Əsas Səhifə > Slayd > QAZ və İŞIQLA BAĞLI AYLIQ SABİT TARİF OLACAQ - Nazir müavini

QAZ və İŞIQLA BAĞLI AYLIQ SABİT TARİF OLACAQ - Nazir müavini


Dünən, 16:46

"Qaz təchizatı haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı energetika nazirinin müavini Orxan Zeynallı deyib ki, qazla əlaqədar sabit tarifin tətbiqində əsas məqsəd xidmətin keyfiyyətinin artırılmasıdır.

O bildirib ki, aylıq sabit tarif hər bir abonent üçün 1 manatı aşmayacaq.

Nazir müavini qeyd edib ki, bu, tariflərin artırılması hesabına deyil, mövcud istehlak tarifinə çəkilən xərclərin xarakterinə uyğun olaraq strukturlaşdırılması hesabına olacaq: “Eyni zamanda, bu yenilik “Elektroenergetika haqqında” qanun layihəsində təsbit olunub. Sabit tarifin tətbiqi hər ay elektrik enerjisi haqqını ödəyən istehlakçılar üçün tarif yükünün cüzi də olsa azaldılması üçün müəyyən iqtisadi zəmin yaradacaq. Sabit tarifinin maliyyə tutumu məsələsinə gəlincə, hesablamalarımıza görə, bu məqsəd üçün nəzərə alınan faktiki xərclərin həcmi ümumi xərclərin həcminin 2 %-dən aşağı hesablanıb. Sabit tarif səviyyəsi hər bir abonent üzrə aylıq 1 manatı aşmayacaq”.

***

Qaz təchizatı sektorunda tənzimlənən qiymətlər (tariflər) müəyyənləşir, bu sıraya sabit tarif daxil edilir.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Qaz təchizatı haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, qaz təchizatı sektorunda tənzimlənən qiymətlər (tariflər) 2028-ci il iyulun 1-dən tənzimləyici tərəfindən müəyyən ediləcək və onun rəsmi internet saytında dərc olunacaq.

Qaz təchizatı sektorunda tənzimlənən qiymətlər (tariflər) aşağıdakılardır:

- qazın topdansatış tarifləri;

- qazın nəqli tarifləri;

- qazın saxlanması xidmətlərinin tarifləri;

- qazın paylanması tarifləri;

- istehlakçılara qazın pərakəndə satış tarifləri;

- qazın nəqli şəbəkəsinə qoşulma xidmətlərinin qiymətləri;

- qazpaylayıcı şəbəkəyə qoşulma xidmətlərinin qiymətləri;

- sabit tarif.

Sabit tarif qazın istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif element olacaq.

Qaz təchizatı sektorunda qiymətlərin (tariflərin) müəyyən olunması zamanı nəzərə alınmalı olan itkilər sistem operatorlarının qaz itkilərinin hesabat dövrü üçün normativ göstəricilərinin müəyyənləşdirilməsi qaydalarına uyğun olaraq hesablanacaq. Qaz təchizatı subyektləri və onlarla istehlakçılar arasında qarşılıqlı hesablaşmaların aparılması məqsədilə qazın ölçülməsi ilə bağlı məsələlər kommersiya uçotu qaydaları ilə tənzimlənəcək.

Keçid maddələrinə əsasən, qazın topdansatış, nəqli, saxlanması xidmətləri, istehlakçılara pərakəndə satış, qazın nəqli şəbəkəsinə qoşulma xidmətləri, və qazpaylayıcı şəbəkəyə qoşulma xidmətlərinin qiymətləri, o cümlədən sabit tarif bu qanunun qüvvəyə mindiyi gündən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tənzimlənəcək. Qazın paylanması tarifləri isə 2027-ci il yanvarın 1-dən 2028-ci il iyulun 1-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tənzimlənəcək. Qeyd edilənlər nəzərə alınmaqla, tənzimləyicinin səlahiyyətləri 2028-ci il iyulun 1-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçiriləcək.

Bununla bərabər, qaz nəqli sistem operatoru, qazpaylayıcı sistem operatoru və qazın saxlanması sistem operatoru, habelə topdan və pərakəndə qaz satıcıları tərəfindən tənzimləyiciyə tənzimləmə haqqı ödəniləcək. Tənzimləmə haqqının məbləği və ödənilmə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək və həmin məbləğ 2028-ci il iyulun 1-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına köçürüləcək.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.


Geri qayıt