“Bu, ölüm-qalım məsələsidir” - Adil Əliyev

Adil Əliyev də namizəd olacağı dairəni açıqladı

Milli Məclisin vitse-spikeri, deputat Adil Əliyevin “Qafqazinfo” ya müsahibəsi:

- VI çağırış parlament artıq fəaliyyətə başlayıb. Siz bu çağırışda artıq bitərəfləri təmsil edən vitse-spikersiniz. Bu sizin üçün gözlənilən idimi?

- Yeni Azərbaycan Partiyası Milli Məclisdə çoxluq təşkil edir. Bu seçkidə də hakim partiya öz mövqeyini qorudu. Buna baxmayaraq, Prezident İlham Əliyev və hakim partiya parlamentdəki vəzifə bölgüsündə müstəqil deputatlara və müxalifət nümayəndələrinə yer verdi. Bu müdrik qərar idi. Cənab Prezident ötən ilin sonunda verdiyi müsahibədə vurğulamışdı ki, siyasi palitranı genişləndirmək lazımdır. Müstəqil mövqeli siyasətçilər, o cümlədən müxalifət nümayəndələri də bu millətin övladlarıdır, vətənin inkişafını arzulayırlar. Əlbəttə, müxalifət içərisində radikallar da var və təəssüf ki, hələ də dağıdıcı yanaşmalarından əl çəkmirlər. Belələri düşmənə qarşı mübarizədə Prezidentlə vahid mövqedən çıxış etmək əvəzinə, sanki koronavirusu özlərinə müttəfiq seçiblər. Yenə qarayaxmalara, yalan məlumatlara üstünlük verirlər. Ancaq nahaq əziyyət çəkirlər. Necə ki, radikal müxalifət illərdir saman çöpündən yapışaraq Prezidentlə mübarizədə heç nə əldə etməyib, eləcə də koronavirus onların karına çatmayacaq. Çünki hazırki çətinlik müvəqqətidir və indiki halda cəmiyyət ortaq düşmənlə mübarizədə həmişəki kimi Prezidentinin və dövlətinin yanındadır.

Dövlət başçısı siyasətdə rəqabətin tərəfdarı olduğunu bildirib. Parlament sədrinin 3 müavinindən ikisinin hakim partiya təmsilçisi olmaması bunun sübutudur. O ki qaldı mənim sədr müavini seçilməyimə, bu böyük məsuliyyətdir. Mən artıq parlamentdə yalnız özümü və dairəmdəki seçiciləri yox, həm də parlamentdəki müstəqil deputatları təmsil edirəm.

- Həm vitse-spiker, həm komitə sədrisiniz. Bu sizin iş yükünüzə təsir edirmi?

-İş yüküm artıb. Bu təbiidir. Sizin də qeyd etdiyiniz kimi, həm komitə sədriyəm və komitənin işləri ilə məşğulam, həm də sədr müavini kimi başqa səlahiyyətlərim var. Bu səlahiyyətlər çərçivəsində bir sıra beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi vəzifəsi də var. Qarşıda bizi gərgin fəaliyyət gözləyir. Cənab Prezidentin də söylədiyi kimi, parlament ölkədə aparılan islahatların tərkib hissəsinə çevrilməlidir. Mövcud çağırışlara uyğun qanunlar qəbul etməli, buna qədər qəbul etdiyimiz qanunların isə icrasını və təkmilləşdirilməsini diqqətdə saxlamalıyıq. Neqativ hallarla mübarizədə millət vəkillərinin üzərinə mühüm vəzifələr düşür.

