyyətlər əldə etdiklərini və Çeçenistanın çiçəkləndiyini iddia edib.
Kadırov onlar üçün ayrılan 75 milyard rubl, yəni təqribən 1 milyard 200 milyon dollarayaxın vəsaitin az olmasından gileylənib. Çeçenistanın başçısı bildirib ki, bu vəsaitlə yalnız müəssisələrin bərpası və tikintisinini qismən həyata keçirmək mümkün olub. Ancaq onların avadanlıqla və xammalla təmin olunmadığını qeyd edib. Bu işlərin həyata keçirilməsi üçün daha çox vəsaitə ehtiyac olduğunu deyən Kadırov görülən işlərdə ona yalnız Vladimir Putinin inamının və dəstəyinin kömək etdiyini xüsusi vurğulayıb.

Qeyd edək ki, hər il Rusiya büdcəsindən Çeçenistana təkcə dotasiya şəklində 500 milyon dollara yaxın vəsait ayrılır. Rusiya mətbuatında isə həmin vəsaitlərin bir hissəsinin Çeçenistan rəhbərliyi tərəfindən mənimsənildiyi iddia edilir.






Fikirlər