Əsas Səhifə > Slayd > Sərhədlərin açılmasından Qarabağa gedən yol? –
Sərhədlərin açılmasından Qarabağa gedən yol? –26-07-2016, 11:48 |
Türkiyə Ermənistanla sərhədləri açmaq üçün müzakirələrə başlamaq istəyir. Publika.az xəbər verir ki, bu iddia ilə “Hürriyet” qəzetinin köşə yazarı Fatih Çekirgen çıxış edib. “Müsbət abu-hava və daha irəli getmək üçün zəmin var”, - deyə o qeyd edib. *** 7 il öncədən günümüzə qədər Bakı və Ankaranı bir-birinə bağlayan bağlar daha çox sıxlaşıb və hər iki paytaxtda digərinin maraqlarının əksinə addım atacaq mövqe faktiki olaraq mövcud deyil. Buna paralel olaraq, regiondakı vəziyyət, Türkiyə ətrafında baş verən hazırkı proseslər də Ankaranın Bakının razılığı olmadan, yaxud onun maraqlarına zidd şəkildə buna gedəcəyi fikrini gündəmdən çıxarır. Deməli, sərhəd iddiasında həqiqət payı varsa, bu, Azərbaycanın ərazi bütövlüyünün və Türkiyənin bununla bağlı mövqeyinin təmin olunması fonunda mümkün ola bilər. Bu iddianın indi gündəmə gəlməsi isə bəzi ehtimalları ön plana çıxarır. a) İddiada qeyd olunan “Çavuşoğlu iyunda Bakıya səfəri zamanı bu məsələ ilə bağlı Azərbaycan rəbərliyinin “nəbzi”ni yoxlamağa çalışıb. Müsbət abu-hava və daha irəli getmək üçün zəmin var” fikirləri Bakının bu məsələyə loyal yanaşdığı mənasına gəlir. Bakı sərhəd məsələsinə loyallıq nümayiş etdirirsə, deməli, ölkənin maraqlarının təmin olunası zəmanəti yaranıb. Əks təqdirdə bu, mümkün olmaz, hətta 7 il öncəkindən daha sərt reaksiya verilər. b) Əslində Dağlıq Qarabağla bağlı Vyana və Sankt-Peterburq görüşündən sonra işğal altındakı ərazilərin qaytarılması və münasibətlərinin həll olunması istiqamətində ciddi danışıqların olduğu haqda məlumatların yayılması da bu iddia fonunda yada düşür. Hansı ki, planda ətraf rayonların qaytarılması, qaçqınların geri dönüşü və Qarabağın status məsələsinin həll edilməsi var. Hesab etmək olar ki, Ankara danışıqların detallarından xəbərdardır və münaqişənin həlli ilə bağlı böyük ümidlər var. Bu baxımdan, prosesə paralel olaraq, Ermənistanla sərhədlərin açılması işinə start verib.
- Rusiya Qarabağ münaqişəsinin həlli prosesində Türkiyəni yaxına buraxır. Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın “Türkiyə təklifləri ilə münaqişənin həllinə töhfə verə bilər” deməsi də bu fikri gücləndirir. Burada iddianı irəli sürən Çekirgenin “Azərbaycanla danışıb Ermənistanla yeni normallaşma təqvimi müəyyənləşdirmək üçün müzakirələr aparılarkən, Türkiyə daxilində xainlərin çevriliş cəhdi etdi” sözləri diqqəti Türkiyədə dövlət çevrilişinə cəhddən bir gün sonra Ermənistanda başlanan qiyama yönəldir. Müəllifin bu sözləri daha çox “xainlər prosesin qarşısını aldı” mənasında qəbul oluna bilər. Qərbin FETÖ qruplaşmasının əli ilə Türkiyədə xaos yaratmaq, yaxud buna cəhd etmək addımı həm də Qarabağ münaqişəsində əlindən çıxan kartları Rusiyaya verməmək, başlanan prosesi tormozlamaq hədəfinə hesablanıb. Çekirgenin iddiasından ortaya çıxan ehtimallar belədir, lakin bunun nə qədər doğru iddia olduğunu demək də çətindir. Geri qayıt |