Digər tərəfdən, dövlət başçısının martın 10-da Milli Məclisin ilk iclasındakı geniş məruzəsində gənclər siyasətinə dair önəmli ifadələr yer almışdı. Söhbət gənclərin asudə vaxtlarının səmərəli təşkilindən, onların fəal işə cəlb edilməsindən, vətənpərvərlik ruhunda tərbiyə edilməsindən gedir. İnternet əsrində yaşayırıq. Prezidentin də doğru vurğuladığı kimi, gənclər milli ruhda tərbiyə almalı, xarici təsir altına düşməməlidirlər, o cümlədən, gənclərin mənəvi və fiziki hazırlığı üçün əlavə tədbirlər həyata keçirilməlidir. Bütün bu istiqamətlərdə bizim komitəni gərgin iş gözləyir. Beynəlxalq arenada da səylərimizi artırmalıyıq. İştirak etdiyimiz beynəlxalq konfranslarda və seminarlarda sözümüzü deməliyik, torpaqlarımızı işğaldan azad etmək və işğalçını ifşa etmək üçün nə mümkündürsə onu da etməliyik. Haqq bizim tərəfimizdədir, ona görə də xarici ölkələrdəki görüşlərdə, toplantılarda sözümüzü daha gur səslə deməliyik. Cənab Prezident Münhen Təhlükəsizlik Konfransında uzaq və yaxın tarixdən misallar çəkməklə Ermənistanın Baş nazirini necə ifşa etdisə, biz də eyni əzmlə yalan və iftira dilində danışan erməni deputatların və onların havadarlarının yalanlarını ifşa etməliyik.

Azərbaycana qonşu olan ölkələrdə və bölgələrdə vəziyyət stabil deyil, inqilablar, müharibələr baş alıb gedir. Ona görə də dövlət başçısının da dediyi kimi, Azərbaycanın apardığı siyasi kursa alternativ yoxdur. Millət vəkili olaraq Prezidentimin, dövlətimin və cəmiyyətimin gücünə inanıram. Bu yolda millət vəkili olaraq üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik.

- Əvvəl deputatların əyləşdiyi sıradaydınız, indi isə həmkarlarınıza yuxarı kürsüdən baxırsınız. Maraqlıdır, yuxarıdan baxanda aşağı necə görünür?

- Əvvəl necə idimsə, indi də eləyəm. Mən heç zaman heç kimə yuxarıdan aşağı baxmamışam və baxmaram. Bu mənim tərbiyəmə də uyğun deyil. İndi oturduğum yer millət vəkili həmkarlarımdan hündür olsa da, həmkarlarıma münasibətim dəyişməzdir. Mən onlardan biriyəm. Millət vəkili olaraq əsas vəzifələrimizdən biri seçicilərimizə bağlı olmaq, vətəndaşlarımızla ünsiyyətimizi yüksək səviyyədə saxlamaqdır. Millət vəkili kimi fəaliyyət göstərdiyim 15 ildə qapım həmişə seçicilərimin üzünə açıq olub, bundan sonra da belə olacaq. Vətəndaşın dərdini dinləməli və millət vəkilinin verdiyi səlahiyyət çərçivəsində onları həll etməyə çalışmalıyıq. Bu ənənəni heç zaman pozmamışam, bundan sonra da pozmayacam.

- Siz artıq 4 çağırışdır ki, parlamentin deputatısınız. Seçki keçiriləndə namizəd olduğunuz dairədən ən güclü rəqib olursunuz. Parlamentdə elə deputatlar var ki, onlara rəqib olmaq çətindir, onlardan biri də sizsiniz. Seçiciləriniz də sizi tanıyır. Çətin rəqib olmağı necə bacarmısınız?
- Əslində suala özünüz dolğun cavab verdiniz. Mən seçicimlə hər zaman ünsiyyətdəyəm. Ola bilər ki, indi işimin artması səbəbindən əvvəlki kimi hamı ilə görüşə bilmirəm. Ancaq seçildiyim dairədəki qərargahımın qapısı seçicilərimin üzünə hər zaman açıqdır. Ya mən onları qəbul edirəm, qərargahda olmaq imkanı olmayanda isə seçicilərimlə köməkçilərim görüşür və onları dinləyirlər. Daha sonra bütün istək və arzular mənə çatdırılır. Qeyri-təvazökarlıq olsa da, elə gün olur ki, qərargahımda yüzlərlə seçicimlə görüşmüşəm, bəzilərini ayrılıqda, digərlərini isə qrup şəklində qəbul edib istək və arzularını dinləmişəm. Ona görə də bu illərdə seçicim də məni yaxşı tanıyıb. Bu səbəbdən heç kim deyə bilməz ki, parlament seçkisində 20-ci dairədə nəsə qanunsuzluq olub. Seçicilərin etibarını qazanmaq asan məsələ deyil. Mən bu etibarı qazanmışam, dövlətimin və millətimin problemlərinin həlli məqsədilə bundan sonra da var-gücümlə çalışacam.

