PAŞİNYAN TƏSLİM OLUR: Əliyev və Putin Ermənistana növbəti dəfə şans verir

Yeni regional reallıqlar qarşısında aciz qalan rəsmi İrəvanın Azərbaycan və Rusiyanın intensiv təzyiqlərinə müqaviməti qırıldı; İndi Paşinyan hakimiyyəti Ermənistanı xilas etmək üçün sərhədləri delimitasiya və demarkasiya etməyə, Azərbaycanın ərazi bütövlüyünü tanımağa, Zəngəzur dəhlizini açmağa, nəhayət, yekun sülh sazişini də imzalamağa hazır görünür...

Ermənistan reallıqla barışmaq üzrədir. Nəhayət ki, bu düşmən ölkədə keçmişə dönüşün mümkün olmayacağını anladılar. Yeni geopolitik şərtlərə müqavimətin erməniləri yalnız Cənubi Qafqaza köçürüldükləri dövlətsiz keçmişə götürə biləcəyinin artıq fərqindədirlər.

Ona görə də, hesab etmək olar ki, 30 ilə yaxın davam etmiş "erməni böhranı" yekunlaşmaq üzrədir. İndi Paşinyan hakimiyyəti yekun sülh sazişinin imzalanmasından yayınmaq şanslarını tamamilə itirmiş durumdadır. Və yaxın vaxtlarda bu proses artıq məntiqi sonluğa qovuşmuş olacaq.

Məsələ ondadır ki, son günlər baş verən hadisələr Cənubi Qafqaz üçün böyük əhəmiyyət daşıyan tarixi anlaşmanın əlamətləri açıq-aşkar biruzə verirdi. Ermənistan baş naziri Nikol Paşinyan israrlı şəkildə Azərbaycan Prezidenti İlham Əliyev ilə birbaşa təmaslara can atırdı.

1b9252b959aa86f2a8a0f903b467a677.jpg (102 KB)

Ancaq rəsmi Bakı is erməni baş nazirin bu cəhdlərinə müsbət reaksiya versə də, həm də təmkinli davranırdı. Yəni, Azərbaycan Prezidentinin sadəcə, hansısa məsələləri müzakirə etmək üçün erməni baş nazir ilə görüşmək niyyətində olmadığı qətiyyən şübhə doğurmurdu.

Məsələ ondadır ki, Azərbaycanın dövlət başçısı konkret nəticələrin olacağı təqdirdə, erməni baş nazir ilə görüşə bilərdi. Ermənistan tərəfinin zaman qazanmaq məqsədilə süni müzakirə gündəmi yaratmağa göstərdiyi cəhdlər rəsmi Bakıya qətiyyən maraqlı deyildi. Və bu, rəsmi İrəvanın diqqətinə birmənalı şəkildə çatdırılmışdı.

Ermənistan baş naziri Nikol Paşinyanın Gürcüstana səfəri zamanı Batumidə 4-5 saat ərzində müəmmalı şəkildə yoxa çıxması səhnəarxasında müəyyən proseslərin cərəyan etdiyini sezdirirdi. Ardından erməni baş nazirin Moskvaya prezident Vladimir Putinin "hüzuruna" çağırılması da ciddi olayların sürətlə yaxınlaşmasından xəbər verirdi. Və erməni baş nazirin Rusiyadan dönüşündən dərhal sonra heç bir ciddi ehtiyac olmadığı halda, gözlənilmədən MDB dövlət başçılarının sammitinin keçirilməsi də müəmmalı xarakter daşıyırdı.

Ancaq həmin sammitdə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın ünvanına sərt ittihamlar səsləndirmısinə erməni baş nazirin sadəcə, susqun qalması rəsmi İrəvanın öz taleyi ilə artıq barışdığını sezdirirdi. Ermənistan baş naziri Nikol Paşinyanın çıxışı isə baş verənləri təsəvvür etməyə imkan yaratdı. Erməni baş nazir "Azərbaycan Ermənistan ərazisindən Naxçıvana marşrut əldə etməlidir" deməklə, bəzi müəmmalı məqamların üzərindən sirr pərdəsini götürmüş oldu.

nam_4931.jpg (118 KB)

Məlum oldu ki, MDB sammiti elə erməni baş nazirin dövlət başçıları qarşısında həmin açıqlamanı verməsi üçün təşkil olunmuşdu. İndi bundan sonra rəsmi İrəvanın belə ciddi auditoriya qarşısında dilə gətirilmiş açıqlamanı inkar etmək şansı olmayacaq. Və bu baxımdan, rəsmi Bakının 5 erməni diversantı Ermənistana təhvil verməsi də əslində, Paşinyan hakimiyyətinə məlum açıqlama ilə bağlı dəstək mükafatı sayıla bilər.

Səhnə arxasında baş verənlərdən rəsmi İrəvanın qətiyyən məmnun qalmadığı, əksinə, məyus olduğu 5 erməni diversantın qarşılanması zamanı açıq-aşkar hiss olunurdu. Çünki, əvvəllər analoji situasiyalarda müşahidə olunan xüsusi canfəşanlıq bu dəfə qətiyyən sezilmirdi. Və buna paralel olaraq, həm Rusiyanın, həm də prezident V.Putinin hədəf alınıb, təhqir olunduğu yürüşün təşkil olunması rəsmi İrəvanın mövcud situasiyadan yayınmaq üçün son cəhdləri idi.

