Əsas Səhifə > Slayd > Zakir Həsənovdan İrəvana açıq mesaj

Zakir Həsənovdan İrəvana açıq mesaj


16-07-2017, 09:55

Rəsmi Moskva və İrəvan onsuz da Azərbaycan ordusunun imkanlarına yaxşı bələddir.

Zakir Həsənovun müsahibəsi daha çox Ermənistan cəmiyyətinə ünvanlanıb. Yaxşı olardı ki, Ermənistan cəmiyyəti və fəalları müsahibəyə diqqət yetirsinlər. Müdafiə naziri bildirir ki, Azərbaycan hər an təhlükənin qarşısını almağa qadirdir və əslində, bu işğal siyasətinin heç bir perspektivi yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri politoloq İlqar Vəlizadə Müdafiə naziri Zakir Həsənovun Rusiyanın “Ria Novosti” dövlət agentliyinə müsahibəsini şərh edərkən deyib. O bildirib ki, Ermənistan tərəfi bu müsahibədən ciddi nəticələr çıxarmalıdır:

“Müsahibədə Silahlı Qüvvələrimizin gördüyü işlərdən danışılıb və qeyd olunub ki, Azərbaycan Rusiya ilə əməkdaşlıq etməyə hazırdır. Müsahibənin bu hissəsi Ermənistanı qıcıqlandırır. Ermənilər deyirlər ki, Rusiya Azərbaycanla hərbi və ya siyasi münasibətlər qurmamalıdır. Çünki Rusiya Ermənistanın müttəfiqidir. Zakir Həsənov bir daha vurğulayıb ki, Azərbaycanla hərbi, siyasi münasibətləri inkişaf etdirmək Rusiyanın marağındadır. Çünki bu, konkret olaraq hər iki tərəfə böyük mənfəət gətirir. Düşünürəm ki, erməni cəmiyyətinin ağıllı insanları bu müsahibədən kifayət qədər lazımlı nəticə çıxararlar və bütün hallarda öz hökumətlərinin aparadığı siyasətlərin dəyişdirilməsinə təsir göstərə bilərlər”.

Politoloq Rusiya Müdafiə naziri Sergey Şoyqunun Aprel savaşı zamanı Zakir Həsənova zəng etməsi haqda da şərh verib:

“Rusiya Azərbaycan üçün maraqlı tərəfdaş olduğunu göstərir. Nazir Rusiyanın Azərbaycanla münasibətlərinə daha çox diqqət yetirməli olduğunu və Ermənistanla regiondakı münasibətlərini ön plana çəkməməsini də vurğulayıb. Fikrimcə, iki ölkə nazirləri arasında baş tutan telefon danışığı Rusiyanın ölkəmizə təzyiqi kimi qiymətləndirilməməlidir. Azərbaycana heç kim təzyiq göstərə bilməz, o cümlədən də Rusiya. Düşünməsinlər ki, Aprel döyüşləri Şoyqunun zənginə görə dayandırılıb. Bu, heç də belə deyil. Sadəcə, Zakir Həsənov bunu deyib ki, biz bu məsələdə Rusiyanın da mövqeyini nəzərə almışıq.

Aprel döyüşlərinin əsas məqsədi artıq yerinə yetirilib. Məqsəd yüksəkliklərin nəzarətə alınması, o ərazidə sərhəddə yaşayan dinc əhalinin təhlükəsizliyinin təmin edilməsi idi və bu, baş verdi. Azərbaycan fikirləşmirdi ki, hücuma keçsin və işğal olunmuş rayonları qaytarsın”.

İlqar Vəlizadə münaqişənin hərb yolu ilə həllini də istisna etməyib:

“Regionda Ermənistan və Azərbaycanla yanaşı, digər ölkələrin də marağı var. Bu maraq dövlətimizə bir qədər sərbəst hərəkət etməyə imkan vermir. Eyni zamanda nazir danışıqlar prosesinin davam etdiyini və Azərbaycan tərəfinin danışıqlar prosesindən çıxmadığını da vurğulayıb. Təəssüf ki, bu proseslər heç bir nəticə vermir. Ona görə də biz hazırıq ki, məsələni hərb yolu ilə həll edək.

Zakir Həsənov Aprel hadisələrinin Ermənistan tərəfinin təxribatlarının nəticəsi olduğunu da xüsusi qeyd edib. Avtomobillə hərəkət edən ailə məhv edilməsəydi, döyüşlər başlamazdı. Dinc insanların ölümü buna səbəb oldu. Buna görə də Azərbaycan hərbi cinayətlərə cavab olaraq döyüşlərə qoşulur.

Nazir bildirib ki, baş verənlər hərbi cinayətdir. Çünki əgər hərbçisənsə, hərbçilərlə vuruşmalısan, mülki vətəndaşlarla yox. Ermənistan tərəfinin törətdiyi təxribatlar Azərbaycanı kəskin cavab verməyə məcbur edir”.


Geri qayıt