Paşinyan hakimiyyətinə üç ölkədən tam təminat alıb: Sui-qəsd təhlükəsi isə hələ qalır

Rusiya, Azərbaycan və Türkiyənin Nikol Paşinyana uzun müddət hakimiyyətdə qalacağı barədə təminat verdiyi iddia olunur; Erməni baş nazirin və onun ailəsinin təhlükəsizliyi isə hazırda yalnız Rusiya kəşfiyyatından asılıdır…

Ermənistan cəmiyyətində müttəfiq problemi müzakirə edilir. Ermənilər Rusiyanın hərbi müttəfiqliyindən qətiyyən məmnun deyillər. Onların fikrincə, Kreml Ermənistan qarşısındakı hərbi müttəfiqlik öhdəliklərini yerinə yetirməyib.

Maraqlıdır ki, Ermənistan cəmiyyətində hərbi müttəfiqlik sadəcə, Rusiya əsgərlərinin ermənilərin əvəzində vuruşması kimi başa düşülür. Hesab olunur ki, II Qarabağ savaşında Rusiya ordusu Azərbaycana qarşı müharibəyə girməliydi. Bu, baş vermədiyinə görə, indi ermənilər Ermənistanın başına gələn bütün fəlakətlərlə bağlı məhz Rusiyanı günahlandırırlar.

Maraqlıdır ki, Fransa kəşfiyyatının zabiti Alen Rodye də Rusiyanın Ermənistanla hərbi müttəfiqliyinin qüsurlu olduğunu düşünür. Onun fikrincə, 44 günlük savaş ərzində Rusiya Ermənistana münasibətdə ikibaşlı oynayıb, öz maraqlarını fərqli geopolitik cəbhələr üzərindən təmin etməyə çalışıb. Və nəticədə Azərbaycanla hərbi rəqabətdə gücsüz olan Ermənistan genişmiqyaslı silahlı toqquşmalara davam gətirə bilməyib.

1557949855_zabit.jpg (50 KB)

Onu da qeyd edək ki, fransız kəşfiyyatçı Ermənistanın yaxın gələcəkdə hərbi revanş şansı qazana biləcəyinə o qədər də inanmır. Onun fikrincə, Rusiya Ermənistanı əvvəlki dövrlərdə olduğu kimi himayə etməyə həvəsli deyil. Bunun əksinə olaraq, Cənubi Qafqaz üzərindən Orta Asiyaya birbaşa çıxış imkanı qazanmaqda israrlı olan Türkiyə Azərbaycanı bütün istiqamətlər üzrə dəstəkləyir. Və bu baxımdan, geopolitik qüvvələr nisbəti də Ermənistanın əleyhinədir.

Təbii ki, bütün bunları nəzərə aldıqda, Azərbaycan və Türkiyə prezidentlərinin Ermənistan razılıq almağa belə, ehtiyac duymadan Zəngəzur dəhlizinin təməlini atmaları o qədər də təəccüblü deyil. Üstəlik, həm Azərbaycan, həm də Türkiyə bu strateji layihənin tezliklə reallaşacağına arxayındır. Və Azərbaycan Prezidenti İlham Əliyevin son açıqlamasının məzmunu da bunu təsdiqləyir.

Məsələ ondadır ki, Prezident İlham Əliyev Zəngəzur dəhlizinin bütün Türk dünyasını birləşdirəcəyini bəyan edib: “Azərbaycan və Türkiyə Zəngəzur dəhlizi üzrə layihənin reallaşması üçün bütün lazım olan addımları atır. Əminəm ki, yaxın vaxtlarda bu addımlar öz nəticələrini verəcək”.

Göründüyü kimi, Azərbaycan Prezidenti atılan addımların uğurlu nəticələrinə əmindir. Ümumiyyətlə, Azərbycanın dövlət başçısı heç vaxt real olmayan layihələr barədə danışmır. O, həmişə birmənalı şəkildə reallaşacağından şübhə etmədiyi strateji hədəfləri gündəmə gətirir.

Maraqlıdır ki, Ermənistanın məruz qaldığı mənəvi-psixoloji zərbənin çox sarsıdıcı olduğunu vurğulayan “Ermənistanın səsi” qəzeti də Azərbaycan Prezidenti İlham Əliyevin özünə əminliyini ön plana çıxarıb: “Saxta reallıq illüziyasını Azərbaycan Prezidenti tezliklə Şuşanın ələ keçirilməsi bəyanatı ilə dağıtdı. Halbuki, onda biz hələ heç Hadrutun itirilməsi ilə də barışa bilməmişdik. O günlərdə və elə indi də İ.Əliyev öz xalqı və erməni icması ilə kifayət qədər ədalətli olub, öz planlarını qətiyyən gizlətməyib. Əgər, onun planı o zaman maksimum Şuşanı əldə etmək idisə, indi Xankəndi yox, İrəvandır”.

kollaj 123.jpg (723 KB)

Belə anlaşılır ki, Ermənistan cəmiyyətində gələcəyə yönəlik proseslər barədə təsəvvürlər əsasən, Azərbaycan Prezidentinin açıqlamaları sayəsində formalaşır. Ermənilər Prezident İlham Əliyevin bəyanatlarına uyğun şəkildə yaxın gələcəkdə Cənubi Qafqazda baş verə biləcək olaylar barədə məlumatlanırlar. Və bu, əslində, Ermənistan cəmiyyətinin də müəyyən mənada, Azərbaycan Prezidenti tərəfindən idarə olunduğu anlamına gəlir.

