Sevinc Osmanqızını Azərbaycana gətirmək istəyirlər

Sevinc Osmanqızını Azərbaycana gətirmək istəyirlərHazırda ABŞ-da yaşayan tanınmış jurnalist Sevinc Osmanqızının hüquqlarının müdafiəçisi Elmira Sarıyeva müvəkkilinə qarşı xüsusi ittiham qaydasında qaldırılan cinayət işinin gedişi ilə bağlı narahatlıq ifadə edib. Modern.az saytının məlumatına görə, vəkil bu haqda bildirib:

"Cinayət işinin icraata qəbul olunması üçün heç bir sübut, əsas olmayıb. Sevinc Osmanqızına qarşı məqsədyönlü şəkildə böhtan və təqib kampaniyası aparılmaqdadır. Xanım juralist əsassız olaraq, xarici xidmət orqanları ilə əməkdaşlıq etməkdə, dövlət əleyhinə fəaliyyətdə ittiham olunur. Bu kampaniyadan məqsəd Sevinc Osmanqızının nüfuzuna zərbə vurmaq, onun məcburən Azərbaycana gətirilməsinə nail olmaqdır".

Bakının Nərimanov rayon Məhləməsində hakim Məzahir Sadıqovun sədrliyi ilə keçirilən prosesdə Sevinc Osmanqızı ilə bağlı İcra Hakimiyyətinə, Dövlət Statistika Komitəsinə, Dövlət Sərhəd Xidməti və digər dövlət qurumlarına sorğular göndərilib. Sorğular hələ cavablandırılmadığından proses yanvarın 13-dək təxirə salınıb.

Qeyd edək ki, Sevinc Osmanqızına qarşı keçmiş həyat yoldaşı Azər Xəlilovun iddiası əsasında Cinayət Məcəlləsinin 147 (böhtan atma) və 148-ci (təhqir etmə) maddələri ilə cinayət işi açılıb.






Fikirlər