“DİSTANT TƏHSİLİ YÜKSƏK SƏVİYYƏDƏ HƏYATA KEÇİRMƏK OLAR”

IMG-20190926-WA0000

Etibar Əliyev: “Bu gün bütün qabaqcıl universitetlərdə distant təhsildən istifadə olunur, Azərbaycanda da buna şərait yaradılmalıdır”

Hikmət Əlizadə: “Hesab edirəm ki, distant təhsilin tətbiqi əhalinin daha çox hissəsinin təhsilə cəlb edilməsinə xidmət edəcəkdir”

Kamran Əsədov: “Distant təhsil Azərbaycan universitetlərinin də dünyada tanınmasına gətirib çıxaracaq

Azərbaycan Dövlət İqtisad Universitetinin – UNEC-in rektoru, professor Ədalət Muradovun ölkəmizdə distant təhsil formasının ən qısa vaxtda tətbiq edilməsinə dair çağırışı geniş ictimai dəstək qazanmaqdadır. Təhsil üzrə tanınmış ekspertlər, vətəndaş cəmiyyətinin nümayəndələri UNEC-in rektorunun təklifinin bir an öncə reallaşdırılmasını, müasir təhsil formalarından biri olan distant təhsildən Azərbaycan gənclərinin də yararlana bilməsi üçün müvafiq mexanizmlərin hazırlanılb qəbul edilməsini zəruri hesab edirlər.

“Kütləvi ali təhsil XXI əsrdə, əsasən, distant olsa daha məqsədəuyğundur”

Xatırladaq ki, professor Ədalət Muradov Azərbaycan Respublikası Vergilər Nazirliyinin Azərbaycan İqtisadçılar İttifaqı və Auditorlar Palatasının birgə təşkil etdiyi “Kölgə iqtisadiyyatına qarşı mübarizə – iqtisadi inkişafın mühüm amili kimi” mövzusuna həsr olunan beynəlxalq elmi-praktiki konfransda bu məsələyə toxunaraq, artıq ölkəmizdə də ali təhsilin təsnifatlaşdırılmasının zəruri olduğunu bəyan edib: “Rəqəmsal iqtisadiyyat ali təhsili ciddi sürətdə təsnifatlaşdırmağı tələb edir. Düşünürük ki, rəqəmsal iqtisadiyyat tələblərinə cavab verən ali təhsil kütləvi ola bilməz. Bu təhsil elitar olmalı və ancaq cəmiyyətdə intellektilə seçilmişlərin seçimi olmalıdır. Ali təhsilin kütləviliyini də qəbul edərək düşünürük ki, kütləvi ali təhsil XXI əsrdə, əsasən, distant olsa daha məqsədəuyğundur”.

15685483501247436307_1000x669-800x445

Professor Muradov rəqəmsal iqtisadiyyat şəraitində ali təhsilin üzləşdiyi əsas çağırışlardan söz açarkən, yeni təkliflə çıxış edib: “XXI əsrin ən vacib özəlliklərindən biri təhsilin qloballaşmasıdır. Bununla əlaqədar olaraq, həm istedadlı gənclər uğrunda, həm də dəyərlərin yayılması uğrunda rəqabət sərtləşir. Təsadüfi deyil ki, qlobal təhsil məhsulları, kütləvi on-line kurslar, eləcə də təhsil keyfiyyətinin beynəlxalq müqayisəsi, universitetlərin reytinqi geniş vüsət alır. Dünyada özünəməxsus təhsil ierarxiyası formalaşır və bu ierarxiyanın aşağısında olan universitetlər heç şübhəsiz ki, ən perspektivli alim və tələbələrin emiqrasiyası, özlərinin təhsil brendinin dəyərdən düşməsi ilə üzləşəcəklər”.

“Düşünürük ki, rəqəmsallaşma ali təhsilimizdə zəif yerlərimizi güclü tərəflərimizə çevirmək üçün real imkanlar yarada bilər. Məhz bunu nəzərə alaraq, il ərzində 20 min tələbəyə distant təhsil verə biləcək müasir texnologiyalarla təchiz edilmiş UNEC EXTERN yaratmışıq və təklif edirik ki, ölkəmiz bu prosesə ən qısa vaxt ərzində qoşulsun və ilk olaraq distant təhsil forması əcnəbilərə, təkrar ali təhsilə, yenidənhazırlığa və əlillərin təhsilinə tətbiq edilə bilər” - deyə UNEC rektoru bildirib.