- Yeni seçilən həmkarlarınıza seçici sevgisini qazanmaq üçün nə tövsiyələr verərdiniz? 

- Başda parlamentin sədri olmaqla, yeni sədarət cəmiyyətdə müsbət reytinqə sahib olan insanlardır. Biz vahid komanda şəklində çalışırıq. Koronavirusun təhlükə yaratmasına baxmayaraq, sədarət bu ağır şəraitdə də çalışmalarını davam etdirir.

Mən öz seçicimlə işləyirəm və hamıya da tövsiyə edirəm ki, seçildikləri dairədə fəallıqlarını azaltmasınlar. Prezident də dönə-dönə vurğulayır ki, millət vəkili vətəndaşlarla sıx təmasda olmalıdır, onların dərdlərini dinləməlidir. Seçici ilə təmasların genişləndirilməsi həm də ona görə lazımdır ki, biz bilək hansı istiqamətdə problemlərimiz var və onları necə həll etməliyik. Millət vəkillərimizin bu işin öhdəsindən gələcəklərinə inanıram. Çoxunu tanıyıram, fəaldırlar, Prezidentin qarşımızda qoyduğu vəzifələri yerinə yetirəcək gücə və peşəkarlığa malikdirlər.

- Parlament Aparatında islahatlara artıq start verilib. Bununla bağlı spiker sərəncam imzalayıb. Bilmək istərdik ki, aparatda köklü dəyişikliklər gözlənilirmi?

- Ölkədə siyasi və iqtisadi islahatlar genişlənir. Parlament və millət vəkilləri bu islahatların sürətindən geri qala bilməzlər. Bu deyilənlər Parlamentin Aparatına da aiddir. Son aylarda həm Prezident Administrasiyasında, həm də Nazirlər Kabinetində struktur dəyişiklikləri baş verdi, demək, Parlamentin Aparatında da struktur dəyişikliklərin həyata keçirilməsi labüd idi. Bunun vacibliyini hamı anlayır. Yenilik hər işdə vacibdir. Bu işlərə təcrübəli və öz işinin öhdəsindən gələn biləcək şəxslər cəlb olunur.

- Parlament Aparatında vitse-spikerlərin də köməkçiləri var. Artıq spikerin bir köməkçisi dəyişib. Sizin də köməkçilərinizin dəyişməsi gözlənilirmi?

- İstisna deyil. Görülən işə qiymət vermək lazımdır. Əgər görülən iş bugünkü çağırışlara cavab verirsə, dəyişikliyə bir müddət ehtiyac yaranmaya da bilər. Ancaq məni tanıyanlar bilir ki, hansı işin qulpundan yapışıramsa, mənim sürətimlə ayaqlaşmaq lazımdır. Ayaqlaşanlar mənimlə davam edəcəklər, əks halda, komandamı gücləndirməyə qərar verəcəm. Məsələn, rəhbəri olduğum Gənclər və İdman Komitəsində müxtəlif dinləmələr və müzakirələr keçirəcəyik. Müzakirələrdə millət vəkilləri və ekspertlərlə yanaşı gənclərin böyük spektri də iştirak etməlidirlər. Aydındır ki, minlərlə gəncimizi Parlamentə dəvət edib onların tamamının təkliflərini dinləmək fiziki baxımdan çətindir. Buna baxmayaraq, təklifləri və müzakirələri virtual məkan üzərindən başlaya bilərik. Hazırda dünyada və Azərbaycanda koronavirusla mübarizə tədbirləri həyata keçirilir. Bu mənada dövlətimizin çağışırına uyğun olaraq “evdə qal” kampaniyası davam edir və bu müddət ən azı bir ay çəkəcək. Ancaq “evdə qal” kampaniyası o demək deyil ki, günümüzü passiv keçirməliyik. Bu məqsədlə fəal gənclərimizə müraciət etdim. “Gənclər haqqında” qanunvericilikdə xüsusi olaraq nələrin ehtiva olunmasını istəyirsiniz? Hansı tədbirlər görülməlidir ki, ölkəmizdə müxtəlif könüllülər hərəkatları formalaşsın, gənclər asudə vaxtlarını səmərəli keçirsinlər, sosial layihələrdə iştirak etsinlər və bu, yeni iş yerlərinin yaradılmasına imkan versin, informasiya məkanımızı böhtandan və şər kampaniyasından necə qoruyaq? Təkliflərin və təşəbbüslərin sayının çox olacağını nəzərə alaraq ideyalar bankının yaradılmasını zəruri hesab etdik. Bu məqsədlə [email protected] email ünvanı yaratdıq. Hazırda xeyli təklif gəlib. Təklif və təşəbbüsləri komandamızla birgə analiz edirik və bunlardan ən faydalılarının həm qanunda əks olunmasına, həm də sonrakı mərhələdə tətbiqinə çalışacağıq. Bir sözlə, işimiz çoxdur. Bu məqamda bir məsələyə də aydınlıq gətirmək istəyirəm. Parlament Aparatında spikerin 4 köməkçisinin olduğunu yazırlar. Əslində isə sədrin iki köməkçisi var. Boş qalan yerə yeni köməkçi təyin olundu. Qalan 2 nəfər köməkçi ştatda sədrin köməkçiləri kimi getsə də,onlardan biri MDB PA-da Milli Məclisin daimi nümayəndəsi, digəri isə icraya nəzarət sektorunun müdiridir.

