“MÜSƏLMAN DÜNYASININ 300 MİLYONluq yeni bir OCAĞI,MƏRKƏZİ formalaşır...”

“Müsəlman dünyasının 300 milyonluq  yeni bir ocağı, mərkəzi formalaşır...”

“Nüvə silahına malik yeganə müsəlman dövləti olan Pakistan, dünyada ikinci güclü orduya malik olan Türkiyə və  ordusu öz gücünü son Qarabağ savaşında dünyaya  təqdim edən Azərbaycan...”
 
Xəbər verildiyi kimi, bu gün – iyulun 27-də Türkiyə, Azərbaycan və Pakistan parlamentlərinin sədrlərinin ilk üçtərəfli toplantısı başlayır. Toplantının yekun sənədi olaraq “Bakı bəyannaməsi”nin imzalanacağı gözlənilir.
Siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev Moderator.az-a açıqlamasında Azərbaycan və Türkiyə Prezidentləri səviyyəsində Şuşa Bəyannaməsinin imzalanmasından bir aydan bir az çox müddətdən sonra üç qardaş və dost ölkənin qanunverici orqanları səviyyəsində imzalanacaq  növbəti Bəyannamənin əhəmiyyətindən  bəhs edib.
 
“Bu görüşü və sonda imzalanacaq sənədi öncədən çox yüksək dəyərləndirirəm. Əvvəla, Bakı Bəyannaməsi yeni bir  türk-müsəlman ittifaqının rəsmən əsasını qoyacaq: 210 milyonluq Pakistan, 85 milyon  Türkiyə, üstəgəl 10 milyonluq Azərbaycan... Bu minvalla müsəlman dünyasının təxminən 300 milyonluq  yeni bir ocağı, mərkəzi formalaşır. 
 
İkincisi, bu sənəd hər üç ölkənin bir araya gəlmiş qanunverici orqanları səviyyəsində  imzalanır. Bu da yaxın gələcəkdə beynəlxalq hüquq müstəvisində hər üç ölkənin qanunvericilik bazasının bir-birinə yaxınlaşdırılmasının da əsasını qoyur... 
Üçüncüsü, 44 günlük Vətən müharibəsi də göstərdi ki,  bu 3 ölkə arasında həddən böyük yaxınlıq, qardaşlıq, dostluq var:  nüvə silahına malik yeganə müsəlman dövləti olan Pakistan, dünyada ikinci güclü orduya malik olan Türkiyə və  ordusu öz gücünü son Qarabağ savaşında dünyaya  təqdim edən Azərbaycan... Bu 3 ölkə ordusunun bir araya gəlməsi üçün qanunvericilik bazasının yaradılmasından ötrü də, yəqin ki, yaxın gələcəkdə nələrsə düşünüləcək.  
 
Və dördüncüsü, bu sənəd həm də İslam dünyasını gözdən salmağa cəhd edənlərə, islamofobiyaya da qarşı bir sivil birlik mesajı olacaq. Bilirsiz, bütün dinlərin daşıyıcıları tərəfindən hər cür xətalar, səhvlər, günahlar, cinayətlər  törədilir. Fəqət bunlar müsəlmana aid olanda əsas beynəlxalq güc mərkəzləri və media tərəfindən dinin, yəni İslamın adına yazılır.  Amma digər səmavi dinlər; istər xristianlıq, istərsə də iudaizm mənsublarının xəta və günahlarını müzakirə edəndə dini yox, konkret adamları günahlandırırlar.  Yəni bu məsələyə bir son qoymaq lazımdır. Bütün dünyaya qəti şəkildə anlatmaq gərəkdir ki, biz müsəlman olaraq İslam dininin daşıyıcısıyıq. Amma biz digər dinlərə də hörmətlə yanaşırıq.  Hansısa müsəlmanı hər hansı bir xətanı, cinayəti törətməyə İslam məcbur etmir. Bu, onun fərdi xüsusiyyətlərinin, ailə tərbiyəsinin, təhsilinin, yetişdiyi mühitin, sosial durumunun və s.  nəticələri kimi ortaya çıxır... Bir  sözlə, Azərbaycan-Türkiyə-Pakistan İttifaqı tərəfindən islamofobiyaya qarşı mübarizə istiqamətində də mühüm addımlar atılacağına inanıram... 
 
Beşincisi, Bakı Bəyannaməsi, zənnimcə,  Azərbaycanla həm əhali, həm ərazicə müqayisədə iki böyük ölkənin iştirakıyla vahid bazarın yaradılmasına da yol açır.  Yəni, üç ölkənin birbaşa sərhədləri olmadığına görə vahid iqtisadi məkan yaratmaları çətindir.  Amma vahid bazar yaradılması mümkündür. Bu ölkələr arasındakı ödəmələr dollar və avro ilə yox,  özlərinin  valyutalarının müvafiq kursuyla da müəyyənləşdirilə bilər... 
Yəni çox işlər görmək olar. Və bir sözlə, Bakı Bəyannaməsinin hər üç ölkə arasında yaxın gələcək üçün iqtisadi, siyasi,  ideoloji və hərbi sahədə yeni yol xəritələrinin hazırlanmasına gətirib çıxaracağına inanıram” –deyə Cümşüd Nuriyev vurğulayıb.
 
Sultan Laçın 






Fikirlər