Azərbaycan Prezidenti İlham ƏLİYEV: Azərbaycan Ordusu çox YÜKSƏK DÖYÜŞ qabiliyyətinə malikdir

Related image

Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsindəyik. Bizi müşayiət edən mayor Eşqin Dadaşov bildirir ki, bu gün Azərbaycanda gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması başlıca vəzifələrdən biridir. "Torpaqlarımızın bir qisminin işğal altında olduğu bir vaxtda bu yöndə təbliğatın gücləndirilməsi vacib əhəmiyyət kəsb edir. Çünki dövlətin qarşısında duran başlıca vəzifələrdən biri də gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi və onlara vətənpərvərlik hisslərinin aşılanmasından ibarətdir. Gənclərin vətənpərvərlik ruhu, Vətənə, torpağa, dövlətə sədaqət hissləri yüksək olmalıdır. Onların vətənpərvər ruhda tərbiyə olunmasında hərbi xidmət xüsusi əhəmiyyətə malikdir. Hərbi xidmət həm də gənclər üçün bir həyat məktəbidir.
 
Xidmətdə olan gənc döyüş və fiziki hazırlığını artırır, mənəvi-psixoloji cəhətdən formalaşır. Hərbi xidmət gənclərə vətənpərvərlik hissləri aşılamaqla yanaşı, onlarda bir mətinlik, dözümlülük formalaşdırır. Həmçinin əsgərlik gənclərdə düşmənə qarşı nifrət hissini artırmağa təkan verir. Hərbi silah və texnikalardan istifadə qaydalarına yiyələnmək baxımından xidmətin gənclər üçün özünəməxsus rolu var. Müasir dövrdə hərbi xidmət gənclərin vətənpərvər vətəndaş kimi formalaşmasında önəmli amillərdən biridir, - mayor Eşqin Dadaşov deyir. Hərbi qulluqçuların mənəvi-psixoloji hazırlığının qələbəyə təminat verəcək qədər yüksək səviyyədə olduğunu qeyd edən zabit bildirir ki, hər bir hərbi qulluqçu içdiyi Hərbi anda sadiq qalaraq, Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyur, bundan ötrü qanını və canını əsirgəmir. "Bu da bizim mənəvi-psixoloji vəziyyətimizə güc, dəstək verən ən başlıca amillərdən biridir. Yuxarı komandanlığın verdiyi əmr və tapşırıqları dəqiq və vaxtında yerinə yetirmək üçün döyüş hazırlığımıza güvənirik. Keçirilən təlim məşqlər zamanı yüksək nailiyyətlər əldə etmişik. Əldə edilən uğurlara döyüş hazırlığımızın və mənəvi-psixoloji vəziyyətimizin yüksək səviyyədə olması nəticəsində nail olmuşuq".
 
Səngərdə bizi qarşılayan leytenant Asim Əhmədov şəxsi heyətin mənəvi-psixoloji, atəş və fiziki hazırlıqları ilə yanaşı, döyüş hazırlığının da yüksək səviyyədə olduğunu bildirir. "Bu uğurların arxasında böyük zəhmət, təlimlər, səhra çıxışları dayanır. Keçirilən taktiki təlimlərdə şəxsi heyətimiz yüksək peşəkarlıq nümayiş etdirir. Təlimlərdə yüksək nəticələr əldə edən hərbi qulluqçularımız mükafatlandılır. İl ərzində müntəzəm olaraq səhra çıxışları zamanı bütün növ silahlardan, müasir rabitə qurğularından, gecəgörmə cihazlarından istifadə qaydaları daha da təkmilləşdirilir. Bütün nəzəri və praktiki təlimlər yalnız bir məqsədə - ordu sıralarında xidmət edən şəxsi heyətimizin döyüş hazırlığının yüksək səviyyədə saxlanmasına xidmət edir. Beləliklə, bu gün ordumuzun döyüş qabiliyyəti, vətənpərvərlik ruhu çox yüksəkdir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuz 2016-cı ilin aprelində mənfur düşmənə bir daha sübut etdi ki, növbəti hərbi əməliyyatlar başlayarsa, Azərbaycanın güclü ordusu qarşısında Ermənistan daha ağır məğlubiyyətə düçar olacaqdır. Regionda ən güclü və yüksək hərbi hazırlıqlı peşəkar ordumuz istənilən döyüş tapşırığını yerinə yetirməyə tam qadirdir".
 
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Babək Quliyev bildirir ki, post düşmənlə yaxın məsafədə yerləşir. "Nəzarət tam bizim əlimizdədir. Əsgərlərimiz xidmətə məsuliyyətlə yanaşır, növbə zamanı gözlərini belə qırpmadan keşik çəkirlər. Hər biri qorxmaz, cəsur əsgərlərdir. Düşmənin istənilən an təxribatlarının qarşısını layiqincə alırlar. Ali Baş Komandanımızın əmri ilə belə mərd və qorxmaz əsgərlərlə döyüş meydanında döyüşəcəyim günü səbirsizliklə gözləyirəm".
Çavuş onu da bildirir ki, əsgərlər üçün silahdan istifadə, təhlükəsizlik qaydalarına ciddi əməl etmək, müşahidə zamanı diqqətli olmaq kimi vacib vərdişlər önəmli əhəmiyyət daşıyır.
 
