Əsas Səhifə > Slayd > Regionda nə baş verir? – Sürətli prosesin

Regionda nə baş verir? – Sürətli prosesin


9-08-2022, 15:21

Regionda nə baş verir? – Sürətli prosesin pərdəarxası

“Zəngəzur məsələsinin intensivləşməsi məhz həmin məsələlərin öz həllini tapmasına bağlıdır”.

 

Bunu Yenisabah.az-a açıqlamasında politoloq Əziz Əlibəyli deyib. O, bir neçə gündür ki, Türkiyə, Rusiya, Azərbaycan və Ermənistan arasında dövlət rəsmilərinin telefon danışıqlarının səbəbini izah edib.

Ə. Əlibəyli bildirib ki, hazırda Azərbaycanın Ermənistanla sərhəd bölgələrinin təhlükəsizliyi məsələsi aktualdır:

“Gündəmi zəbt edən əsas məsələ Laçından ermənilərin çıxması və onların aqibəti ilə bağlı məsələlərin müzakirələridir.

Azərbaycanın hər zaman sülh və diplomatiya yolu ilə razılıq əldə etməsinin şahidi olmuşuq. Lakin 10 noyabr sazişinin öhdəlikləri yerinə yetirilməzsə Azərbaycan tərəfindən hərbi əməliyyatların keçirilməsi qaçılmazdır. Üçtərəfli razılaşmanın üzərindən artıq iki il keçib, lakin hələ də yerinə yetirilməyən müddəalar var. Buna görə də Qarabağda baş verən proseslərin dayanmadığnı müşahidə edə bilərik”.

Politoloq bildirib ki, Qarabağda keçirilmiş “Qisas” antiterror əməliyyatı proseslərin dayanmadığının sübutudur:

“Bu prosesləri biz belə oxumalıyıq: İlk olaraq ermənilərin daxildən çıxarılması, ikinci olaraq isə sərhədlərimizin möhkəmləndirilməsi. 

Bu iki istiqamətdə addımlar tam olaraq başa çatdıqdan sonra isə Zəngəzur məsələsi əsas planda olacaq.

Zəngəzur məsələsinin intensivləşməsi məhz həmin məsələlərin öz həllini tapmasına bağlıdır. Azərbaycanda proseslər hazırda hərbi və siyasi olaraq davam edir”.


Geri qayıt