Əsas Səhifə > Slayd > “Türk milləti dünyaya nümunəvi demokratiya dərsi keçdi və ...”

“Türk milləti dünyaya nümunəvi demokratiya dərsi keçdi və ...”


15-05-2023, 12:24

21 il ara vermədən hakimiyyətdə olmaq, bu müddət ərzində bütün bələdiyyə, parlament və prezident seçkilərində birinciliyi saxlamaq, mürəkkəb coğrafi regionda yerləşməsinə və ölkə daxilində çətin ictimai və siyasi şərtlərin mövcud olmasına baxmayaraq pluralist, demokratik cəmiyyəti qorumaq, ədalətli seçki təşkil etmək və iqtidarda olduğu üçüncü onillikdə bütün xarici və daxili güclərə qalib gələrək 50% ətrafında səs qazanmaq dünya siyasi tarixində mühüm nailiyyət və öyrənilməsinə ehtiyac olan ciddi və çox maraqlı təcrübədir.

Artıq seçki qutularının 95,09 faizindəki nəticə bəllidir:
-Rəcəb Tayyib Ərdoğan: 49,52%
-Kamal Kılıçdaroğlu: 44,76%
- Sinan Oğan: 5,28%
Eyni zamanda 14 may seçkilərində 600 yerlik parlamentdə də çoxluğu "Cumhur İttifaqı" qazanıb. 267-si AK Partiyadan, 51-i MHP-dən, 5-i isə YRF-dən olmaqla iqtidar bloku 323 millət vəkilinə sahib olaraq TBMM-nin yarıdan çoxuna nəzarət edəcək.
"Millət İttifaqı"nın liderləri 60% yaxın səslə prezident seçkilərini, 360-dan çox deputat mandatı ilə isə parlament seçkisini qazanacaqlarını və mayın 14-də Ərdoğan iqtidarının başa çatacağını bəyan edirdilər. Bu sayla parlamentdə çoxluq əldə edərək Konstitusiyanı dəyişərək gücləndirilmiş parlament sisteminə qayıdacaqlarını deyirdilər. Adıçəkilən bloka daxil olan İYİ Partiyanın sədri Meral Akşener az qala hər müsahibədə, mitinqdə özünü gələcək "baş bakan" kimi təqdim edirdi. Amma seçki nəticəsinə görə bu 6 partiya cəmi 216 millət vəkili yeri qazana bilib. Bu, göstərici müxalifətin 21 ildir hakimiyyətdə olan və yorulduğu deyilən siyasi qüvvəyə məğlub olduğunun açıq sübutudur. Pkk terror təşkilatının siyasi qanadı olan YSP 58, onun müttəfiqi TİP isə bu seçkidə 3 millət vəkili yeri əldə edib. Ümumilikdə müxalifət 277 mandat qazanıb ki, bu da gözləntilərdən xeyli aşağı nəticədir.
Bu seçkilərin sürpriz nəticəsi sabiq millət vəkili, "ATA İttifakı"nın prezidentliyə namizədi Sinan Oğanın topladığı səs faizi oldu. 2.822.000 səs Sinan Oğanın seçki strategiyasının uğurlu olduğunu və seçicilərin önəmli bir qisminin sosial və siyasi tələblərini qarşılamağı bacardığını göstərir. II turun nəticələrinin müəyyənləşməsində də həlledici rolu S.Oğan oynayacaq.
Beləliklə, prezident seçkisinin l turu baş tutmasa da türk milləti dünyaya nümunəvi demokratiya dərsi keçərək mövcud çoxillik hakimiyyətin davam etməsi qərarını təzələmiş oldu. 14 may seçkilərinin nəticəsi R.T.Ərdoğan başda olmaqla "Cumhur İttifaqı" üçün ciddi uğurdur.

347098751_269736102144035_4129064501013631879_n.jpg (27 KB)

Ölkə xaricində yaşayan seçicilərin səsləri də tam hesablandıqdan sonra prezident seçkisinin l turunun baş tutmadığı dəqiq məlum olacaq. Namizədlərdən heç birinin 50+1 nəticəni göstərə bilmədiyi dəqiq məlum olacağı halda 15 gün sonra prezident seçkilərinin ll turu keçiriləcək. İkinci turda "ATA İttifaqı"nın və Sinan Oğanın R.T.Ərdoğanı dəstəkləmə ehtimalı daha yüksək qiymətləndirilir.
Seçicilərin mövcud sosioloji bölgüsü, siyasi mənzərənin təhlili R.T.Ərdoğanın seçkinin II turunun da qalibi olacağını göstərir. Bütün hallarda Azərbaycan üçün dinamik inkişaf edən, milli hədəflərinə doğru inamla irəliləyən və türk dünyasının biriliyini prioritet sayan güclü Türkiyənin olması çox vacibdir.

Elməddin Behbud

Jurnalist, Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyinin (DANİB) sədri



 


Geri qayıt