Professor Ədalət Muradovun bu fikirləri, daha doğrusu Azərbaycan ali təhsili üçün inqilabi sayıla biləcək mütərəqqi bir dəyişikliyin həyata keçirilməsinə dair çağırışına yuxarıda qeyd etdiyimiz kimi, ölkənin təhsil üzrə ekspertləri, tanınmış ictimai xadimlər də qoşulub.

“AzPolitika.info” saytı distant təhsilin əhəmiyyəti və Azərbaycanda tətbiqinin zəruriliyinə dair hazırladığı yazıda onlardan bəzilərinin fikirlərinə geniş yer verib. (Bax: “UNİVERSİTETLƏRİN GİRİŞ QAPILARINI GENİŞ AÇMALIYIQ…” – Ekspertlərdən parlamentə və hökumətə distant təhsil çağırışı).
Mövzunun aktuallığını və Azərbaycan dövləti, cəmiyyəti üçün əhəmiyyətini nəzərə alaraq, təhsil üzrə tanınmış digər ekspertlərin də mövqelərini öyrəndik.

“Universitetlərimiz distant təhsilə başlarsa xaricdən xeyli sayda tələbə cəlb edə biləcək”

“XXI əsr” Təhsil Mərkəzinin rəhbəri, tanınmış təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyev Azərbaycanın distant təhsilin tətbiqində çox ləngidiyini bildirdi: “Distant təhsil layihəsi artıq ötən əsrin 80-ci illərindən ABŞ-da və Qərbdə tətbiq olunur və kifayət qədər uğur qazanmış bir təhsil formasıdır. Əvvəllər distant təhsilin həyata keçirilməsi üçün bir çox Qərb ölkələrində ayrıca universitetlər yaradılmışdır. Lakin sonradan həm informasiya kommunikasiya texnologiyalarının imkanları artdı, həm də informasiya cəmiyyətinin tələbləri ilə bağlı olaraq dünyanın aparıcı universitetləri də distant təhsil xidməti göstərməyə başladı. Bu gün bütün qabaqcıl universitetlərdə distant təhsildən istifadə olunur. Bu da onun nə qədər əhəmiyyətli olduğunu göstərir. Azərbaycanda da buna şərait yaradılmalıdır”

 

etibar

Etibar Əliyevin fikrincə, Azərbaycanda da ənənəvi təhsillə yanaşı distant təhsilin tətbiqinə başlanılması müsbət nəticələr verə bilər: “Bilirsiniz ki, son illər Azərbaycanda bir çox universitetlərdə ciddi islahatlar aparılır. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması, infrastrukturun yenilənməsi professor-müəllim heyətinin təkmilləşməsi, keyfiyyətli təhsil mühitinin yaradılması, imtahanların şəffaf şəkildə keçirilməsi istiqamətində ciddi işlər görülüb. Bu cür islahat aparılan universitetdə mən düşünürəm ki, distant təhsil layihəsi daha böyük uğur qazana bilər. Çünki belə universitetlərimiz distant təhsilə başladıqda yalnız ölkə daxilindən deyil, həm də xaricdən xeyli sayda tələbə cəlb edə biləcək. Yəni, həmin universitetin nüfuzu, reytinqi olmalıdır ki, distant təhsil üçün tələbə toplaya bilsin. İslahatlar aparılmayan universitetlərdə belə distant təhsilin qurulması çətinlik yarada bilər”.

E. Əliyevin sözlərinə görə “UNEC EXTERN” Mərkəzində distant təhsil üçün hər bir şərait yaradılıb: “UNEC İctimai Nəzarət Şurasının koordinatoru kimi universitetdə distant təhsil üçün yaradılmış infrastrukturla tanış olmuşuq. Əminliklə söyləmək olar ki, bu universitet distant təhsilin həyata keçirilməsinə tam şəkildə hazırdır. Bu nümunədən digər universitetlər də istifadə edə bilər”.
Ekspert bildirdi ki, distant təhsilin qiyabi təhsili əvəz etməsi ilə bağlı fikirləri də doğru hesab etmir: “Distant təhsil tamamilə başqa formada tətbiq olunan təhsil növüdür. Burada elə bir mühit yaradılmalıdır ki, tələbə özünü əyani təhsildəki kimi auditoriyada hiss etsin. Düşünürəm ki, həm “UNEC EXTERN” Mərkəzində yaradılmış yüksək səviyyəli, Avropa standartlarına uyğun infrastruktur, həm də professor-müəllim heyətinin peşəkarlığı, distant təhsilin bu formada verilməsi üçün şərait yaradır”.