- Yeni çağırışın yaz sessiyası dünyanı bürüyən koronavirus pandemiyasının gərgin vaxtına təsadüf etdi. Parlament də elə ilk günlərdən Operativ Qərargahın təlimatına uyğun qərar verdi. Siz də insanların təmas məsələsiylə bağlı kişilərə çağırış edən ilk deputatlardan idiniz. Hazırda pandemiya ilə bağlı ölkədəki vəziyyəti necə qiymətləndirirsiniz?

- Prezidentin qərarıyla yaradılan Operativ Qərargahın fəaliyyətini müsbət qiymətləndirirəm. Koronavirus böyük bəlaya çevrilib. İnkişaf etmiş ölkələr belə bu virusla mübarizədə böyük çətinliklərlə üzləşiblər. Azərbaycanda ilk günlərdən ciddi tədbirlər görüldü. Allaha şükür, virus ölkəmizdə geniş yayılmayıb. Növbəti 20 gün çox vacibdir. Vətəndaşlarımız dövlətin həyata keçirdiyi karantin rejiminə ciddi riayət etsə, bu bəladan az itkilərlə qurtulacağıq. Əks halda, bizi ağır günlər gözləyəcək. Vətəndaşlarımızın əksəriyyəti bu məsuliyyəti anlayır. Ancaq bəziləri hələ virusa başdansovdu yanaşır, “əşi mənə bir şey olmaz” deyib küçəyə və məhəlləyə çıxırlar. Həmin şəxslər anlamalıdırlar ki, onlar yalnız özlərini deyil, ailələrini və ətraflarını təhlükəyə atırlar. Virusa yoluxan bir xəstə bilmədən onlarla və yüzlərlə insanı yoluxdura bilər, bu, əsl faciəyə çevrilər. Məsələn, qardaş Türkiyədə virusa yoluxan bir şəxs özü də bilmədən təxminən 30 nəfəri xəstəliyə yoluxdurub. Onun özünə bir şey olmayıb, ancaq yoluxdurduğu 3 nəfər vəfat edib. Ona görə də hamılıqla karantin rejiminə ciddi riayət etməliyik. O ki qaldı kişilərin öpüşməsiylə bağlı verdiyim və geniş rezonans doğuran açıqlamama, bu fikrimdə qalıram. Bu yanlış alışqanlıqdan qurtulmaq lazımdır.

- Bu bir faktdır ki, bizdə də yoluxanların sayı gündən-günə artır. Artıq TƏBİB rəsmiləri də bəyan edir ki, yoluxmanın sayı çoxalsa, bizdə yetəri qədər xəstəxana imkanı olmayacaq. Əhalinin küçəyə çıxmaması üçün çox ciddi sərt qərarlar da verilib. Siz bu prosesdən, insanların davranışından, hadisələrin gedişatından nə gözləyirsiniz?