Ancaq Kremldə buna qətiyyən əhəmiyyət vermədilər. Paşinyan hakimiyyətinə Ermənistan cəmiyyətinin etirazları üzərindən yeni bəhanələr icad etmək şansı tanımadılar. Və Rusiya prezidenti Vladimir Putin "Valday" forumunda "Azərbaycan Naxçıvanla normal əlaqənin qurulmasında, kommunikasiyaların açılmasında maraqlıdır" deməklə, Ermənistanın bütün bəhanələrinin üzərindən birdəfəlik xətt çəkmiş oldu.

İndi bütün bunların əsl səbəbləri artıq tədricən tam şəkildə ortaya çıxmağa başlayıb. Belə ki, Ermənistan mətbuatı noyabrın 9-da Moskvada Ermənistan və Azərbaycan arasında iki yeni sənədin imzalanacağını iddia edir. Həmin iddiaya görə, Rusiya prezidenti V.Putinin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında iki önəmli anlaşma imzalanacaq.

6da74400aba8918d0b8d71c88c66c480.jpg (30 KB)

Maraqlıdır ki, birinci sənədin Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiya və demarkasiyasına aid olduğu bildirilir. Bu sənədə görə, SSRİ Müdafiə Nazirliyinin Baş Qərargahının 1920-ci illərə aid xəritələri əsasında Ermənistan və Azərbaycan qarşılıqlı olaraq, dövlət sərhədlərini və ərazi bütövlüyünü tanıyacaq.

İkinci sənədə gəldikdəsə, regionda nəqliyyat-kommunikasiya xətlərinin açılması, xüsusən də “koridor-yolların" qurulması, o cümlədən də Azərbaycan və Naxçıvan arasında dəhlizin açılması üzərində anlaşmanın əldə olunduğu iddia edilir.

Ermənistan mətbuatı iddia edir ki, bu barədə etibarlı diplomatik mənbələrdən məlumat alınıb. Eyni zamanda, vurğulanır ki, əgər, bütün bunlar doğru olarsa, deməli, Paşinyan hakimiyyəti "Artsax xalqı"nın özmüqəddəratını təyinetmə hüququnu həmişlik dəfn edəcək, yəni, "Artsax"ın mövcudluğu sona çatacaq.

Göründüyü kimi, rəsmi İrəvan nə qədər müavinət göstərməyə, avantürist manevrlər etməyə çalışsa da, səhnəarxasında olduqca ciddi olaylar baş verirmiş. Yəni, bu iddiaların doğru çıxma ehtimalı kifayət qədər yüksəkdir. Belə ki, bir müddət öncə Azərbaycan Prezidenti İlham Əliyev Zəngəzur dəhlizi ilə bağlı açıqlama verərkən, "Bu hədəfimizə çatmaq üzrəyik" demişdi. Eyni zamanda, Rusiya prezidenti V.Putun də "Valday" forumunda "Azərbaycan və Ermənistan arasındakı sərhəd problemləri Rusiya ordusunun Baş Qərargahında olan xəritələr vasitəsilə həll oluna bilər" deyə vurğulamışdı.

put-pasha-krem.PNG (113 KB)

Təbii ki, Azərbaycan və Rusiya prezidentləri dediklərinin reallaşacağına əmin olmasaydılar, belə açıqlamalar verməzdilər. Bu isə o deməkdir ki, tarixi anlaşma o qədər də uzaqda deyil. Və yaxın vaxtlarda reallığa çevrilə bilər.

Digər tərəfdən, Rusiyanın Kremlə yaxınlığı ilə tanınan rian.ru saytı da noyabr ayında Əliyev-Putin-Paşinyan görüşünün keçirilə biləcəyi barədə məlumat yayıb. Həmin məlumatda da etibarlı mənbəyə istinadən, yeni üçtərəfli anlaşmaların imzalanacağı vurğulanır. Saytın bu barədə sualına isə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "Anlaşma olacağı təqdirdə, məlumat verəcəyik" deməklə, kifayətlənib. Yəni, Kreml təmsilçisi yayılan məlumatları təkzib etməyib. Əksinə, gözləntiləri daha da artırıb.

Belə anlaşılır ki, Paşinyan hakimiyyətinin müqaviməti qırılıb. Rəsmi İrəvan yeni regional reallıqlarla barışaraq, Rusiya və Azərbaycanın təzyiqləri qarşısında nəhayət ki, təslim olub. Əvəzində isə Azərbaycan Prezidenti İlham Əliyev və Kreml sahibi Vladimir Putin tərəfindən Ermənistana vəd olunan mövcudluq şansı qazanıb. Hər halda, həm rəsmi Bakı, həm də Kreml üçtərəfli anlaşmaların icrasının Ermənistan üçün öz mövcudluğunu qorumaq baxımından, yeganə doğru variant olduğunu rəsmi İrəvana dəfələrlə xatırlatmışdı. /"Yeni Müsavat"  

 
 
 






Fikirlər