5

E. Əliyev qeyd etdi ki, müasir dövrdə təhsilin müxtəlif növləri vətəndaşlara təklif olunmalıdır: “Distant formada təhsil almaq da vətəndaşın hüququdur. Bu təhsil növünün Azərbaycanda tətbiqi həm də ali təhsilin kütləviləşməsinə səbəb olar. Bundan qorxmaq lazım deyil. Bu proses bütün dünyada gedir. Vaxtında distant təhsili tətbiq etmədiyimizdən, ali təhsilli insanların sayı bizdə çox azdır. Biz hər 10 minə düşən tələbə sayına görə postsovet məkanına daxil olan ölkələrdən də geridə qalırıq.Təbii ki, təhsilin kütləviləşməsiylə yanaşı, keyfiyyəti də artmalıdır. Siz də şahidisiniz ki, ötən əsrin 90-cı illərində xeyli sayda özəl ali məktəblər yarandı. İndi o ali məktəblərin yarısı yoxdur. Keyfiyyətsiz təhsil ucbatından həmin ali məktəblərə gedən olmadı və onlar bağlandı. Keyfiyyətsiz distant təhsil verən universitetləri də eyni aqibət gözləyəcək.”

Ekspert yaxın vaxtlarda qəbul edilməsi gözlənilən “Ali təhsil haqqında” Qanunda distant təhsilin tətbiqi ilə bağlı müddəaların da əks olunmasını zəruri hesab edir: “Parlamentin komitə sədri İsa Həbibəyli “Ali təhsil haqqında” Qanun layihəsinin artıq hazır olduğunu bildirir. İnanıram ki, ölkədə distant təhsilin tətbiqi o layihədə öz əksini tapacaq. Düşünürəm ki, deputatlar da bunu dəstəkləməlidir. Nəzərə almaq lazımdır ki, bu həm də universitetlərimizin gəlir əldə etməsi, xaricdən Azərbaycan ali məktəblərinə tələbə axını baxımından da əhəmiyyətlidir. Müasir dövrdə tələbələrin təhsil üçün başqa bir ölkəyə getməsi, həmin ölkədə yaşaması heç də asan deyil. Eyni zamanda bir çox universitetimizin yataqxanası olmadığından, tələbə cəlb etməkdə çətinlik çəkir. Bu baxımdan distant təhsili tətbiqinin olduqca böyük əhəmiyyəti var. Ona görə də düşünürəm ki, deputatlar bu təhsil formasının Azərbaycanda tətbiq edilməsini dəstəkləyəcəklər”.

“Distant təhsil cəmiyyətin mədəni səviyyəsinin yüksəlməsinə şərait yaradar”

Təhsil Şurasının sədri, professor Hikmət Əlizadə də distant təhsilin çox böyük əhəmiyyətinin olduğunu bildirdi: “Düşünürəm ki, təhsil hər bir insanın mədəni səviyyəsini artırır. Buna görə də, əhalinin daha çox hissəsinin təhsil almasını məqsədəuyğun hesab edirəm. Ali məktəblərin maddi-texniki bazası onların əyani və qiyabi formada daha çox tələbənin təhsil alması imkanlarını məhdudlaşdırır. Bu istiqamətdə distant təhsilin imkanları isə genişdir. Hesab edirəm ki, distant təhsilin tətbiqi əhalinin daha çox hissəsinin ali təhsilə cəlb edilməsinə xidmət edəcəkdir”.

1549526933_1-1

Professor Hikmət Əlizadənin fikrincə, Azərbaycanda distant təhsilin verilməsi üçün imkanlar mövcuddur: “Düşünürəm ki, indi universitetlərin belə imkanları var, sadəcə olaraq bu istiqamətdə texniki avadanlıqların alınması və tətbiq edilməsi zəruridir. Çünki distant təhsildə təkcə elektron variantda mühazirələrin və yaxud proqramların tələbəyə çatdırılması məqsədəuyğun deyil. Müasir dünyada distant təhsildə müxtəlif variantlardan istifadə edirlər. Məsələn, əvvəlcədən vaxt müəyyən edilir, ”Skype” vasitəsilə mühazirə deyilir, həmin mühazirəyə bir sıra tələbələr qulaq asırlar. “Skype” vasitəsilə dialoq, dairəvi masa təşkil etmək olar. Mən düşünürəm ki, belə imkanlar yaratsaq distant təhsili yüksək səviyyədə həyata keçirmək daha asan olar”.

