Əsas Səhifə > Slayd > BAKIDA QANUNSUZ PARKİNQ QALMAQALI - BNA-nın ittiham etdiyi

BAKIDA QANUNSUZ PARKİNQ QALMAQALI - BNA-nın ittiham etdiyi


2-05-2021, 11:58

Bakı Nəqliyyat Agentliyi (BNA) bəyan edir ki, bir neçə ildir Bakıda qanunsuz parkinq xidməti göstərilir, milyonlarla gəlir əldə edilir və aidiyyatı dövlət qurumları buna qarşı heç bir tədbir görmürlər.

İki gün əvvəl adıçəkilən qurumun İdarə Heyətinin sədri Vüsal Kərimov növbəti dəfə bildirib ki, paytaxtda parklama xidmətinin tarifləri Nazirlər Kabineti tərəfindən təsdiq edilmir. Bu xidmətin göstərilməsi və qazanc əldə edilməsi qanunsuzdur. BNA rəhbəri vurğulayıb ki, "parkovşik" adlanan şəxslərin onlara yaxından-uzaqdan aidiyyatı yoxdur.

"Bu gün Bakı şəhərində kim 1 manatı elə belə yığa bilər? Onların arxasında müəyyən himayədarları var”,- deyə V. Kərimov deyib.

 

 

Xatırladaq ki, 4 il əvvələ qədər Bakıda parklama xidməti ilə Bakı Şəhər İcra Hakimiyyəti məşğul olub. Xidmətin təşkili üçün şəhərin müxtəlif yerlərində müasir ödəniş aparatları da quraşdırılmışdı.

Amma BNA yaradıldıqdan sonra bu xidmətin göstərilməsi Agentliyə həvalə edildi. Agentlik isə tariflərin müəyyənləşdirilməsi üçün Nazirlər Kabinetinə müraciət edib. Amma 4 il keçməsinə baxmayaraq, heç bir addım atılmayıb.

Bu müddət ərzində şəhərdə avtoparkinq xidməti dayanmayıb. Xidmət üzərlərində "Çinar Avtoparkinq" MMC-nin vəsiqəsini daşıyan şəxslər tərəfindən həyata keçirilir.

Onlardan biri "AzPolitika.info"-nun əməkdaşı ilə söhbətində bildirib ki, adıçəkilən MMC-nin işçisidir, ayda 400 manat əməkhaqqı alır: "Bakının bütün rayonlarında xidmət göstəririk, biz ərazi üzrə rəisə tabeyik, o da rəhbərliyə. Hər gün topladığımız pulu təhvil veririk. Səhər saat 8-dən 18:30-a qədər fəaliyyətdəyik. Topladığımız puldan yemək pulu da çıxılır".

 

 

"Çinar Avtoparkinq" MMC-nin əməkdaşı daha sonra bildirib ki, konkret tarif yoxdur, kim nə versə götürürlər: "Əvvəllər saathesabı xidmət haqqı istəyirdik, amma narazılıq yarandı. Müdriyyət tapşırıb ki, sürücülərlə konfliktə gedilməsin, kim nə versə, qəbul edin. Biz də 20 qəpikdən 1 manata qədər pul alırıq. Bəzən səxavətli adamlar daha artıq verirlər".

Maraqlıdır, Bakı Nəqliyyat Agentliyinin "bata bilmədiyi", 4 ildir, şəhərdə qanunsuz avtoparkinq xidməti göstərdiyi iddia olunan "Çinar Avtoparkinq" MMC-nin sahibi kimdir?

Vergilər Nazirliyinin informasiya bazasında apardığımız araşdırma zamanı MMC haqqında maraqlı məlumatlar əldə etdik. Belə ki, "Çinar Avtoparkinq" MMC-nin (VÖEN 1306356451) qanuni təmsilçisi Qocayev Nizamı Mehralı oğludur. Nizamnamə kapitalı cəmi 10 manat təşkil edir, hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti ev 5 göstərilir. MMC 17.10. 2019-cu ildə dövlət qeydiyyatına alınıb.