- TƏBİB rəsmilərinin açıqlamaları ilə tam razıyam. Baxın, Avropa ölkələrində və Amerika Birləşmiş Ştatlarında nə baş verir? Söhbət dünyanın inkişaf etmiş ölkələrindən gedir. Ancaq indi bu ölkələrdə virus elə geniş yayılıb ki, xəstəxanalarda yerlər çatmır, xəstələri küçələrdə salınmış çadırlarda yerləşdirirlər. Çünki bu ölkələrin bir hissəsi Çində başlanan virusa əvvəl onlara aid olmayan hadisə kimi yanaşdılar. İndi isə bunun altını çəkirlər. Biz dövlət olaraq onların səhvini təkrarlamadıq. Ancaq Prezidentin də doğru qeyd etdiyi kimi, koronavirusla mübarizədə dövlətlə yanaşı, vətəndaşın da üzərinə böyük məsuliyyət düşür. Düşünün ki, 2020-ci ilin aprel ayının Azərbaycan tarixində və dərs kitablarında necə iz qoyması bu gün bizdən asılıdır. Ya gələcəkdə deyəcəklər ki, Azərbaycan vətəndaşları karantinə ciddi riayət etdilər və az itki ilə ölümcül virusdan qorundular. Ya da deyəcəklər ki, bəzi vətəndaşların səhlənkarlığı Azərbaycanda ciddi problemlər yaratdı. Bu ölüm, ya qalım məsələsidir. Biz tarixə birincilər kimi düşməliyik.

Cənab Prezident və birinci vitse-prezident Mehriban xanım Əliyeva çıxışlarında həkimlərin rolundan xüsusi danışırlar. Dövlət başçısı bəzi vətəndaşları ona görə məsuliyyətli olmağa çağırır ki, həkimlərin üzərinə düşən yük daha da ağırlaşmasın. Prezidentin də dediyi kimi, virusun yayılmasına məsuliyyətsiz yanaşan vətəndaş sabah virusa yoluxarsa onun həyatı uğrunda onlarla həkim mübarizə aparmalı olacaq. “Bu gün biz hamımız çətin günlər yaşayırıq” deyən Mehriban xanım Əliyeva gözəgörünməz düşmənlə mübarizəni belə qiymətləndirib: “Koronavirusla mübarizəni artıq müharibə ilə müqayisə edirlər. Bu, həqiqətən də müharibədir. Sözün əsl mənasında, gözəgörünməz düşmənlə müharibədir”. Biz bu düşmənlə müharibədə qələbə çalmalıyıq. Koronavirusla mübarizədə xarici ölkələrdə çalışan diplomatlarımız da fəal çalışırlar. Dövlətimiz vətəndaşlarımızı ölkəyə gətirmək üçün əlindən gələni edir. Bu işdə ən böyük yük xarici ölkələrdəki diplomatlarımızın üzərinə düşüb.

- Növbəti 20 gündə Azərbaycan xalqı bu virusla mübarizədən, sizcə, qalib çıxacaqmı?

- Özümüzdən asılıdır. Hazırda vəziyyətin ciddiliyini anlayan əksəriyyət səhlənkar azlıqla mübarizəni davam etdirir. Daxili inamım var ki, aprel ayının təhlükəsindən qurtulmaq üçün bütün imkanlarımızı səfərbər edəcəyik. Bizdən tələb olunan gərəksiz yerə küçəyə çıxmamaq, çıxdığımız halda isə insanlarla təmas etməmək, iki metrlik məsafəni qorumaqdır. Bunu bacarmaq məcburiyyətindəyik.

-  Əvvəl məhdudlaşdırıcı qaydalar tətbiq ediləndə polis vətəndaşla maarifləndirici tədbirlər aparırdı. Bu təqdir olunurdu. Ancaq indiki dövrdə evdən çıxmağa görə polis tərəfindən cərimələnmə sosial şəbəkələrdə bir qədər xoş qarşılanmır. Bildirilir ki, onsuz da bu dövr həssasdır və insanları bu şəkildə narazı salmaq düzgün deyil. Siz də keçmiş polis işçisisiniz. Cərimə məsələsiylə bağlı nə fikirləşirsiniz?