Təhsil Şurasının sədrinin sözlərinə görə, distant təhsilin neqativ təsirinin ola biləcəyinə dair fikirləri də qəbul etmir: “Mən düşünürəm ki, əgər biz distant təhsili hər bir kəs üçün açıq eləsək, imtahan təşkil etmədən, hər bir insanın distabt formada təhsil almasına imkan yaratsaq, heç bir neqativ hal olmayacaqdır. Əhalinin çox hissəsi təhsil alsa, bu cəmiyyətin mədəni səviyyəsinin yüksəlməsinə şərait yaradar. Eyni zamanda, fikrimcə, distant formada daha çox qızlar təhsilə cəlb edilməlidir. Çünki hər bir ailədə ana övladlarına təhsil verir.Ana nə qədər savadlı olursa, onun övladları da bir o qədər yüksək savad əldə edə bilirlər. Bu istiqamətdə, hesab edirəm ki, distant təhsili geniş şəkildə tətbiq etmək məqsədəuyğun olardı”.

“Distant təhsil olarsa, bir çox problemlər tamamilə aradan qalxacaq”

Tanınmış təhsil eksperti, tarix elmi üzrə fəlsəfə doktoru Kamran Əsədov da distant təhsil formasının Azərbaycanda tətbiqi dəstəklədiyini vurğuladı: “Bilirsiniz ki, 2009–cu ildə qəbul olunan “Təhsil haqqında” Qanunda təhsil formalarından biri kimi distant təhsil qeyd olunmuşdur. Distant təhsil təhsiliin əhatə dairəsinin genişlənməsinə şərit yaradacaq. Yəni, bu gün insanlar daha az xərc çəkməklə təhsil almaq istəyir. Bu mümkündürmü? Bəli, distant təhsil buna imkan verir. Distant təhsilin bunun kimi faydalı tərəfləri kifayət qədər çoxdur. Yəni kimlərinsə maddi imkanı aşağıdır, rayondan Bakıya gəlməyəcək, kirayə pulu verməli olmayacaq. Rayonda yaşayanların da, az bal toplayanların da, hər kəsin yüksək səviyyəli bilik almaq, elmi dərəcəsi olan şəxslərin dərslərini dinləmək imkanları olacaq. Eyni zamanda fiziki qüsurlu, müəyyən kompleksi olan şəxslər var ki, onlar təhsil ala bilmirlər. Ancaq distant təhsil olarsa, bu kimi bir çox problemlər tamamilə aradan qalxacaq.Bunlar olduqca müsbət haldır. Gənclər istənilən universiteti seçib, orada təhsil ala biləcək. Düzdür, təəssüf ki, distant təhsil üçün Azərbaycanda ali təhsil müəssisələrinin hamısının infrastrukturu yoxdur. Yalnız bu İqtisad Universitetində qurulub. Ancaq bu texnoloji bir məsələdir, həll etmək olar.”

9
Kamran Əsədovun sözlərinə görə, Azərbaycanda distant təhsilin mahiyyəti düzgün başa düşülmür: “Təəssüf ki, distant təhsil deyəndə çoxları elə başa düşür ki, müəllim danışacaq, kamera çəkəcək, uşaqlar dinləyəcək. Bu, belə deyil. Bunun mexanizmi tamamilə fərqlidir. Çox böyük üstünlükləri var. Ona görə də dünyanın aparıcı universitetləri distant təhsilə önəm verir. Məsələn, təkcə Türkiyənin Anadolu Universitetində distant təhsil alan tələbələrin sayı 100 milyona yaxındır. Dünyanın bütün ölkələrində distant təhsillə bağlı geniş proqramlar tutulur. Bizdə distant təhsil deyəndə bəzən elə başa düşürlər ki, bu ancaq ingilis dilində və rus dilində olmalıdır? Xeyr, eyni mövzunun müxtəlif dillərdə tədrisi həyata keçirilir. Tutalım, Banqladeşdən, Meksikadan, dünyanın 201 ölkəsinin hər birindən rahatlıqla o proqrama daxil olub, istədiyi tədris dilini seçməklə lazım olan informasiyanı ala bilirlər. Azərbaycanda xarici dil bilən müəllimlərimizin sayı az olduğundan dərhal bunu həyata keçirmək olmayacaq. Ancaq başlamaq lazımdır. Dünyanın inkişaf etmiş universitetlərinin keçdiyi yolu biz də keçməliyik. Yəni, artıq qiyabi təhsil deyilən bir format yoxdur. Belə deyək ki, insanlar günorta işləyirlər, onlar vaxtında dərsə gələ bilmirlər. Amma distant təhsil elədir ki, hətta işlədikləri yerdən belə təhsil ala bilərlər. Ona görə də düşünürəm ki, bu təhsil formasını tez bir zamanda tətbiq etmək lazımdır. Amerikanı təkrar kəşf etməyə ehtiyac yoxdur. Dünya təhsil praktikası var”.

