Əsas Səhifə > Slayd > QARABAĞDA MÜHARİBƏ

QARABAĞDA MÜHARİBƏ


21-03-2018, 12:27

Torpaqlarımızda erməni özbaşınalığına son qoymaq bizim də suveren dövlət olaraq haqqımızdır

Əvvəlcə bir məşhur sitatdan başlamaq istəyirəm. O elə bir adama məxsusdur ki, əsrlər boyu ondan təkcə siyasi elmlərlə məşğul olanlar deyil, hətta hökmdarlar öyrəniblər.

Qərəz, N.Makiavellinin belə bir fikri vardır:”Müharibədən qaçmaq olmur. Onu yalnız təxirə salmaq olur ki, bundan da yalnız düşmən tərəf faydalanır”...
Təbii ki, biz orta əsrlərin ilk ən böyük hərbi-siyasi starteqinin fikirlərindəki kateqorikliyi bölüşmürük. Müharibə o vaxt qaçılmaz olur ki, bütün siyasi və diplomatik təsir üsulları tükənir. Bəlkə də bunu nəzərə alıb geopolitikanın banisi K.Klauzevits yazırdı ki, müharibə də siyasətin bir növ davamıdır, amma bir qədər fərqli üsullarla davamıdır...

Bilirsinizmi, bunları niyə deyirik və bizi ən çox düşündürən məqam indi nədir? Əksər təhlilçilərin, müstəqil və qeyri - müstəqil siyasət adamlarının rəyi budur ki, Dağlıq Qarabağ problemində də siyasi və diplomatik təsir üsulları tükənib, əks təqdirdə, problem on illərlə dalana dirənmiş halda qalmazdı. 
Düzdür, Minsk Qrupunun həmsədrləri bu cür fikirləri bölüşmürlər və həmişə daha nikbin görünməyə çalışırlar ki, bəs proses davam etməlidi, ən nəticəsiz danışıqlar belə yenə müharibədən yaxışıdır və s. və i...

Amma onların “nikbinliyi” indiyədək nəyi həll edibdir ki, biz də durub bu adamlara qoşulaq? Digər tərəfdən, bunlar bir yandan B.Saakyan kimi separatçı – canilərin şərəfinə ziyafətlər verir, o biri yandan da guya, bizə dəstək verdiklərini və Azərbaycanın ərazi bütövlüyünü müdafiə etdiklərini deyirlər! Əslindəsə bu ölkələrin özləri, həmin Minsk Qrupu problemin həlli yolunda elə ən böyük problem deyilmi?

Minsk Qrupu on illərdir, guya, problemin həllilə məşğuldur. Amma onların səyilə hələ bu vaxta qədər on qarış torpaq azad edilməyibdir və heç ümid də yoxdur ki, məsələ tamam onların öhdəsinə qalarsa, bundan sonra nəsə bir irəliləyiş olacaq. Halbuki iki il bundan əvvəl ordumuz bir neçə gün ərzində bir nəçə strateji əhəmiyyətli mövqeyi, bir neçə strateji yüksəkliyi ələ keçirə bildi!

Bir daha deyirik ki, Minsk Qrupu problemin həlli yolunda maneədən başqa bir şey deyil, özü də əməlli-başlı maneədir. Hamıya aydındır ki, Ermənistanı konstruktiv danışıqlara məcbur etmək üçün ona qarşı siyasi – iqtisadi sanksiyalar, hətta lazım gələrsə, hərbi təzyiq üsulları tətbiq etmək lazımdır, çünki təcavüzkara “mən ölüm, sən ölüm” deməklə və ya xahiş–minnət etməklə, o, geri çəkilməyəcəkdir.

Əslində hazırda bu iş qismən görülür və onu Türkiyə və bir də Azərbaycan özü həyata keçirir və qeyd etmək lazımdır ki, bu tədbirlər artıq nəticəsini də göstərir; ermənilər günbəgün necə çıxılmaz vəziyyətdə olduqlarını daha yaxşı hiss etməyə başlayırlar, özləri də anlayır ki, artıq coğrafi izolyasiyaya yaxın bir vəziyyətdədirlər.

Əgər İran və Gürcüstan da Bakının və Ankaranın bu siyasətinə dəstək verərsə, o halda Ermənistanın halı daha acınacaqlı olar və o, çox qısa müddətdə çökər. Düşünürük, bizim siyasət və diplomatiya adamlarımız bu istiqamətdə daha intensiv işləməlidirlər ki, Tiflislə Tehranı da prosesə daha fəal cəlb etmək mümkün olsun.

Bir az əvvəldə dedik ki, sonuncu təzyiq üsulu artıq hərbdir. Özünün ərazi bütövlüyünü təmin etmək Azərbaycanın suveren haqqıdır. Hətta bu gün durub, məsələn, qardaş Türkiyənin Afrində apardığı əməliyyatlara baxanda, ya da zəif ölkə olan İraqın kürdlərin referendumuna necə hərbi təpki göstərdiyini yada salanda, yaxud da demokratik İspaniyanın katalon separatistlərilə necə davrandığını xatırlayanda bir daha deyirsən ki, bəli, Dağlıq Qarabağdakı erməni özbaşnalığına son qoymaq bizim də suveren dövlət olaraq haqqımızdır.

Amma kiçik və gənc, bir o qədər də güclü geosiyasi əzələləri olmayan dövlətlərə münasibətdə dünya gücləri çox təəssüf, bu haqqı tanımaq və etiraf etmək istəmirlər – özləri ölkələrindən min kilometrlərlə uzaq yerlərdə müharibə aparırlar, amma on illərdir, bizim başımızı tovlayırlar ki, bəs, Qarabağ problemi sülh yolu ilə həll olunmalıdır!

Elə bu səbəbdən də deyirik ki, biz hərbə müraciət edəndə buna qarşı ilk bəyanatı verən məhz həmin həmsədr ölkələr olacaqlar. 
Xüsusən də Rusiyadan və onun problemə münasibətindən çox şey asılıdır. Amma bu müstəvidə də çox maraqlı proseslər gedir. Məsələn, yaxınlarda KTMT-nın qərargah rəisi dedi ki, Dağlıq Qarabağda müharibə başlayarsa, bizim qurum separatçılara yardım etməyəcəkdir.

Bir başqa işarə Kremlin ideoloqlarından birindən – politoloq A.Duqindən gəldi. O, da beş Azərbaycan rayonunun qaytarılması ilə bağlı sənədin mövcud olduğunu dedi. Düşünürük, bu da Kremlin işarəsi idi.

Üstəlik, Moskvanın Serj Sarkisyanı sıxdığı da duyulur, hətta belə də fikirlər səslənir ki, ola bilsin, Serjikə baş nazir olmaq qismət olmayacaq. Qərəz, ehtimallar və gümanlar, fərziyyələr çoxdur. Sadəcə, diplomatlarımız vəziyyəti ciddi şəkildə araşdırmalı və siyasətçilərimizə daha düzgün və adekvat qərarlar çıxarmağa kömək etməlidirlər.

Sonuncunu da ona görə qeyd etdik ki, siyasət əslində qərar qəbul etmək sənətidir – bəli, vaxtında və düzgün qərarlar qəbul etmək sənəti...     (Hüseynbala Səlimov, musavat.com) 

  

 

 


Geri qayıt