Əsas Səhifə > Slayd > İNQİLAB eyforiyası BİTDİ- Paşinyan

İNQİLAB eyforiyası BİTDİ- Paşinyan


9-01-2019, 09:09

Düşmən ölkədə yeni kritik dönəm başlayır; “Keçid dövrü başa çatdı, səhv limiti tükəndi” yazan qərbyönlü erməni mediası Paşinyandan real iş tələb edir; erməni baş nazir əvəzi isə xalqa Leninsayağı çağırış etdi: “İşləmək, işləmək, işləmək...”

Dünən Ermənistanın baş nazir səlahiyyətlərini yerinə yetirən Nikol Paşinyanın inqilab nəticəsində hakimiyyətə gəlişinin 8 ayı tamam oldu. Bu müddət istənilən siyasi qüvvə üçün özünü yaxşı tərəfdən göstərmək baxımından kifayət qədər böyük zamandır. Lakin müstəqil erməni təhlilçiləri də etiraf edirlər ki, bu müddətdə işğalçı ölkənin siyasi, sosial-iqtisadi problemləri və təhlükəsizliyi ilə bağlı inqilaba qədərki ağır vəziyyət inqilabdan sonra da öz ağırlığını saxlayır.

Ən əsası, Sərkisyan rejimini, Qarabağ klanını devirən erməni xalqının öz güzəranı əsla yaxşılaşmayıb, ölkədən kütləvi köç səngiməyib, böyük xarici sərmayələri Ermənistana cəlb eləmək mümkün olmayıb, xarici borclar artıb, xarici siyasət prioritetləri dəqiqləşməyib. Dağlıq Qarabağ məsələsi və müharibə riski də öz yerində. Paşinyan və komandası ötən zaman kəsiyində də populist bəyanatlar verməkdə davam edib.

Nəticədə 8 ay öncə ilə müqayisədə Paşinyana qarşı istər Rusiyanın, istərsə də Qərbin (ABŞ-ın) inamı-etibarı azalıb. Ermənistan daxilində də ona inam zədələnib. 9 dekabr parlament seçkilərində elektoratın cəmi 48%-nin seçkilərə gəlməsi həm də bunun anonsu idi.

*****

Paşinyan ile ilgili görsel sonucu

Bu arada Paşinyan ölkə vətəndaşlarını Yeni ilin ilk iş gününün başlaması münasibətilə təbrik edib (?!) və yenə populizmindən qalmayıb. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə Painyan özünün facebook səhifəsində yazıb və mövcud problemlərin həlli yolunu göstərib: “Bizim bütün problemlərimizin yalnız bir həll yolu var, bir müstəsna yol var. Onun adı - zəhmətdir. Yaşasın zəhmət! Hamı iş başına”, - deyə o bolşeviklərin lideri Leninsayağı öz xalqına müraciət edib.

Amma problem də elə Ermənistanda iş qabiliyyətli əhalinin özünə normal iş tapıb işləyə bilməməsindədir. Artıq sadə ermənilər Paşinyan və komandasının bu problemi həll edəcəyinə inanmırlar. Əsas da əlbəttə ki, Ermənistanda inqilabdan sonrakı, indiki durumdur. Ölkədə artıq inqilab eyforiyası bitib və hamı təzə hökumətdən real nəticə gözləyir.

“Bundan sonra Paşinyan komandası əvvəlki aylardakı kimi istifadə elədiyi təbliğati tezislər hesabına nəticəsizliyi izah edə bilməyəcək”. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə qərbyönlü armenianreport.com-un dünənki baş məqaləsində deyilir.

armenian parliament 2018 pashinyan ile ilgili görsel sonucu

“Yanvarın 14-də yeni hökumət formalaşacaq və baş nazir təyin ediləcək. 14 yanvarda mahiyyət etibarilə postinqilab dövrü bitir - hansı dövrdə ki, cəmiyyət aprel-mayda əldə olunmuş status-kvonun möhkəmlənməsi üçün hökumətin kiçik və böyük uğursuzluqlarına göz yumurdu. Yanvarın 14-sən sonra isə cəmiyyət artıq tələbkar olacaq, inqilabın maddiləşməsini tələb edəcək. Başqa yandan, daha əvvəlki real və ya təbliğati tezislər işə yaramayacaq”, - deyə məqalədə bildirilir.

Məqalədə ardınca deyilir: “İnqilab günlərində və ondan sonrakı 8 ayda biz təzə hökumətdən dəqiq siyasi və iqtisadi mesajlar eşitmədik. Bu mənada hələ bəlli deyil ki,  Paşinyanın 2019-cu ilin prioriteti kimi elan elədiyi iqtisadi inqilabın qayəsində nə durur. Yalnız inqilab sonrası keyfiyyətli seçkilər xarici sərmayələr üçün stimul ola bilməz, ona görə ki, Ermənistanın siyasi və iqtisadi sisteminin mahiyyətinin necə olacağı naməlumdur. Keçid dövrü başa çatıb. Əgər hətta Nikol Paşinyan bundan sonra da diletantlıq edəcəksə, buna artıq tələbkar olan toplum dözməyəcək. Başqa sözlə, Nikol Paşinyanın komandası kritik cizgini keçib, səhv eləmək limiti artıq bitib”.

*****

Erməni siyasi şərhçinin də sözlərindən qənaət hasil olur ki, artıq işğalçı ölkədə postinqilab eyforiyası başa çatıb və yanvarın 14-də o, formal olaraq da bitəcək. Bu da o anlama gəlir ki, Nikol və komandası yavaş-yavaş məhşər ayağına çəkiləcək. Real işlər görmək, uğurlu islahatlar aparmaq üçünsə, yuxarıda vurğulandığı kimi, bir neçə mühüm şərtin təmin olunması vacibdir. “Halva-halva deməklə ağız şirin olmur”, olmayacaq.

Özü də Nikol Paşinyan bir neçə ağır problemə eyni vaxtda güc vurmalı olacaq ki, erməniləri vəd elədiyi “cənnət”ə apara bilsin. Bu isə əksər təhlilçilərə görə, olduqca qəliz məsələdir. Daha doğrusu, mümkünsüzdür. Çünki həmin problemlər xarici siyasət oriyentirləri və həlli yetişən Dağlıq Qarabağ problemi ilə birbaşa bağlıdır...   (musavat.com)

 


Geri qayıt