"Mən sülhə səs verən erməni xalqına təşəkkür edir,Nikol Paşinyanı isə təbrik edirəm..."

Nikol Paşinyanın seçkidən qalib çıxdığını əminliklə söyləmək olar. Düzdür, səslərin hamısının sayılması xeyli vaxt aparacaq. Ancaq onun 45-55 faiz arası səs toplama ehtimalı çox yüksəkdir. Bu isə o deməkdir ki, Paşinyan Baş nazir olaraq qalacaq. 
 
Nə baş verəcək? Ermənistanda anti-Rusiya meylləri güclənəcək. Tezliklə Zəngəzur dəhlizi də daxil olmaqla bütün kommunikasiya xətləri açılacaq. Ermənistanla Azərbaycan arasında III Qarabağ Müharibəsi heç bir halda olmayacaq. İki ölkə arasında olan sərhəd problemləri çox sürətlə həllini tapacaq. 
 
Türkiyə və Azərbaycanla Ermənistanın sərhədləri açılacaq.
 
Erməni xalqı bu dəfə Rusiyaya uymadı və sülhə səs verdi. Sizi bilmirəm, mən sülhə səs verən erməni xalqına təşəkkür edirəm. Nikol Paşinyanı isə təbrik edirəm. O, bütün təzyiqlərə tab gətirdi. Ancaq Ermənistandakı demokratik mühitin ayaqlar altına atılmasına imkan vermədi. Arzu edirəm ki, türklərlə ermənilər arasında bir əsirdən uzun sürən düşmənçiliyə bir dəfəlik son qoyulsun. 
 
Rusiyanın təsir dairəsindən uzaqlaşan Ermənistan Azərbaycanın da Moskvadan asılılığının aradan qalxmasına ciddi töhfə verəcək. Mən buna əminəm...
 
Elbəyi Həsənli, İsveçrədə yaşayan tanınmış jurnalist






Fikirlər