“Ali təhsilimiz beynəlxalq reytinqli olmamasının səbəblərindən biri də distant təhsilin infrastrukturunun olmamasıdır”

Ekspert eyni zamanda qeyd etdi ki, müasir dövrdə əsas məsələlərdən biri maliyyə xərclərini azaldıb, universitetin gəlirlərini artırmaqdır ki, distant təhsil buna tamamilə imkan verir: “Postsovet ölkələrində də artıq bu təhsil formasından istifadə olunur. Qazaxıstanda var, Ukraynada var, Gürcüstanda da distant təhsil var artıq. Bunun üçün sadəcə universitetlər təhsilin müasir tələblərini bilənlər tərəfindən idarə olunmalıdırlar. Distant təhsilin infrastrukturunun yaradılması üçün, tutalım, 30-40 min manat vəsait lazımdır – auditoriyaları və ləvazimatları quraşdırmaq üçün…Universitetlər bunu bir dəfə xərcləyəcək, əvəzində böyük gəlir əldə edəcək. Universitetlərimiz artıq auditoriya üçün pul xərcləməyəcək, böyük inzibati heyət saxlamayacaq, ancaq kifayət qədər gəlir əldə edə biləcək. Distant təhsil gəlirliyinə və etibarlılığına, rahatlığına görə digər təhsil alma formalarından daha üstündür. Hətta əyani təhsildən də yaxşıdır. Siz vaxt itirmirsiniz, təhsil alırsız. Yalnız imtahan prosesində universitetə gəlirsiniz. Onu da çox rahat elektron qaydada həyata keçirə bilirik. Bunun kifayət qədər üsulları, formaları, vasitələri var. Sadəcə tətbiq üçün parlament və hökumət səviyyəsində qərar verilməlidir. İnanıram ki, Azərbaycan buna keçəcək. Çünki biz beynəlxalq konvensiyaya qoşulmuşuq. Ali təhsilimiz beynəlxalq reytinqli olmamasının səbəblərindən biri də distant təhsilin tətbiq edilməməsi, distant təhsilin infrastrukturunun olmamasıdır. Bu problemi tez bir zamanda həll etməli, distant təhsilə başlamalıyıq.”

151-1024x683Kamran Əsədovun sözlərinə görə, bununla bağlı həm Təhsil Nazirliyinə, həm də Nazirlər Kabinetinə, həm də parlamentə təkliflər verib: “Hətta layihə də yollamışam ki, bu çətin deyil. Bunun mexanizmi yaradılarsa, ölkəmizə də pul gələr. Məsələn, dünyada ən yaxşı neft mütəxəssisləri Azərbaycandadır. Gəlin biz, birincisi beynəlxalq əhəmiyyəti olan ixtisaslar üzrə bunun infrastrukturunu yaradaq. İqtisadiyyat, maliyyə, neft mühəndisliyi, hüquq, beynəlxalq hüquq kimi ixtisaslara Zimbabvedən tutmuş Kanadaya kimi ehtiyacı var. Distant təhsili tətbiq edək ki, xaricdən universitetlərimizin büdcəsinə pul ödənsin. Bu Azərbaycan universitetlərinin də dünyada tanınmasına gətirib çıxaracaq. Yəni, distant təhsilin faydaları həddən artıq çoxdur”.

İ. İsmayılbəyli
AzPolitika.info






Fikirlər