“ATAM DEDİ Kİ,ƏGƏR məndən soruşub gedirsənsə icazə vermirəm,soruşmayıb gedirsənsə SƏN ADDA OĞLUM YOXDUR”

“Atam dedi ki, əgər məndən soruşub gedirsənsə icazə vermirəm, soruşmayıb gedirsənsə sən adda oğlum yoxdur”

Kinonun, tamaşanın edə biləcəyini, ən məşhur siyasət adamları da edə bilmir...”
 
“Yaxşı ki, məni Spartak kimi tanıyırlar, şeir deyən, ekspert kimi yox...”
 
“1985-ci ilə qədər hansı film çəkilibsə, hamısına dəvət almışam. Ya fotosınaqlardan, ya kinosınaqlardan keçmədin deyiblər. Guya da. Bilirsiniz də, əvvəlcə fotosınaqlar olurdu, sonra kamera qarşısında oynayırdıq. Bəlkə də mənim gücüm onlara çatmayıb. Amma bəlirli bir qrup idi, ona görə də ora düşmək çətin idi. Mən həmişə demişəm bunu, təkrar etmək məcburiyyətindəyəm, hər hansı kinonun, tamaşanın edə biləcəyini, ən məşhur siyasət adamları da edə bilmir. O vaxtı kinoteatrlara filmlər gəlirdi, kinoteatrlar dağılırdı. Kinonun təbliğatı, kinonun çatdıracağı mesajı heç kim çatdıra bilmir. Bu baxımdan kino çox qiymətli incəsənət növüdür”.
 
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist, Akademik Milli Dram teatrının aparıcı aktyoru Füzuli Hüseynov deyib.
Sənətkar atası ilə bağlı etiraf edib.
 
“Şofer olmaq istəyirdim, bu həqiqətdir. 4-cü sinifdən maşın sürürdüm. Birinci il universitetə daxil ola bilmədim, kəsilib doğma rayonuma-Balakənə geri qayıtdım. Dostlarım dedi ki, “Qazaxıstanda iş var, böyük tır maşınlar üçün kursdur, onu oxuyub bitirirsən, sonra da sürürsən”. Atam nahar vaxtı işdən evə gəldi. Anam dedi ki, oğlun gedir. O zaman 18 yaşım var idi. Kişi üzümə baxıb dedi ki, “əgər məndən soruşub gedirsənsə, icazə vermirəm, yox əgər soruşmayıb gedirsənsə, sən adda mənim oğlum yoxdur, bura qayıtma”. Çamadanı atıb, evdə oturdum. Atamın o sözündən sonra getmədim” deyə sənətkar bildirib.
 
Aktyor “Təhminə” filmindəki Spartak obrazından da danışıb.
“Əslində orada oynamalı bir şey yox idi. Sadəcə olaraq əsər populyar idi. Elə aktyorlar olub ki, rəhmətə gedəni də var, sağ olanı da. 27-28 filmdə baş rol alıblar. Amma küçədə bir adamdan soruşursan ki, “filan adda, soyadda aktyoru tanıyırsan?”. Biri deyir ki, “hə televizorda şeir deyəndir”. Biri deyir ki, “hə, o gün efirdə ekspert qismində nəsə danıırdı”. Amma Həsənağa Turabov deyən kimi Gəray bəy, Qəmlo deyəndə Məlik Dadaşov yada düşür. Nöqtə qoyulmuş obrazlar var. Nə yaxşı ki, mənim taleyimə heç olmasa bu düşüb ki, tanımayanda mənə Spartak deyirlər. Nə yaxş ki, məni şeir deyən kimi tanımırlar” deyə sənətkar bildirib.






Fikirlər