Əsas Səhifə > Slayd > AVROPA Birliyi Azərbaycana viza rejimini ləğv edir –
AVROPA Birliyi Azərbaycana viza rejimini ləğv edir –13-04-2017, 09:00 |
Qərbdən ölkəmizə “yaşıl işıq” planı; İddialar var ki, AB-nin miqrasiya və qaçqınlarla məşğul olan qurumları məhz Azərbaycan kimi ölkələrdən olan axını yönləndirmək, daha dəqiqi nəzarət etmək, miqrasiya qərarı verənlərdən isə səmərəli işçi qüvvəsi kimi istifadə etmək üçün viza rejimi şərtlərini xeyli yumşaltmaq niyyətindədir Ötən ay Gürcüstanla Avropa Birliyi (AB) ölkələri arasında viza rejiminin ləğvindən sonra Azərbaycanda bu məsələnin aktiv müzakirəsi başlanıb. Hətta parlament və ən müxtəlif ekspertlər səviyyəsində AB-nin Azərbaycanla da viza rejiminin ləğvinə çağırışlar edilir. Məlumdur ki, Azərbaycan AB ilə “Şərq Tərəfdaşlığı” layihəsi çərçivəsində assosiasiya sazişindən imtina eləsə də, Brüsselə qarşılıqlı maraqlara əsaslanan üstün tərəfdaşlıq razılaşmasının imzalanmasını təklif edib. Rəsmi Brüssel bu təklifə əvvəl etiraz etdi, amma ötən ilin ortalarından Azərbaycanla ikitərəfli tərəfdaşlıq sazişinə dair danışıqlar başlayıb. Ötən ilin fevralında Azərbaycan prezidenti İlham Əliyevin Brüsselə rəsmi səfərində ilk dəfə açıqlandı ki, artıq AB ilə Azərbaycan arasında strateji sənəd üzərində iş gedir. Məlumatlara görə, hər iki tərəfdən yaradılmış işçi qruplar artıq sənədlər üzərində işlərini tamamlayıblar.
Avropa Birliyi ölkələri ilə Azərbaycan arasında enerji əməkdaşlığı ən yüksək səviyyədə genişləndirilir, ticarət dövriyyəsində də problemlər yoxdur. Məsələn, Statistika Komitəsinin aprelin 12-də açıqladığı rəsmi məlumata görə, bu ilin ilk iki ayında Avropa Birliyi ilə ticarət dövriyyəsi 42,9 faizi təşkil edib. Doğrudur, bu rəqəmdə qismən azalma olsa da, AB yenə də ticarət dövriyyəsində (11,2 faizi MDB üzvü dövlətlərin, 45,9 faizi isə dünyanın digər ölkələrinin payına düşür) öncül statusdadır. Milli Məclisin ötən həftə keçirilən iclasında deputat Zahid Oruc da bu məsələyə toxunaraq bildirib ki, AB Azərbaycan vətəndaşlarına da vizasız səyahət imkanı yaratmalıdır: “Azərbaycan ötən illər ərzində Avropanın ən yaxın siyasi, hüquqi tərəfdaşı olub. Amma bunun əvəzində Azərbaycan vətəndaşları Şengen ərazisinə daxil olmaq üçün çox sərt rejimdən keçməli olur. Qərb təşkilatlarının, Avropa Birliyinin istəyi varsa ki, Azərbaycan vətəndaşları ona tərəf üz çevirsin, o zaman öz qapılarını bu insanların üzünə açmalıdır. Yəni Avropa Birliyi Azərbaycan vətəndaşlarına da vizasız səyahət imkanı yaratmalıdır”. Hazırda AB çətin dövrünü yaşayır. Qaçqın axını Avropa ölkələri üçün hələ də ciddi problem kimi qalmaqdadır. Qurumu daha çox narahat edən isə miqrant axını fonunda bir sıra Avropa ölkələrində artıq milliyyətçilik və anti-İslamçı mövqedə duran siyasi partiyaların təsirinin artmasıdır. Radikal antimiqrasiya və antimüsəlman partiyaları AB-nin əsas ölkələrində, o cümlədən Hollandiyada, Fransada, Danimarkada, Finlandiyada, İsveçdə güclənir. Bu isə AB üçün ciddi təhlükədir.
Heç kimə o da sirr deyil ki, hazırda AB ölkələrinin qaçqın düşərgələrində Azərbaycandan da olan “siyasi qaçqın”lar var. Onların əksəriyyəti siyasi fəallar deyil, heç Azərbaycan müxalifətinin liderlərinin adını belə doğru-dürüst bilmirlər. Bakıdakı səfirliklərdən viza alaraq Avropaya üz tutanlar seçdikləri ölkəyə çatan kimi vizalarını unudub özlərini “siyasi əzabkeş” kimi göstərirlər. Azərbaycan Suriya və ya Seneqal deyil, əksinə, bir sıra Avropa ölkələrindən belə stabil və təhlükəsiz ölkədir. Amma “vizanı rahat həyata bilet” hesab edənlər AB ölkələrinin qaçqın düşərgəsində aylarla oturum almaq növbəsi gözləyirlər. İddialar var ki, AB miqrasiya və qaçqınlarla məşğul olan qurumları məhz Azərbaycan kimi ölkələrdən olan axını yönləndirmək, daha dəqiqi, nəzarət etmək, miqrasiya qərarı verənlərdən isə səmərəli işçi qüvvəsi kimi istifadə etmək üçün viza rejimi şərtlərini xeyli yumşaltmaq niyyətindədir. Əslində bu da rəsmi Bakının xeyrinə işləyə bilər. Çünki AB ölkələrinə üz tutanlar sonra beynəlxalq təşkilatlarda Azərbaycanın “üz qarası”na, başağrısına çevrilir, ölkənin nüfuzuna xələl gətirir...
Geri qayıt |