Əsas Səhifə > Slayd > Milli kimliyin eyni kökü: Mən Türkəm,
Milli kimliyin eyni kökü: Mən Türkəm,12-03-2020, 19:41 |
Siyasi elmlər doktoru, professor Vaqif Abdullayev Azərbaycanla Türkmənistan münasibətlərinin tarixi ilə bağlı müəllif yazısı yazıb. “Qafqazinfo” xəbər verir ki, V. Abdullayev bu münasibətlərinin tarixi qədim tarixə malik olduğunu bildirib: "Azərbaycanlılar və türkmənlər eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdirlər. Bu xalqları dil və din eyniliyi birləşdirir. Orta Asiya xalqları içərisində milli mənsubiyyət və dil oxşarlığı baxımından Azərbaycan xalqına ən yaxın olan xalq məhz türkmənlər hesab olunur. Hər iki ölkə keçmiş SSRİ-nin tərkibində müttəfiq respublika kimi geniş iqtisadi və mədəni əlaqələrə malik olmuş, qarşılıqlı birgə proqramlar həyata keçirmişlər. Xəzər dənizinin Türkmənistana aid hissəsində neft və qaz yataqlarının geoloji kəşfiyyatı, yataqların tapılmasında azərbaycanlı mütəxəssislərin böyük əməyi vardır. Türkmənistanın bir sıra kənd təsərrüfatı və sənaye məhsulları ilə təmin edilməsində Azərbaycanın xüsusi rolu olmuşdur. Həmin illərdə iki respublika arasında iqtisadi, elmi-mədəni əlaqələr ən yüksək səviyyəyə çatmışdır. Müstəqilliyin ilk illərində hər iki respublikanın keçmiş rəhbərliyinin səriştəsizliyi isti əlaqələrin ruhuna ciddi zərər vurdu. Azərbaycanla Türkmənistan arasında diplomatik münasibətlərin əsası 1992-ci ilin iyunundan qoyulsa da, bu, yalnız kağız üzərində qaldı. Xüsusilə də, keçmiş prezident Saparmurat Niyazovun məntiqsiz və əsassız regional siyasət kursu təəssüf ki, iki dost və qardaş ölkə arasında münasibətlərin hərarətini soyutmuş, siyasi-iqtisadi və digər sahələrdə birgə əməkdaşlıq zəifləmişdi. Niyazovun dar siyasi baxışları hətta geniş əməkdaşlıq məkanı olan Xəzər dənizində regional birgə əməkdaşlığa da zərbə vururdu. 2007-ci ildə Türkmənistanda yeni prezidentinin seçilməsindən sonra rəsmi Aşqabadın xarici siyasət kursunda əsaslı dəyişikliklər baş verdi, qısa müddətdə Azərbaycanla münasibətlərdəki durğunluq və soyuqluq rüzgarı aradan qalxdı. Ölkəsinin daxili və xarici siyasətinə yenidən baxan Prezident Qurbanqulu Berdiməhəmmədovun praqmatik, rasional siyasəti iki ölkə arasında münasibətlər ənənəvi qardaşlığın ruhuna uyğun şəkildə qurulmağa başaldı. İlk növbədə, siyasi əlaqələrdə canlanma hiss olundu və bu, daha da genişlənərək əlaqələri yeni inkişaf mərhələsinə çıxardı. 2008-ci ilin noyabrında Azərbaycan Prezidentinin Türkmənistana səfəri isə artıq qardaşlığın və doğmalığın rəvan xətt üzrə irəlilədiyini, isti təmasların daha da hərarətləndiyini nümayiş etdirdi. Bu səfərin olduqca zəngin olması hər iki dövlətin başçısının nikbin və xoş duyğuları sezdirən çöhrəsindən, ən səmimi ifadələrindən də görünürdü. Cənab İlham Əliyev öz doğma ocağında qardaşının mehribanlığı və iltifatı ilə əhatə olunmuşdu. İki qardaş ölkənin liderinin bu möhtəşəm şahanə görüşü dünyaya türk dövlətlərinin vüqarının, müdrikliyinin obrazını nümayiş etdirdi. Son 10 ildə Azərbaycan və Türkmənistan arasında əlaqələr daha da dərinləşərək strateji tərəfdaşlıq tranziti üzrə yeni hədəfələrə fokuslanıbdır. İki qardaş ölkənin dövlət başçılarının mütamadi xarakter alan qarşılıqlı səfərləri münasibətlərin dərin hörmət və açıq dialoq mühitində möhkəmlənməsinə güclü zəmin yaradıb. Hər iki ölkə ikitərəfli və çoxtərəfli əlaqələrin dinamizmini artıraraq beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Türk Şurası kimi təsisatlarda yaxın və birgə mənafelərə xidmət edən təşəbbüslərlə çıxış edir. “Xəzərin hüquqi statusu haqqında” yekun konvensiyanın imzalanmasından sonra isə Azərbaycanın başlatdığı transkontinental enerji tranziti dəhlizində Türkmənistanın da yer almasına əlverişli imkanlar yaranıb. Artıq Avropanın nəhəng qaz magistralı olan “Cənub Qaz Dəhlizi”ndə Türkmənistanın iştirakı gerçəkləşməyə başlayıbdır. Martın 11-də Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycan səfəri isə bir-birinə yaxın iki qardaş ölkənin müasir siyasi coğrafiyada möhtəşəm yerini, bir-birinə arxa-dayaq olmasını bir daha təsdiq etdi. Prezidentlər - İlham Əliyevin və Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə Azərbaycan və Türkmənistan arasında keçirilən görüşlərdə bir yerdə addımlayan bir ananın iki övladının birgə həmrəyliyi ifadə olundu. Dövlət başçılarının iştirakı ilə imzalanmış sənədlər isə mühüm siyasi əhəmiyyət kəsb etməklə bütün müasir çağırışların ruhuna uyğun olaraq əməkdaşlığın yeni hədəflərini, qarşıdakı illərin yol xəritəsini müəyyən edir. Siyasi, hərbi, iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət və digər sahələrdə Azərbaycan-Türkmənistan həmrəyliyinin güclənməsi və qarşılıqlı etimad mühitində səbrlə, israrla yeni layihələrin, proqramların davam etdirilməsi növbəti uğurlara imza atmaq üçün əlverişli zəmin yaradır". Geri qayıt |