Əsas Səhifə > Slayd > "Qarabağda hər an müharibə başlaya bilər"

"Qarabağda hər an müharibə başlaya bilər"


13-04-2016, 17:04

"Qarabağda hər an müharibə başlaya bilər" — Politoloq rəyi

Qarabağda baş verən 4 günlük müharibədən sonra danışıqlar prosesini davam etdirmək istəyən qüvvələr Azərbaycan və Ermənistana səfərlər etdilər.

Rusiyanın baş naziri Dmitri Medvedev Ermənistan və Azərbaycana rəsmi səfərlər etdi. Səfərdən sonra isə bildirdi ki, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş qalmalıdır. Rusiya baş nazirindən əlavə ATƏT-in Minsk qrupunun həmsədrləri də bölgəyə səfərlər etdilər. ABŞ-ın həmsədrindən başqa digər faransalı və rusiyalı həmsədrlər danışıqların uzadılmasının tərəfdarı olduqlarını bildirdilər.

4 günük müharibə və Azərbaycan ordusunun uğurlu əməliyyatlarından sonra ermənilər özləri də iki cəbhəyə ayrılıb. Bir qurub erməni torpaqların geri qaytarılmalı olduqlarını bildirir.

Baş verən proseslərlə bağlı politoloq Qabil Hüseynli Ölkə.Az-a danışıb:

"Son hadisələrdən sonra ermənilərin rəyini nəzərə almaq mümkün olacaq. Ancaq mütləq xarakter daşımır. Əgər əvvəlki dövrlərdə ermənilərin rəyi nəzərə alınırdı, erməni siyasi rəhbərliyinin rəyi həlledici idisə, bundan sonra artıq həlledici xarakter daşımayacaq. Çünki dünyanın əksər dövlətləri, xüsusən qərb dövlətləri problemin bir an öncə həllini istəyirlər. Qərb yaxşı başa düşür ki, Rusiya bu problemdən hər an Qərbə qarşı provikasiya kimi istifadə edə bilər. Rusiya Cənubi Qafqazda xaus vəziyyəti yarada bilər, Gürcüstan və Azərbaycana qarşı müxtəlif təxribatlar törədə bilər. Bir sözlə Rusiya situasiyanı tamamilə idarə edilməz hala gətirib çıxarar. Hətta Cənubi Qafqaza zoraki halların olacağını da istisna etmirəm. Bu isə Qərbin bir çox iqtisadi layihələrini təhlükə qarşısında qoya bilər. Qərb Azərbaycan qazının qərbə ixrac olunması ilə bağlı TANAP layihəsini özünün Rusiyanın qaz diqtəsindən azad olunmasının yolu kimi düşünür. "İpək yolu" layihəsi qərbin Asiyaya çıxışı üçün çox mühüm layihələrdən biridir. Bakı-Tiblisi-Ceyhan neft kəməri Qərbin enerji layihələrinin mühüm bir hissəsidir. Qərb, xüsusən ABŞ və NATO Azərbaycan üzərindən Əfqanıstan və digər ölkələrə özünün bir sıra layihələrini, strateji maraqlarını gerçəkləşdirmək üçün nəqliyyat dəhlizi kimi istifadə edir. Rusiya çoxdandır ki, Azərbaycana özünün rəqibi kimi baxır. Rusiya hər vasitə ilə bu layihəni pozmağa çalışır.

Rusiyanın baş naziri Dmitri Medvedev Bakıya gəldi, diplomatik etiketlərə uyğun olmayan bir tərzdə münaqişənin dondurulmasından danışdı. Sözün həqiqi mənasında bu, öz torpaqlarını işğaldan azad etmək istəyən Azərbaycana meydan oxumaq kimi bir şey idi. Rusiyanın indiki davranışlarından görmək mümkündür ki, həll variantını uzatmaq istəyir. Lavrov birinci dəfə Bakıya gələndə 7 rayonun işğaldan azad olunmasından danışırdı. Onun ardınca Medvedev Bakıya gəldi və 5 rayonun geri qaytarılması barədə erməniləri dilə tutduğunu bildirdi. Eyni zamanda, Medvedev əlavə etdi ki, əgər bu məsələdə kompromis olmayacaqsa, onda münaqişənin dondurulması ən yaxşı variantdır. Açıq-aydın elə bir variant ortaya qoydular ki, Azərbaycan ordusunun erməni silahlı qüvvələrini darmadağın etməsinə baxmayaraq, biz yeni yaranmış reallıqları qəbul etmirik və siz bizim diqtə etdiyimiz şərtlər üzrə hərəkət etməlisiniz. Minsk qrupunun həmsədrlərindən fərqli fikirlər çıxdı. ABŞ-ın Minsk qrupundakı həmsədri Ceyms Uorlik bildirdi ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır. Rusiyalı və fransalı həmsədrlər münaqişənin həlli ilə bağlı heç bir pozitiv fikir səsləndirmədi. Əksinə onlar ABŞ-ın Minsk qrupundakı həmsədri Ceyms Uorlikin fikrindən narazı qalaraq, Ceyms Uorlik olmadan Ermənistana səfər etdilər. Onlar Bakıya qayıtdıqdan sonra rusiyalı həmsədr İqor Popov bildirdi ki, məsələ çox mürəkkəbdir. Hələki hər hansısa irəliəyiş barədə danışmaq çox tezdir. Danışıqlar uzun sürən marafon xarakterini ala bilər. Göründüyü kimi bütün hallarda Rusiya və onun həmsədr nümayəndəsi danışıqların uzanması variantından başqa variant görmürlər.

Avropa İttifaqı, Avropa Şurası, ABŞ Dağlıq Qarabağ probleminin həll olunmasının vacibliyindən danışırlar. Belə görünür ki, Rusiya Azərbaycanın qərbyönümlü siyasətindən ciddi narahat olub. Azərbaycan ordusu erməni ordusunun burnunu ovandan sonra ruslar yenə də danışıqlar masası arxasında Ermənistanı himayə etmək, özləri də bu məsələyə müxtəlif maneələr göstərmək istəyirlər.

Vəziyyət kifayət qədər qarışıqdır. Bu qarışıqlığın əsas cəhəti ondan ibarətdir ki, müharibə təhdidindən azad olmuş ermənilər Rusiyanın himayəsinə və silah yardımına arxayın olaraq danışıqlar prosesindəki kompromis variantlardan vaz keçməyə meyilli kimi görünürlər. Danışıqları yenidən sabotaj etməyə başlayıblar. Hansısa yollarla buna qəyyumluq edən qüvvələr də var. Danışıqlar məsələsini qurub hansısa məcraya yönəltmək mümkün olmur. Həmsədrlər gileylənir ki, bizim arzumuz prezidentləri görüşdürməkdir. Ancaq buna qədər müəyyən məsələlər ekspertlər səviyyəsində hazırlanmalıdır. Bu danışıqlar prosesini təşkil etmək və bu danışıqlar prosesində müəyyən sənədləri razılaşdırmaq istiqamətində səylər demək olar ki, yox dərəcəsindədir. Hələki ümumi bəyanatlar, çağırışlar var. Bu isə nəticə, nəticəyə aparan yol demək deyil. Müharibə variantı yenə də gündəmdə qalır və müharibə variantını gündəmdən çıxarmaq üçün beynəlxalq birliyin cəhdlərinə baxmayaraq müəyyən dövlətlər bu cəhdləri poza bilir. Ona görə də, hər an Qarabağda müharibə başlaya bilər".


Geri qayıt