Əsas Səhifə > Slayd > ŞƏHİDLƏR Məscidi açılışdan 2 gün sonra

ŞƏHİDLƏR Məscidi açılışdan 2 gün sonra


21-04-2016, 18:28

Uzun fasilədən sonra aprelin 19-da istifadəyə verilən Şəhidlər Xiyabanının yaxınlığında yerləşən Şəhidlər məscidinin fəaliyyəti yenidən dayandırılıb.

 "AzerTaym.az" xəbər verir ki, bu barədə məscidə baş çəkən ANSpress-in əməkdaşı məlumat verir. Bildirilir ki, məscidə girişin qadağan edilməsinin səbəbi məscid daxilində təmir işlərinin aparılmasıdır.

Məscidin yenidən nə zaman fəaliyyəti başlayacağı barədə məlumatı dəqiqləşdirmək üçün Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova və Qafqaz Müsəlmanları İdarəsinin mətbuat katibi Rəhmə Dadaşova ilə dəfələrlə əlaqə saxlasaq da telefon zənglərinə cavab verilmədi.

Aprelin 19-da təmirdən sonra istifadəyə verildiyi bildirilən Şəhidlər məscidinin 2 gün sonra yenidən bağlanmasının səbəbi nədir? 

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi və Bakı Şəhər İcra Hakimiyyəti məscidin fəaliyyətinə birlikdə nəzarət edir.

Türkiyə Dəyanət İşləri Vəqfi tərəfindən tikilən və 8 ildir ki, təmirə bağlanan Şəhidlər məscidinin yenidən fəaliyyətə başlaması barədə məlumatı Qafqaz Müsəlmanları İdarəsi vermişdi.

Bildirilirdi ki, məscid aprelin 19-da səhər saatlarından etibarən yenidən fəaliyyətə başlayıb və artıq təyinatlar da olub. Ancaq məscidin axundunun kimliyi hələlik açıqlanmır.

Şəhidlər məscidi 28 iyun 1996-ci ildə açılıb. İbadət ocağı 2008-ci ildən təmirə bağlanıb. Bu ilin yanvar ayında isə məscidin minarələrinin üzərində təmir başlayıb.

Yanvar ayında da məscidin açılacağı barədə məlumatlar yayılmışdı. Məsələyə münasibət bildirən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, Şəhidlər məscidinin işlək vəziyyətdə olmaması düzgün deyil.

"Məscid sadəcə təmir işləri ilə bağlı fəaliyyətini dayandırıb. Hazırda insanların kütləvi istifadəsi ilə bağlı müzakirələr gedir. Sadəcə məscid elə yerdə yerləşir ki, ora çoxlu insan gəldikdə yolda problem yaranır. Amma gələcəkdə bu məsələyə baxılacaq".

Şəhidlər Məscidi açılışdan 2 gün sonra niyə bağlandı?


Geri qayıt