- Polis ona verilən əmri yerinə yetirir. Sosial şəbəkələri diqqətlə izləyirəm, hətta hakimiyyəti yerli-yersiz tənqid edənlər də polisin ciddi tədbirlər həyata keçirməsinin tərəfdarıdırlar. Bizdən əvvəl demokratiyanın beşiyi sayılan ölkələrin polislərinə karantin qaydalarını pozan vətəndaşlara qarşı cərimə tətbiq etmək səlahiyyəti verildi. Daha sonra həmin ölkələrin hökumətləri polis vasitəsilə karatini pozan vətəndaşları cinayət məsuliyyətinə cəlb etməyə başladılar. Doğru qərarlar idi. Hamı ilk növbədə, öz vətəndaşının sağlığını və dövlətinin gələcəyini düşünür. Ciddi qadağalar olmasa, küçələrdə gərəksiz yerə gəzənlərin sayı artacaq və onlar özləri də bilmədən virus daşıyıcılarına çevriləcəklər. Nəzarətdən kənar virus daşıyıcısının isə qatildən fərqi yoxdur. Türkiyə misalında olduğu kimi, virus daşıyıcısı 3 nəfərin ölümünə səbəb oldu. Ona görə də Azərbaycan polisinin səylərini yüksək qiymətləndirirəm. Polisimiz yüksək peşəkarlıq nümayiş etdirir, maarifləndirmə ilə yanaşı, vətəndaşları qaydalara riayət etməyə dəvət edir. 

- Pandemiya bütün dünya iqtisadiyyatına mənfi təsir etdiyi kimi, bizdən də yan keçməyib. Son illərdə ilk dəfə Azərbaycan neftinin qiyməti 16 dollara düşüb. Bu məqamı necə qiymətləndirirsiniz? Belə şəraitdə devalvasiya gözləniləndirmi?

- Hökumət rəsmiləri devalvasiyanın olmayacağını bir neçə dəfə vurğulayıblar. Çünki devalvasiya indiki ağır şəraitdə qiymət artımına səbəb ola bilər. Bu isə sosial problemləri daha da artırar. Neftin qiymətinin düşməsindən bir çox dövlət əziyyət çəkir. Azərbaycanda son illərdə qeyri-neft sənayesi inkişaf edib. Digər tərəfdən, Neft Fondunda 52 milyard dollara yaxın vəsait toplanıb. Bütün bunları nəzərə alaraq, virus təhlükəsi ortadan qaldırıldıqdan sonra çox qısa müddətdə iqtisadi gücümüzü bərpa edəcəyimizə inanıram. Prezidentin çıxışlarında qırmızı xətlə bir fikir var: “Elə düşünməliyik ki, heç neftimiz yoxdur”. Bəli, gələcəkdə iqtisadiyyatımız o hala gəlməlidir ki, neft gəlirlərindən asılı olmayaq.

- Sizdən əvvəl qardaşınız Məhərrəm Əliyev də yüksək posta təyin olundu. Prezidentin hərbi məsələlər üzrə köməkçisidir.  Necə düşünürsünüz, hər iki qardaşa böyük etimad göstərilməsinin səbəbi nədir?

- Bizim ailə Ümummilli lider Heydər Əliyev və onun davamçısı olan İlham Əliyev kursuna sadiqdir. Bu, dəyişməzdir. Dövlətimizin inkişafı bizim amalımızdır. Bizim üçün vəzifə önəmli deyil. Harda lazımıqsa, orda dövlətimizin və xalqımızın rifah halının yüksəlməsi üçün çalışmağa hazırıq.

- Məhərrəm müəllim vitse-spiker seçilməyinizi necə qarşıladı, sizə hansısa məsləhətlər veribmi?

- Əlbəttə, Məhərrəm müəllim vitse-spiker seçilməyim münasibətilə məni təbrik etdi. Böyük qardaşımın mənə məsləhəti hər zaman eyni olub: Dövlətimizin və millətimizin rifahı yolunda əməyini əsirgəmə! Mən də bu yolda Prezidentimin, dövlətimin və millətimin sıravi əsgəriyəm.






Fikirlər