Əsas Səhifə > Slayd > Tərcümə xətası yoxsa... TÜRKİYƏ

Tərcümə xətası yoxsa... TÜRKİYƏ


15-08-2018, 21:06

Türkiyə ilə ABŞ arasında psixoloji savaş artıq hər iki tərəfin mənafeyinə zidd olan real iqtisadi savaşa çevrilib. Amerika tərəfinin bəzi sanksiyaları və embarqolarının ardınca Ankara da adekvat cavab tədbirləri görməyə başlayıb.

 Belə ki, ABŞ-ın bir sıra məhsulların gömrük (idxal) rüsumlarını artırıb: tütün məhsullarına 60, spirt məhsullarına 140, avtomobillərə 120, kosmetika məhsullarına 60, düyüyə 50, meyvələrə 20 faiz. Rüsum artımı ABŞ istehsalı olan digər məhsullara da tətbiq edilib.

Əlbəttə ki, yaranmış durumda iqtisadi itkilərdən, hər iki tərəfin iş adamlarına və əhaliyə dəyən ziyandan daha çox, bütövlükdə Türkiyə-ABŞ əlaqələrinin perspektivi ciddi zərbə almaqdadır. Bu minvalla tarixi on illiklərə söykənən ikitərəfli əlaqələr geridönməz şəkildə korlana bilər ki, yekunda ABŞ regionda Türkiyə kimi böyük bir dövləti hər mənada itirər, hətta Türkiyə timsalında yeni və qüdrətli bir regional rəqib qazanar. Zira, müttəfiq müttəfiqinə bunca pislik eləməz. Edərsə, onda müttəfiq sayılmaz!

Proseslərin bu yöndə inkişaf tapmaması və “qaynama nöqtəsi”nə çatmaması üçün ən əvvəl rəsmi Vaşinqtonun, onunla birgə isə on illərdir Türkiyəni qapı ağzında gözlədən Avropa Birliyinin narahat olması, hərəkətə keçməsi gərəkir. Çünki məlumatlara görə, Türkiyə il sonu hətta NATO-nu tərk edə bilər. Bu barədə Amerikanın Təhlükəsizlik Akademiyasının ehtiyatda olan 10 nüfuzlu generalın hazırlatdığı hesabatda xəbərdarlıq edilir. 

Bax, o halda olan-qalan müttəfiq əlaqələrinə də nöqtə qoyulacaq. Bunun altını isə, fikrimizcə, qardaş ölkədən çox, ABŞ, Qərb və onun böyük bir bölgədəki strateji maraqları çəkəcək. Elə hesabat müəllifləri də hesab edirlər ki, Türkiyəni itirmək Qərbə baha başa gələcək. 

Bu gün həm Qərbin maraqları, həm də ümumən ikitərəfli ABŞ-Türkiyə əlaqələrinin taleyi üçün xüsusi, kritik gündür. Qeyri-rəsmi xəbərlərə görə, ABŞ-ın rahib Bronsonun azad eləmək üçün Ankaraya verdiyi vaxt avqustun 15-də bitir. Bu harasıdır, mətbuat Bronson məsələsi ilə yanaşı, qardaş ölkəyə qarşı daha 7, türk millətinin qüruruna toxunan ağır şərtin irəli sürüldüyünü yazıb.

Bu arada Ərdoğan və Tramp arasındakı böhranın adi bir tərcümə səhvindən yarandığı haqda iddia ortaya çıxıb. “Qardian” qəzetinin yazdığına görə, anlaşılmazlıq İsraildə saxlanılan Türkiyə vətəndaşı Əbru Özkan və Bransonla bağlı Ərdoğan və Tramp arasında Brüsseldə aparılan danışıqlar zamanı yaranıb. 

Sitat: “Ərdoğanın sözləri Tramp tərəfindən səhv başa düşülüb. Amerika prezidenti Özkanın sərbəst buraxılması üçün İsrail baş naziri Benyamin Netanyahunu yola gətirməsindən sonra Ərdoğanın da Bransonu sərbəst buraxacağına inanıb. Ərdoğan isə bunun yerinə Trampın Bransonu yalnız ev həbsinə göndərilməsinə razı olduğunu düşünüb. Beləliklə, bu anlaşılmazlıq iki dövləti üz-üzə qoyub”.

Qəzet görüşdə, sadəcə, bir tərcüməçinin olduğunu bildirib. İddiaya görə, Ərdoğan Trampdan İsraildə saxlanılmış türk qadının sərbəst buraxılması üçün kömək istəyib. ABŞ prezidenti isə ona “Əvvəlcə Bransonun sərbəst buraxılacağı ilə bağlı sizdən təminat istəyirəm” cavabını verib. Ərdoğan ona cavabında “Razıyam, amma…” dedikdən sonra görüşdə baş vermiş anlaşılmazlıq onun öz sözünü tamamlamasına imkan verməyib. Əslində isə Ərdoğan Trampa bu cavabı vermək istəyib: “Razıyam, amma biz bu məsələ haqda qarşılıqlı anlaşma ilə uyğun qərar verəcəyik”.

Beləcə, “Saxlamaq olmaz buraxmaq” cümləsində vergülü hara qoymaq probleminə bənzər vəziyyət ortaya çıxıb. Bronsonun da, müttəfiqlik əlaqələrinin də taleyini müəyyən edəcək bu durğu işarəsinin yerini sözsüz ki, Ərdoğan deməlidir. 

Ancaq Bronsonu azad eləməklə iş bitirmi? Bu, Amerikanı Ankara ilə şərt, ultimatum dilində danışmağa bir az da şirnikləndirməzmi? Davamı Türkiyə dövləti və milləti üçün daha aşağılayıcı şəkil almazmı? 

Yəqin ki, alar. Odur ki, Bronsonun dəyəri indi təsəvvür etdiyimizdən qat-qat böyükdür. Qürurlu Türkiyə xalqına qarşı o boyda kötülükdən sonra onun elə-belə sərbəst buraxılacağına artıq inanmaq olmur. Ərdoğanın cavab sanksiyaları haqda qərarı da bundan xəbər verir – vergül Amerikanın tələb etdiyi yerə qoyulmayacaq, ta ki, keşiş-casus Bronsonun qarşılığında nəsə özü dəyərində qiymətli bir şey təklif olunmayınca. 

Nə?..  (musavat.com)


Geri qayıt