Əsas Səhifə > Slayd > PƏRDƏARXASI... – Terrorun arxasında hansı məqsədlər

PƏRDƏARXASI... – Terrorun arxasında hansı məqsədlər


29-03-2023, 23:39

 

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafaya qarşı evinin qarşısında törədilən sui-qəsd hadisəsinin regionda hərbi-siyasi vəziyyətin gərgin dövrünə təsadüf etməsi diqqət çəkir. Hadisələrin gedişinə baxdıqda burada “təsadüf edib” ifadəsinin yerinə “deputata qarşı terror aktı planlaşdırılaraq həyata keçirilib” cümləsini yazmaq daha uyğun görünür. Əvvəlcə martın ayında baş verən olayların xronikasına baxaq;

Azərbaycan Müdafiə Nazirliyi Rusiya sülhməramlılarının dəstəyi ilə Qarabağdakı separatçı rejimə Ermənistandan gizli yollarla silah-sursat daşınmasını ifşa edən videolar yaydı;

Martın 25-də xüsusi təyinatlıların keçirdiyi əməliyyatla Laçın yoluna alternativ torpaq yollar nəzarətə götürüldü;

Rusiya Xarici İşlər Nazirliyi yenə saxtakarlıq edərək Azərbaycanı 10 noyabr bəyanatını pozmaqda günahlandırdı və silahlı qüvvələrimizi əvvəlki mövqelərinə qayıtmağa çağırdı;

Qorxuya düşən Xankəndidəki separatçı-cinayətkar rejim Azərbaycana qarşı silahlı müqavimət göstərcəklərinə dair gülünc açıqlama verdi;

İrandan Azərbaycana qarşı təhdidlər davam edir və Naxçıvan Muxtar Respublikası ilə sərhədlərin yaxınlığına yeni təlimlər üçün ordu hissələri cəmləşdirilməyə başlandı;

İran hərbi-siyasi rəhbərliyinə daxil olan şəxslər hədlərini aşaraq, Azərbaycanın ünvanına təhdid dolu bəyanatlar səsləndirdi, habelə dövlət sərhədinin üzrəində hərbi təyyarə manevr etdi;

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov İsrailə və Fələstinə səfərə gedib. Bu gün Təl-Əvivdə Azərbaycan səfriliyinin açılış mərasimi keçirilib. Xatırladaq ki, İran uzun illər Azərbaycanı bu addımı atmaqdan çəkindirmək üçün müxtəlif təzyiq üsullarına əl atıb;

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İran xüsusi xidmət orqanları ilə işbirliyində olan dəstəni ifşa edib. Onların ictimailəşdirilən ifadələrində Azərbaycanın dövlət xadimlərinə sui-qəsd hazırlıqları ilə bağlı etirafları yer alıb;

Martın 28-də Azərbaycan xüsusi xidmət orqanlarının yaradılmasından 104 il ötüb. DTX rəisi, general-polkovnik Əli Nağıyev təhlükəsizlik xidmətində çalışan əməkdaşlar qarşısında dünyada gedən və ciddi təlatümlərlə müşayiət olunan geosiyasi proseslərə toxunub.

O, Azərbaycana qonşu olan bəzi dövlətlərin hazırda respublikamızın təhlükəsizliyinə qarşı yönələn məkrli əməllərindən danışaraq qeyd edib ki, həmin dövlətlərin xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin və təxribatlarının qarşısı qətiyyətlə alınır və ölkəmizdə hökm sürən təhlükəsizlik mühiti daima etibarlı şəkildə qorunur.

Beləliklə, mənzərə aydın olur. Rusiya və İran bölgədə hərbi-siyasi balansın dəyişməsində qətiyyən maraqlı deyil. Cənubi Qafqazın ən böyük ölkəsi olan Azərbaycanın öz maraqlarını həyata keçirməyə çalışması regiona arxa bağçası kimi baxmağa öyrəşmiş dövlətlərin narahatlığına səbəb olur. Moskva və Tehran birmənalı şəkildə Qərbin Azərbaycan-Ermənistan münaqişəsinin həllinə nail olmasını istəmir.

Onların bütün təzyiqlərinə, hədə-qorxularına baxmayaraq, ABŞ və Avropa İttifaqı sülh prosesində təşəbbüsü ələ almağa nail olub. Bakı və İrəvan çətinliklə də olsa bu müstəvidə birbaşa müzakirə imkanı qazanıb. Vaşinqton və Brüssel səylərin nəticə verəcəyinə ümidlidirlər, apreldə hər iki ölkəyə Qərbdən yüksək səviyyəli səfərlərin təşkili də gözləniləndir.

Rusiyanın for-postu olan Ermənistan son aylarda Qərblə yaxınlaşma kursu götürüb, KTMT-nin hərbi təlimlərindən, onun hərbi qüvvələrinin ölkəyə gətirilməsindən imtina edib. N.Paşinyan hökumətinin martın 17-də Rusiya Prezidenti V.Putinin həbsinə sanksiya vermiş Beynəlxaq Cinayət Məhkəməsinin Roma protokolunu ratifikasiya etməyə cəsarət göstərməsi isə Moskvanın səbr kasasını daşırıb. Dünən artıq Gümrüdəki hərbi bazada təlimlərə start verilib, habelə xüsusi xidmət orqanlarının keçmiş zabitlərinin birləşdiyi təşkilat Paşinyana KTMT qüvvələrini ölkəyə gətirməyi tələb edən ultimatum ünvanlayıb.

Azərbaycanda millət vəkilinə qarşı terror aktının həyata keçirilməsinə ayrıca olay kimi yox, regionda gedən proseslər kontekstində baxmaq lazımdır. Özünü bölgənin ağası hesab edən ölkələr təzyiqlərin yeni fazasını işə salmaqla tələblərinin icra olunmasına cəhd edirlər. Eyni zamanda cəmiyyətdə çaşqınlıq, qorxu, dövlətimizin gücünə inamsızlıq yaratmaq məqsədi güdürlər.

Amma regionda gedən proseslər və dünya siyasətində baş verən qlobal dəyişikliklər bu cəhdlərin nəticəsiz olacağını deməyə əsas verir.  44 günlük Vətən Müharibəsi və ondan sonrakı proseslər Azərbaycanın artıq öz təhlükəsizliyini təmin etmək, xaricdən gələn təhdidləri dəf etmək gücünə malik olduğunu sübut edir. Onun Türkiyə, Pakistan, İsrail kimi müttəfiqləri isə bu təhlükəsizliyin qarantıdır.

Eyni zamanda İkinci Dünya Müharibəsindən sonra formalaşmış dünya düzəni artıq sıradan çxır, beynəlxalq münasibətlər sistemi yenidən qurulur. Rusiya və İran kimi ölkələrdə sivil dünyaya müharibə elan etmiş rejimlərin heç bir perspektivi yoxdur və yaxın tarixdə onların demontajı qaçılmazdır. Bu, Cənubi Qafqazda olan münaqişələrin həllinə, regiondakı ölkələrin sivil dünyaya inteqrasiyasına şərait yaradacaqdır.  /“AzPolitika.info*


Geri qayıt