MMC-nin təsisçisi haqqında internet resurslarında aparığımız araşdırma zamanı əksər mənbələr onun Daxili İşlər Nazirliyinin İstintaq İdarəsinin rəisi olmuş Nizami Qocayev olduğunu göstərir. 

 

 

O, 2000-ci ildə məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilib, 2002-ci ildə isə Prezident tərəfindən əfv olunub və daxili işlər orqanlarına bərpa edilib. Bundan sonra İsmayıllı rayon Polis İdarəsinin rəisi vəzifəsinə təyin edilib. 2016-cı ildən 2020-ci ilə qədər Gəncə şəhəri Ədliyyə Nazirliyi Regional İcra xidmətinin rəisi olub. Hazırda təqaüddədir.

Nizami Qocayev "AzPolitika.info"-ya açıqlamasında adıçəkilən MMC-nin rəhbəri olduğunu təsdiqləyib. O, bildirib ki, tamamilə qanun çərçivəsində fəaliyyət göstərirlər: "Bizim MMC-nin Bakıda 151 parklama yeri var. Yerli bələdiyyələrlə müqavilə bağlamışıq, hər ay onlara yerlərdən asılı olaraq, 4000, 3850, 2000 manat və s. vəsait ödəyirik. Dövlətin vergisini, DSMF ödənişlərini vaxtlı-vaxtında veririk".

Avtomobil sahiblərindən ödəniş haqlarının hansı tariflə alınmasına gəlincə, Nizami Qocayev bildirib ki, bunu bələdiyyələrlə öz aralarında müəyyən edirlər: "Burada hər hansı qanunsuzluqdan söhbət gedə bilməz. Bələdiyyələrlə müqavilələr bağlamışıq və onların bir surətini də yerli polis idarələrinə təqdim etmişik. Problem yaranan hallarda qanun çərçivəsində polisə müraciət edilir".

Nizami Qocayev həmçinin paytaxtda qanunsuz parklama yerlərinin olduğunu da vurğuladı. O, BNA rəhbəri Vüsal Kərimovun qanunsuz parklama ilə bağlı dediklərini isə şərh etmədi.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Vüsal Kərimovun yuxarıda qeyd olunan açıqlamasını şərh edərkən bildirib ki, artıq neçənci dəfədir, səlahiyyətli dövlət qurumu öz səlahiyyətlərini icra edə bilmədiyini açıqlayır.

 

 

Ekspert qeyd edir ki, qanunla BNA-ya verilmiş səlahiyyəti hansısa bir "X" şirkəti icra edir və pullar onun kassasına gedir: "Anlamıram ki, dövlət nəzarətinə cavabdeh şəxslər üçün, Prezidentin fərman və sərəncamlarının icrasına nəzarət edənlər üçün daha hansı mesajlar verilməlidir. Təsəvvür edin ki, real fəaliyyət göstərən parklama infrastrukturu var, xidmət göstərilir və bununla bağlı pullar yığılır. Ən qəribəsi odur ki, bununla bağlı, bu məsələləri tənzimləyən hüquqi-normativ baza da var. Yalnız bir şey yoxdur. Nazirlər Kabineti parklama ilə bağlı tarifləri müəyyən etmir.

Güman ki, hansısa "ağır çəkililər" Nazirlər Kabinetinə təsir edə bilirlər ki, nə qədər imkan varsa, Prezidentin fərmanının bu hissəsi icra edilməsin, qanuni parklama tarifləri müəyyən olunmasın. BNA deyir ki, məhz bu səbəbdən də parklama ilə bağlı innovasiyalara əsaslanan normal bir sistem qura bilmirlər".

O. Gündüzün sözlərinə görə, əgər Prezident Administrasiyası, Nazirlər Kabineti bu məsələni həll edə bilmirsə, o zaman Prezidentin 2018-ci il 6 iyul tarixli fərmanına dəyişiklik edilsin və tariflərlə bağlı səlahiyyət elə BNA-nın özünə verilsin: "Bununla da ümid edirəm ki, 4 il davam edən problem həllini tapar".

 


Geri qayıt