Əsas Səhifə > Slayd > ADIN NƏDİR – NCMEDİN! – Dövlət dilinə sayğısızlığın

ADIN NƏDİR – NCMEDİN! – Dövlət dilinə sayğısızlığın


30-06-2020, 01:21

 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin saytından:

“Ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir. Hər bir xalqın öz Ana dili onun milli sərvəti, varlığının təsdiqi, həmçinin milli kimliyidir. Millətin dili, əlifbası onun millət olaraq formalaşmasında vacib şərtlərdən biri kimi qəbul edilir. Ana dili həm də çətin tarixi-siyasi dövrlərdə millətin varlığının yaşadılması üçün əsas vasitələrdən də hesab olunur. Dilini itirən xalq məhvə məhkumdur”. 

https://mod.gov.az/az/pre/23680.html – axtaranlar tam mətnlə bu linkdən tanış ola bilərlər.

Açığı, rəhbəri dövlət dilində hıqqana-hıqqana danışan bir nazirliyin saytında ana dili haqqında belə yüksək fikirlər eşitmək gözlərimi yaşartdı. Silahlı Qüvvələrə Nəcməddin Sadıkov kimi dövlət dilində 64 ildir daşıdığı adı düz-əməlli deyə bilməyən birinin rəhbərlik etdiyini göz önünə gətirəndə isə mod.gov.az-ın bu yazı ilə nə demək istədiyini anlamaqda lap çətinlik çəkdim.
Sokrat deyirdi – danış, görüm kimsən. Dünyaya ən böyük fəlsəfi məktəblərdən birini yaradan Sokratın baxış bucağından baxanda görünür ki, SQ BQ rəisinin Azərbaycan Respublikasına sayğısı yoxdur. Olsaydı, düz 27 il – 1993-cü il noyabrın 2-dən yüksək vəzifə tutduğu dövlətin dilini öyrənər, Silahlı Qüvvələr Günündə özünü xalqa və prezidentə “Ncmdin Sadııkov” kimi təqdim edib məsxərə obyektinə çevrilməzdi.
Ərazisinin 20 faizi işğal olunan Azərbaycan Respublikası dövlət qurucuğulunun elə bir mərhələsindədir ki, vəzifə, əsasən də geniş səlahiyyət sahibləri təpədən dırnağa qədər milli düşüncə ilə yoğrulmuşlar arasından seçilmədikcə, biz yabançı dildə danışıb yabançı dildə düşünənlərin dağıtdıqlarını düzəltmək üçün yenə onların rəhbərlik etdikləri sahələrdə dövlət quruculuğunu 0-dan başlatmalı olacağıq. Götürək elə Əbülfəz Qatayevin rəhbərlik etdiyi 27 illik Mədəniyyət Nazirliyində hansı daş o biri daşın üstündədir ki?
Bir ölkənin baş naziri, xarici işlər naziri, müdafiə naziri, Baş Qərargah rəisi, paytaxt İH başçısı… yüzlərlə yüksək mənsəb sahibi dövlət dilində danışa bilmirsə, onların bütün vurğuları Azərbaycanı 200 il işğalda saxlayıb, bu gün də müstəqilliyini nisbiləşdirmək üçün min tələ quran dövlətin dilindədirsə, dövlətimiz müstəqildir, suverendir, ərazimiz bütövdür –  deməyimizə hələ çox var.
Azərbaycan cəmiyyətinin ən böyük naqisliyi müstəqilliyin bərpasının 4-cü onilliyinə keçiddə “rusca baza təhsil gərəklidirmi” müzakirələrinin hələ də davam etməsidir. Biz hələ millət olaraq xarici dil bilməklə dövlət dilində təhsilin fərqini anlaya bilməmişiksə, başımız hələ çox çəkəcək. Siz dünyada dövlət dilində danışa bilməyənlərin ən yüksək postlara əyləşdirildiyi bir ölkə tanıyırsınızmı? Almaniyada almanca, Fransada fransızca, Yaponiyada yaponca, Çində çincə, Rusiyada rusca, Gürcüstanda gürcücə, Estoniyada estonca … bilməyən, özünü “baş kargax raısı Ncmdin” kimi təqdim edən birinin dövlət vəzifəsində təmsil olunduğunu təsəvvür edirsinizmi? Kimliyinə, dövlətinə sayğı duyan hər millət bunu özünə təhqir sayar. Bizim bu gün yaşadığımız bəladan bəlkə heç hakimiyyət uğrunda qəbilə savaşları bitməyən Afrika ölkələrində də yoxdur.
Bu gün ana dilinin qorunması ilə bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilir, Mətbuat Şurasına mediada dövlət dilinə nəzarət funksiyası verilir. Əgər dövlət dilində adi ərizəni yaza bilməyən məmurlar cərimələnməyəcəksə, İnzibati Xətalar Məcəlləsinə “ölü dəyişiklik” etməyin heç bir mənası yoxdur. Mətbuat Şurasına gəlincə, öncə qurumdakı “çamadan ovqatı”nı aydınlaşdırmaq gərəkdir. Yarandığı gündən medianı çərçivəyə salmaqdan başqa bir işə yaramayan Mətbuat Şurasına bir də polis funksiyası vermək, təməlində azadlıq dayanmasa məhv olacaq medianın gələcəyi üçün yaxşı heç nə vəd eləmir.

Dil bir millətin varlığı kimi, mədəniyyətinin ən böyük faktorudur. Ölkənin mədəniyyət siyasətindən sorumlu olsa da “şəhid“lə “şahid”in fərqini bilməyən Əbülfəz Qarayevdən qurtulmağımız sevindiricidir, amma onu əvəz edəcək şəxsin kimliyi hələlik bilinmədiyindən “milli” mədəniyyət naziri məsələsində irəliyə addım atıb-atmayacağımız haqqında bir söz deyə bilmirik.
Mədəniyyət naziri öz yerində, Azərbaycanda dövlət dilinin keşiyində dayanmalı olan bir nömrəli dövlət qurumu Təhsil Nazirliyidir. Çünki Azərbaycan Respublikasının sabahkı vətəndaşlarını yetişdirmək məsuliyyəti birbaşa TN-nin görəvidir. COVİD-19-un yaratdığı və hələ bir neçə ay da davam edəcək fasilədə nazir Ceyhun Bayramovdan gözlənilən rus sektorlarının genişləndirilməsi ilə bağlı pilot layihə adlı dövlətin bugününə deyil, gələcəyinə də balta çalan pilot layihələri dayandırması, rus dili bölmələrində Azərbaycan dili, ədəbiyyatı, tarixi fənlərinin artırılması, ali təhsil pilləsində Azərbaycan tarixi fənninin ixtisara salınması kimi düşmən planını ləğv etməsidir. Dilindən, ədəbiyyatından, tarixindən xəbərsiz, “mən ana dilini pis bilir” deyən gənclikdə nə milli qürur, nə milli düşüncə ola bilər. Beləsini köləyə çevirmək Azərbaycanla bağlı işğalçı siyasətindən bir an əl çəkməyənlər üçün o qədər asandır ki… Görmürsünüz ki?

Aygün MURADXANLI

 


Geri qayıt