Əsas Səhifə > Slayd > Əli İnsanov – Ramiz Mehdiyev İTTİFAQI: Hikkəli və qisasçı

Əli İnsanov – Ramiz Mehdiyev İTTİFAQI: Hikkəli və qisasçı


15-09-2020, 21:08

Əli İnsanov – Ramiz Mehdiyev ittifaqı: Hikkəli və qisasçı cəhdlər…

Sabiq səhiyyə naziri Əli İnsanovla AMEA prezidenti Ramiz Mehdiyevin iqtidara qarşı birləşdikləri yönündə iddialar səslənməkdə davam edir. 

“Yeni Sabah” bildirir ki, keçmiş nazir bu iddianı təkzib etsə də, sabiqlərin hakimiyyətin yeni siyasi elitasına qarşı maraqlarının bir olduğu görünməkdədir. 

Napoleonun “Düşmənimin düşməni mənim dostumdur” yanaşmasına uyğun olaraq vaxtilə iqtidarın ən ambisioz və odioz fiqurları sayılan  İnsanovla Mehdiyevin müttəfiqliyi gözləniləndir. 

Amma bu ahıl sabiqlərin hakimiyyətdən nə istədikləri, hansı zərbəni vurmaq, təzyiq göstərmək imkanları olduğu məlum deyil. 

“Yeni Müsavat” yazır ki, əlbəttə, R.Mehdiyevin uzun illər yüksək post tutması və iqtidar kluarlarında baş verənləri dərindən bilməsi ona informativ üstünlük qazandırır. 

Amma istər Mehdiyevə, istər İnsanova cəmiyyətdəki patoloji münasibət göz qabağındadır, yəni onların hansısa addımları, çıxışları ikrah hissi doğurur, rəğbətlə qarşılanmır. 

O baxımdan xalqdan dəstək alaraq iqtidara təhlükə yaratmaları inandırıcı görünmür. Sabiqlərin son davranışları yalnız ixtiyar adamların hikkəli, qisasçı cəhdlərinə oxşayır. 

Təhlilçilərin fikrincə, Mehdiyev - İnsanov tandemi latent şəkildə mümkündür. Hər iki fiqur aşkar ittifaq nümayiş etdirmədən yeni komandanın fəaliyyətinə əngəl olmağa, gözdən salmağa çalışa bilər.

Yeri gəlmişkən, bu ilin iyununda Xural.TV-yə müsahibədə İnsanov Mehdiyevin şəninə tərif yağdırmışdı. Analitiklər həmin müsahibəyə istinad edərək onların bir araya gəlməsini istisna etmirlər. 

Nəzərə alsaq ki, İnsanov və Mehdiyev müəyyən bir regional kontingenti öz ətraflarında cəmləyə bilərlər. Amma nə dərəcədə təhlükəlidirlər, revanş mümkündürmü - bunu söyləmək çətindir. 

Ötən həftə isə İnsanov “Amerikanın Səsi”nə müsahibəsində Mehdiyevin təhqir olunduğunu söyləyib və onu ürəkləndirməyə çalışıb: “O qandallar onun yaxın qohumlarına yox, Ramiz Mehdiyevin bu yaşda, ahıl yaşında onun özünə vurulmuş qandallardır. Buna qarşı Ramiz Mehdiyev dözməməlidir. O öz fikrini söyləməli, mübarizəsini dərinləşdirib, genişləndirməlidir”.

Bir sözlə, sabiq nazir akademikə ismarış verir, istiqamət göstərir, sətiraltı da olsa birgə mübarizəyə səsləyir. Əslində hər şey karantində toy keçirilməsi ilə alovlandı. 

Mehdiyevin nəvəsinə toy etməsi və qanunu pozması, kürəkəni ilə qudasının həbsi AMEA prezidentini açıq şəkildə danışmağa vadar etdi.

Ondan sonra akademik onu tənqid edənləri məhkəmə ilə təhdid etdi, “qara siyahı” yaydı, hədə leksikonuna keçdi, nankorluqdan, nanəciblikdən danışmağa, irəli çəkdiyi adamların dönük çıxmasını dilə gətirməyə başladı. 

REAL Partiyasının icraçı katibi Natiq Cəfərli “Yeni Müsavat”a bildirib ki, Azərbaycan reallığında hər şey mümkündür: 

“Son 20-25 ildə hər hansı birliklər ideoloji olmayıb, şəxslər üzərində qurulub. Amma belə birliyin cəmiyyət tərəfindən normal qarşılanacağını gözləmirəm”. 

Partiya funksioneri İnsanov-Mehdiyev ittifaqının ölkədə keyfiyyət dəyişikliyinə gətirib çıxaracağını düşünmür: 

“Şəxsi hədəflər, ambisiyalar ola bilər. Amma xalq tərəfindən xoş qəbul edilməyəcək. Onların vəzifədə olarkən fəaliyyəti göz qabağındadır.

Sadəcə, bizdə ənənə var ki, kiminsə əleyhinə birliklər formalaşır. Dünya siyasətində isə birliklər nəyinsə lehinə formalaşır.  Məsələn, biz seçkilərdə qalib gəlmək istəyən partiyayıq. Amma kimsə qisasçılıqdan mübarizə aparırsa, onun ölkəyə heç bir faydası dəyə  bilməz". 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun bildirdiyinə görə, Əli İnsanov son müsahibəsində hakimiyyəti yenə sərt tənqid edib: 

“Ramiz Mehdiyev Əli İnsanova qoşularsa, hakimiyyəti daha çox qəzəbləndirəcək. Hakimiyyətin düşünən beyinləri onsuz da hazırda Ramiz Mehdiyevin Elmlər Akademiyasından uzaqlaşdırılması üzərində müxtəlif planlar qurur, onun mövqelərini zəiflətməyə çalışırlar. 

Ramiz Mehdiyev özünün mütəmadi açıqlamaları vasitəsilə təslim olmadığına görə və müəyyən güclərə arxayın olduğundan onun akademiyadan uzaqlaşdırılması zaman tələb edir. 

Ancaq əgər o, Əli İnsanova qoşulduğunu elan edərsə, Ramiz Mehdiyevin siyasi sonu tezləşəcək. Hakimiyyət Əli İnsanov - Ramiz Mehdiyev tandeminin formalaşmasına imkan verməyəcək". 

Politoloq R.Mehdiyevin təslim olmasa da, müxalif quruma qoşulacağını zənn etmir: “Ramiz Mehdiyev karyerası boyunca özünü qorumağa çalışıb. Karyerist fiqurun siyasi mübarizəyə qoşulması ehtimalı yüksək deyil”.

Vitse-spiker Adil Əliyev isə sentyabrın 14-də Ovqat.com-a deyib ki, R.Mehdiyevin verdiyi açıqlamanın arxasından niyə qaçdığı aydın deyil: 

“Adama deyərlər ki, kimlərinsə respublikadan baş götürüb qaçmasına səbəb olacaq o faktlar səndə nə gəzir? Belə çıxır ki, o cinayətləri həmin ünsürlərlə ya bərabər həyata keçiribsən, ya da onlara himayədarlıq etmisən. Yox, əgər bunların heç birini etməmisənsə, niyə indiyə qədər susmusan? Niyə hüquq-mühafizə orqanlarını bu barədə məlumatlandırmamısan? 

Elə bu faktın özü Ramiz Mehdiyevin cinayətkarlara himayədarlıq etdiyinin sübutudur. Çünki cinayətə göz yummaq da o cinayətdə iştirak etmək deməkdir".


Geri qayıt