Əsas Səhifə > Slayd > NÖVBƏDƏ KİMLƏRDİR?... – “Vəzifənə gəlir mənbəyi kimi
NÖVBƏDƏ KİMLƏRDİR?... – “Vəzifənə gəlir mənbəyi kimi25-12-2019, 19:46 |
Prezident İlham Əliyevin iki gün əvvəl ilin yekunları ilə bağlı yerli jurnalistlərə verdiyi müsahibənin həm son dövrlər alınan bir sıra qərarların, görülən işlərin ictimaiyyətə daha aydın şəkildə çatdırılması, həm də gələcək fəaliyyət istiqamətlərinin bəzi detallarının açıqlanması baxımından xüsusi əhəmiyyət kəsb etdiyini söyləyə bilərik. Müsahibə zamanı önə çıxan başlıqlardan biri də ölkədə korrupsiyanın, rüşvətin kökünün kəsilməsi üçün ciddi siyasi iradənin olduğunun nümayiş etdirilməsi oldu. Bu istiqamətdə Prezidentin açıqlamalarını bir neçə bənddə qruplaşdırmaq olar. Əvvəla, Prezident bütün vətəndaşları, geniş ictimaiyyəti korrupsiyaya, rüşvətə qarşı mübarizəyə qoşulmağa dəvət etdi. Ölkədə hər kəsi korrupsiya və rüşvətlə mübarizədə fəal olmağa çağırdı. Sitat: “Mən dəfələrlə demişəm ki, ictimai nəzarət daha güclü olmalıdır. Bunu, sadəcə, söz naminə demirəm. Bəlkə də bir çox hallarda bunu təkrarlayıram. Nəyə görə? Çünki bu yoxdur bizdə. Bilirsiniz, ya yoxdur, ya da ki, ibtidai vəziyyətdədir. Belə olmaz, ictimai nəzarət olmalıdır. Əgər ictimai nəzarət olmasa, biz məlumatı haradan əldə edəcəyik?” Bu çağırışı ölkədə antikorrupsiya səfərbərliyi kimi də izah etmək olar. Prezident vətəndaşı hər şeyi başqasından, hökumətdən gözləməməyə, korrupsiya ilə mübarizədə birbaşa iştirak etməyə dəvət edir. Məmurlara isə vətəndaşın arxasında dövlətin dayandığı, onun haqqına girərsə hesabın sorulacağına dair xəbərdarlıq edir. İkincisi, Prezident bəzi hallarda korrupsiya və rüşvətə bulaşmş məmurlarla bağlı cəza tədbirlərinin gecikməsini məlumatların gizlədilməsilə bağlayır. Prezident hətta ona informasiya verən bəzi məmurların da korrupsiya və rüşvətlə bağlı faktları gizlətdiyini bəyan edib. Sitat: “Mən, misal üçün bildirmişəm və bir daha demək istəyirəm ki, bəzi hallarda mən mətbuatdan bir çox şeyləri öyrənirəm. Çünki bəzi məsələlər mənə məruzə edilmir. Çünki sərf etmir o adamlara məruzə etmək. Ona görə ya mən bölgələrə gedəndə çalışıram vətəndaşlardan vəziyyətlə bağlı öyrənim, onları narahat edən problemlər haqqında eşidim. Ya özüm gedirəm təftiş edirəm orada işləri, ya da ki, ictimaiyyətdən verilməlidir bu məlumat… Mən bir çox rayonlara gedəndə icra başçısı ilə söhbət edəndə deyirəm hansı problem var - hər şey əla. Axı belə ola bilməz. Ya özü bilmir, ya da ki, bunları ört-basdır etmək istəyir, ya da bilmirəm hansı məqsədi güdür”. Son aylarda bir sıra dövlət orqanlarında, o cümlədən Prezident Administrasiyasında həyata keçirilən kardinal dəyişikliklərdə bu amilin də rol oynadığı şübhə doğurmur. Bununla Prezident bir növ yerlərdəki məmurların əməlləri barədə məlumatları ondan gizlədənləri də bağışlamayacağını ortaya qoyub. Eyni zamanda informasiyanı yalnız dövlət orqanlarından almadığını, bir çox şeyləri mətbuatdan öyrəndiyini deyən Prezident, bununla həm azad və ciddi mediaya nə qədər böyük önəm verdiyini nümayiş etdirib, həm də məmurları korrupsiya və rüşvətdən çəkindirmək üçün daha bir təsirli addım atıb. Üçüncüsü, Prezident korrupsiya və rüşvətə bulaşmağın dövlətə və millətə qarşı ən ağır cinayət olduğunu bəyan edib. Sitat: “Mən xəbərdarlıq etmişdim. Bəzilərinə dedim ki, hər kəs eşitsin, əyri yolla getsəniz inzibati cəza ən yüngül cəza olacaq. İnzibati cəza ilə iş məhdudlaşmayacaq. Amma bəziləri bəlkə hesab edirdilər ki, onlara aid deyil. Ona görə belə yolverilməz addımlar atdılar. Bu, əslində, dövlətə, dövlət siyasətinə edilən xəyanətdir”. Dövlət başçısı bununla heç kimə güzəşt olmayacağını bir daha bəyan edib. O, eyni zamanda məmurları dövlətçilik əxlaqına dəvət edib. “Bu, vicdansızlıqdır. İndi yaxşı, xalqdan qorxmursansa, Allahdan qorx. Belə şey etmək olarmı? Ona görə, bax, bu, onu göstərir ki, bu, məmurun mənəvi deqradasiyasıdır, bu, insanın mənəvi deqradasiyasıdır. Belə məmurlar bizə ləkədir, ölkəmizə ləkədir, iqtidara ləkədir”, - deyə Prezident bildirib.
Nəhayət, dördüncüsü, Prezident İlham Əliyev antikorrupsiya həbslərini genişmiqyaslı islahatların tərkib hissəsi adlandırıb. Qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti bu ilin aprelində məhkəmə hüquq islahatlarını elan edib və bundan sonra ölkədə ciddi islahatlar dalğası başlayıb. Bu dalğada bir çox hakimiyyət orqanlarında islahatlar, icra hakimiyyətinin bütün qollarında kadr dəyişiklikləri həyata keçirilib. Bu dəyişikliklər əsasən fəaliyyətində ciddi nöqsanlara yol verən məmurları əhatə edir. Son müsahibəsində Prezident bu istiqamətdə bundan sonra daha ciddi addımların atılacağını bildirib. Eyni zamanda korrupsiyaya yol verən məmurlara, hələ də vəzifəyə qazanc yeri kimi baxanlara nəticələrin ağır olacağına dair xəbərdarlıq edib. Sitat: “Hamı ibrət götürsün, dərs götürsün, hər kəs üçün dərs olsun. Dövlət məmuru olmaq istəyirsənsə, vicdanla xidmət et dövlətə. Yox, sən dövlət vəzifəsinə gəlir mənbəyi kimi baxırsansa, heç getmə o vəzifəyə. Çünki bədbəxt olarsan”. Prezidentin bu fikirləri bir daha onu göstərir ki, ötən həftə Yevlaxın sabiq icra başçısının, həmçinin Ağstafanın icra başçısı və müavinin həbsləri antikorrupsiya dalğasının bir hissəsidir. Bu, həm də yaxın aylarda yeni həbslərin ola biləcəyini və korrupsiyaya yol verən məmurların cəzalandırılmasının davam edəcəyini söyləməyə əsas verir. Növbədə kimlərdir? /AzPolitika.info
Geri qayıt |