Əsas Səhifə > Slayd > PALATANIN HESABATI İCRA

PALATANIN HESABATI İCRA


16-05-2018, 16:29

Palatanın hesabatı icra başçılarını təşvişə salıb: Kimlər gedir?

Prezident seçkilərindən sonra yeni formalaşan Nazirlər Kabinetində ciddi kadr dəyişiklikləri oldu.

Prezidentin fərmanları ilə üç nazir, üç komitə sədri, baş nazirin iki müavini vəzifələrindən azad olundular. Bundan əlavə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı postu da boşaldı.

AzerTaym.az xəbər verir ki, azxeber.com-a daxil olan məlumata görə, yaxın günlərdə icra başçıları ilə bağlı məsələyə baxılacaq və onların əvəzlənməsi prosesinə start veriləcək.

İlkin olaraq adı ən çox qalmaqallda hallanan və eks-nazirlərin yaxın adamı kimi tanınan icra başçıları öz postları ilə vidalaşmalı olacaqlar.

Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti üzrə hesabatı isə 3 icra başçısını çıxılmaz duruma salıb. Belə ki, palata Mingəçevir şəhər, Lənkəran və İsmayıllı rayon icra hakimiyyətlərində maliyyə nöqsanları aşkarlanıb.

İnformasiyada qeyd olunur ki, adı çəkilən rayonların rəhbərləri digər rayonlara təyinat alacaqlarını gözləsələr də, bu hesabatla çıxılmaz duruma düşüblər.

Azxeber.com siyahıda adı keçən icra başçıları ilə bağlı kiçik araşdırma aparıb.

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov altı ildən artıqdır bu vəzifədə çalışır. Bundan öncə Dövlət Gömrük Komitəsi və Fövqəladə Hallar Nazirliyi sistemində yüksən vəzifələr daşıyan N.Bayramovun rəhbəri olduğu İcra Hakimiyyəti ilə bağlı bir neçə gün öncə Hesablama Palatası araşdırma aparıb və qurumda tikinti xərcləri üzrə 13339,9, satınalmalar üzrə 5933, digər xərclər üzrə 126344,2 olmaqla, ümumilikdə 145617,1 manat maliyyə yayınması halı aşkarlanıb. Onu da qeyd edək ki. Niyazi Bayramovun adı bir müddət öncə Bakı Şəhər İcra Hakimiyyətinin və Yasamal rayon icra hakimiyyətinin boş qalan postlarına namizəd kimi göstərilirdi. Ancaq sonradan Yasamala Əziz Əzizova başçı təyin olundu, BŞİH isə hələ ki, boşdur.

Lənkəran şəhər İcra Hakimiyyəti də Palatanın diqqətindən kənar qalmayıb. Şəhərin başçısı Taleh Qaraşov da altı ildir ölkəmizin "cənub paytaxtı"na rəhbərlik edir. Bundan öncə Astara, Neftçala, Cəlilabad və Kürdəmir rayonlarında rəhbərlik edən T.Qaraşovun hazırda rəhbəri olduğu İcra Hakimiyyəti ilə bağlı bir neçə gün öncə Hesablama Palatası araşdırma aparıb. Məlum olub ki, bu qurumda ümumilikdə 99366,2 manat maliyyə yayınması olub və aparılan araşdırmalardan sonra həmin vəsait geri qaytarılıb.

İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov beş ildən artıqdır bu rayona rəhbərlik edir. Bundan öncə Azərbaycan Dövlət Aqrar Universitetində rektor kimi çalışan M.Sadıqovun sabiq vergilər naziri Fazil Məmmədovun kadrı olduğu haqda mətbuatda xəbərlər yayımlanıb. İcra başçısının uzun müddət vergi orqanlarında çalışması, Vergilər Nazirliyi Vergi Siyasəti və Vergi Qanunvericiliyi Strateji Araşdırmalar Mərkəzinin Baş İdarə rəisi vəzifəsində işləməsi deyilənlərin təsdiqi rolunda çıxış edir. Bir neçə gün öncə Hesablama Palatası İsmayıllı rayon İcra Hakimiyyətinin fəaliyyətində də qüsurlar və büdcədən yayınma halları aşkar edib. İsmayıllı rayonunda tikinti xərcləri üzrə 39853 manat maliyyə yayınması aşkarlanıb və bu vəsait də bərpa olunub.

Sabiq Vergilər naziri Fazil Məmmədovla yaxınlıq münasibətlərində olan icra başçılarından biri də Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovdur. Keçmiş nazirlə quda olan X.İsgəndərovun də adı vəzifədən azad edilməsi gözlənilən icra başçıları sırasında çəkilir. 11 aprel seçkilərindən öncə Xaləddin İskəndərovun işdən çıxarılması xəbəri yayılsa da, bu məlumat öz təsdiqini tapmadı. Ancaq mətbuatda ən çox tənqid olunan icra baçılarından olan İskəndərovun da postu ilə vidalaşacağı istisna olunmur.

Yaxın zamanlarda bu məlumatların təsdiqini tapıb-tapmayacağı məlum olacaq.

Heç şübhəsiz istənilən yüksək vəzifəli məmurun vəzifədən azad edilməsi və təyinatı Prezidentin səlahiyyətinə aid olan məsələdir və ən son qərarı da məhz Cənab Prezident İlham Əliyev verəcək.


Geri qayıt