Məsələ ondadır ki, Ermənistanın siyasi dairələri hazırda ən yaxşı halda, Azərbaycan Prezidenti İlham Əliyevin reallaşacağını əminliklə vurğuladığı məsələləri sadəcə, etiraf etməklə məşğuldurlar. “Azərbaycan Ermənistan ərazisindən keçməklə, Naxçıvana mütləq yol alacaq” deyən erməni deputat Qagik Melkonyan da qətiyyən istisna deyil: “Biz buna yol deyirik, onlar (Azərbaycanlılar) dəhliz deyirlər. İndi biz Qarabağa necə girib-çıxa biliriksə, onların da Azərbaycan-Naxçıvan yolu olmalıdır”.

Ermənistanda nəşr olunan “Joxovurd” qəzeti isə Ermənistan hökumətinin Azərbaycanın Naxçıvana marşrut qazanması ilə razılaşacağını iddia edib. Üstəlik, Ermənistanın həmin dəhlizə nəzarət edəcəyinə əminliyin olmadığını da vurğulayıb. Və bütün bunlar Ermənistan cəmiyyətinin artıq Zəngəzur dəhlizinin reallaşmasının qaçılmazlığı ilə barışmaq üzrə olduğunu da göstərir.

Əslində, Ermənistan üçün başqa çıxış yolu da demək olar ki, qalmayıb. Rusiya Ermənistanın hərbi müttəfiqi olsa da, Zəngəzur dəhlizinin açılmasına dəstək verdiyini sezdirir. Rəsmi İrəvanın ümid bəslədiyi İran artıq Azərbaycanla qarşıdurmadan yayınmağa başlayıb. ABŞ və Fransa isə Ermənistan ucbatından Cənubi Qafqazda əsas geopolitik iradə sahibi olan Azərbaycanla münasibətlərini korlamaq istəmir. Hər iki dövlət üstüörtülü şəkildə eyham vurur ki, rəsmi İrəvan öz geopolitik problemlərinin həllini məhz Ermənistanda hərbi bazaları olan Rusiyadan tələb etməlidir.

pasha-klan.jpg (990 KB)

Rusiya mətbuatı isə 9 oktyabrda Soçi şəhərində Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşünün keçiriləcəyini yenidən gündəmə gətirməklə, erməni toplumunda narahatlığı ən yüksək həddə qaldırıb. Belə ki, rəsmi İrəvan yaxın həftələrdə belə bir görüşün planlaşdırılmadığını iddia etsə də, Rusiyanın “Oktaqon” nəşrinin bu barədə məlumatı Ermənistanda gərginliyi yenidən artırıb. Çünki Paşinyan hakimiyyətindən daha çox Rusiya və Azərbaycan mətbuatına inanan erməni toplumu “yeni güzəştlərlə yüklənmiş sənədlərin imzalanma ehtimalından narahatdır.  

Təbii ki, belə vəziyyətdə Ermənistanın siyasi-ictimai səhnəsində Paşinyan hakimiyyətinə qarşı etiraz dalğasının yenidən güclənməkdə olması qətiyyən təəccüblü deyil. Hətta bəzi məlumatlara görə, baş nazir Nikol Paşinyana və onun ailəsinə qarşı sui-qəsd hədələri də səsləndirilməyə başlayıb. Və hazırda erməni baş nazirin ən çox qorxduğu məsələnin də məhz sui-qəsd təhlükəsi olduğu bildirilir.

Məsələ ondadır ki, Ermənistan baş naziri N.Paşinyan öz hakimiyyəti üçün elə bir ciddi təhlükə gözləmir. Onun uzun müddət Ermənistanda hakimiyyətdə qalmaqla bağlı Rusiya, Azərbaycan və Türkiyədən təminat ala bildiyi iddia olunur. Və Kremlin növbədənkənar parlament seçkiləri ərəfəsində Qarabağ klanını oyundankənar vəziyyətdə saxlamasının da məhz Paşinyan hakimiyyətinə verilən həmin təminatdan qaynaqlandığını təsdiqləyir.

Maraqlıdır ki, bir müddət öncə Kremlin Paşinyan hakimiyyətinə verdiyi təminatı dolayısı ilə Ermənistan cəmiyyətinə sızdırdığı barədə də məlumatlar mövcuddur. Belə ki, Ermənistanda nəşr olunan “Qraparak” qəzeti öz etibarlı mənbələrinə istinadən Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun qapalı bir toplantıda növbədənkənar parlament seçkiləri barədə danışarlən, gözlənilmədən “Biz onun (Paşinyan) seçilməsini istəyirdik” dediliyini iddia edib. Əgər, bu iddia doğrudursa, onda N.Paşinyana atacağı addımların onun hakimiyyətinə problem yaratmayacağı barədə təminat verildiyinə şübhə yeri qalmır. Sadəcə, hazırda erməni baş nazir üçün yalnız sui-qəsd təhlükəsi aktual olaraq, qalır. Bu təhlükə isə indiki situasiyada yalnız Rusiya kəşfiyyatı sayəsində əngəllənə bilər.  /“Yeni Müsavat”  

 
 






Fikirlər