Ordu sıralarına İmişli rayonundan çağırılan əsgər Yunis Əliyev əsgərlik müddətində əldə etdiyi müsbət vərdişlərdən danışır. "Əlbəttə, ordunu kişilik, qəhrəmanlıq, döyüş məktəbi hesab edənlər yanılmayıblar. Əsgəri xidmətdə keçirdiyim hər günün, hər həftənin, hər ayın özünə məxsus tarixçəsi var. Hərbi andı qəbul etdiyimiz təntənəli gün, səngərdə əsgər yoldaşlarım və komandirlərimizlə qarşıladığımız bayramlar, böyük fəxr hissi ilə keçirdiyimiz ordumuzun və Bakının işğaldan azad olunmasının 100 illik yubileyləri heç zaman yaddaşımdan silinməyəcək. Onu da qeyd edim ki, ordu bir həyat məktəbidir. Bu məktəbi Vətənini, torpağını və millətini sevən hər bir gənc keçməlidir. Bura bizi həmçinin müstəqil yaşamaq tərzinə alışdıran bir mərhələdir. Bizə həyatda doğru yol seçməyi, cəsarəti, mərdliyi öyrədən mərhələdir. Mən qürur hissi duyuram ki, belə bir güclü ordu sıralarında Vətənimi qoruyuram".
 
- Ön xətdə döyüş vəzifəsini yerinə yetirmək hər birimizdən cəsurluq, mərdlik və igidlik tələb edir, - deyə əsgər Bayram Şirinov bildirir. - Bizə bu keyfiyyətləri aşılayan peşəkar zabitlərimiz var. Yeri gəlmişkən leytenant Asim Əhmədov haqqında ən xoş arzularımı çatdırmaq istəyirəm. O, vətənpərvər hərbçidir, yorulmaq bilmədən bizə döyüş vərdişlərini öyrədir, ən çətin şəraitdə davranmağı başa salır. Mən və digər əsgər yoldaşlarım fəxr edir, qürur duyuruq ki, belə komandirin tabeliyində xidmət edirik, torpaqlarımızı düşmənlərdən qoruyuruq.
Əsgər Ruslan Umudzadə hərbi xidmətə Bərdə rayonundan çağırılıb. O, qısa müddətdə komandirlərin köməyi ilə hərbi biliklərə yiyələndiyini deyir. Artıq ön xətdə döyüş növbətçiliyinin aparılmasının sirlərini mükəmməl öyrənib. Cəbhə xəttində xidmət etməkdən qürur duyduğunu deyən mərd əsgərimizin başlıca məqsədi düşmən işğalı altında olan torpaqlarımızı azad etmək üçün Ali Baş Komandanımızın əmri ilə döyüşə atılmaqdır.
 
- Mən fəxr edirəm ki, bu gün cəbhə bölgəsində, ordumuzun ön xətdəki mövqelərində xidmət edirəm. Bu, əsl qəhrəmanlıq və mərdlik yoludur. Bu yolu, bu məktəbi keçməyən insan öz ölkəsini müdafiə etməyə, qorumağa hazır ola bilməz. Biz düşməndən qat-qat güclüyük. Onların atəşkəs rejimini pozub, mövqelərimizə açdığı atəşlərin, hücum və təxribatlarının qarşısını layiqincə alırıq. Yalnız bizim əsas məqsədimiz yolumuzu həsrətlə gözləyən Qarabağımızı düşmən işğalından azad etməkdir. Buna da qısa bir müddətdə Ali Baş Komandanımızın döyüş əmri ilə nail olacağıq, - bu sözləri Hacıqabul rayonundan hərbi xidmətə çağırılan əsgər Mirnicat Hüseynov deyir.
 
Vətənpərvər oğullarımızla söhbət əsnasında əmin oluruq ki, komandirlərinin onlara öyrətdikləri biliklərə dərindən yiyələnməklə hər zaman üzərlərinə düşən tapşırığın öhdəsindən ləyaqətlə gəlirlər. Onlar həm də düşmənlə üz-üzə olduqlarını yaxşı dərk edirlər. Hər an döyüşlərin başlama ehtimalı çox olduğundan sayıqlıqlarını heç vaxt itirmirlər. Şəxsi heyət üzərinə düşən məsuliyyəti dərk edir və düşmən hücumlarının istənilən təxribatlarının qarşısını layiqincə alır. Ali Baş Komandanımızın döyüş əmri ilə tezliklə Qarabağ həsrətimizə son qoyacaqlar.("Azərbaycan Ordusu")






Fikirlər